Türkiyədə tapılan və 3 ölkəni qatan rus polkovnik – Erməni izi

0
648

Türkiyənin Ərdahan vilayətində tapılan və rus polkovnik Karl Karloviç Rjepetskiyə aid olan meyitin hansı ölkəyə verilməsi hələ də həll edilməmiş məsələ olaraq qalır. Polşa Rjepetskinin polşalı olduğunu əsas gətirərək, meyitin özlərinə verilməsini tələb edir. Rusiya isə Rjepetskinin doğulduğu ərazilərin həmin vaxt Rusiya İmperiyasının tərkibində olduğunu xatırladır. Uzun müddətdir ki, 3 ölkə – Türkiyə, Polşa və Rusiya Rjepetskinin meyiti ilə bağlı müzakirələri davam etdirir.

Kult.az meyiti Polşa ilə Rusiya arasında gərginliyə səbəb olan Karl Karloviç Rjepetski haqda məlumatı təqdim edir:

Rusiya arxivlərinə görə, Polşa əsilli Karloviç Rjepetski 1847-ci ildə Estoniyanın paytaxtı Tallində anadan olub. Polşanın Varşava şəhərində hərbi məktəbdə təhsil alıb.

O, 1875-ci ildə Türküstana göndərilib və buradakı Daşkənd Quberniya Taborunda uzun illər hərbi xidmət keçib. Rjepetski müəyyən müddət Sibirdə də hərbi xidmətdə olub. 1891-ci ildə Birinci Türküstan Topçu Taborunda polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Ölümündən iki il əvvəl – 1892-ci ildə Türkiyənin Ərdahan vilayətinə göndərilib. Burada Birinci Qafqaz Korpusunun 20-ci piyada diviziyasında xidmət edib.

Rjepetski 1894-cü il noyabrın 12-də Ərdahanda vəfat edib.

Həmin dövrdə Ərdahanda Roma Katolik Kilsəsi olmadığı üçün polkovnik Erməni Katolik Kilsəsinin dəfn mərasimi ilə basdırılıb. Erməni kilsəsi onun ölüm sənədini həm rus, həm də erməni dilində yazıb. Sənəddə onun beyninə qan sızması nəticəsində vəfat etdiyi bildirilib.

Məlumata görə, Rjepetskinin 1883-cü ildə Mariya və 1885-ci ildə Yelena adlı iki qızı dünyaya gəlib. Onun ölümündən sonra həyat yoldaşı və qızları Tiflisdə, daha sonra Moskvada yaşayıblar.

Qeyd edək ki, ötən ilin aprelində Türkiyənin Ərdahan vilayətində inşaat işləri zamanı tapılan cəsədin əvvəlcə çar ordusunun generalı Vasili Geymana aid olduğu iddia edilsə də, sonradan polkovnik-leytenant Karl Karloviç Rjepetskiyə məxsus olduğu üzə çıxmışdı.

BIR CAVAB BURAXIN