“The Associated Press” agentliyi xəbər verir: “Türkiyənin “Anadolu” dövlət informasiya agentliyinin orduda adının açıqlanmasını istəməyən mənbəyə istinadən verdiyi məlumata əsasən, dövlət çevrilişinə cəhdin təşkilatçısı polkovnik Muharrem Kösedir”.
Qiyamçı əsgərlərə rəhbərlik etməkdə Köseyə polkovnik Mehmet Oğuz Akkuş, mayor Erkan Aqın və polkovnik-leytenant Doğan Uysal köməklik göstəriblər.
Bu yaxınlarda Köse Silahlı Qüvvələrin Baş Qərargahının hüquq məsləhətçisi vəzifəsindən kənarlaşdırılmışdı.
Qeyd edək ki. bu dəqiqələrə qədər qiyamda iştirakına görə 754 hərbçinin həbs edildiyi məlumdur.
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib.
Türkiyə mediası bildirir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat verib.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu qeyd olunur.
***
Türkiyənin İstanbul və Ankara şəhərlərinin küçələri qan içindədir.
Bu dəqiqələrdə FoxTV-nin verdiyi xəbərə görə, Ankaranın Beştəpə məhəlləsində yerləşən prezident sarayına F-16 qırıcı təyyarələri tərəfindən iki bomba atılıb.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Dəqiqləşdirilmiş məlumata əsasən, bombalar prtezident sarayının yaxınlığındakı tanklara atılıb.
Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin İstanbul və Ankara şəhərlərinə bütün təyyarə reysləri ləğv edilib. Bu barədə APA-ya AZAL-dan məlumat verilib.
Məlumata görə, ləğv olunanlar 06.45-də reallaşmalı olan Bakı-İstanbul (Sabiha Gökçen havalimanı), 08.45-də yola düşməli olan Bakı-İstanbul (Atatürk hava limanı) və 09.10-da havaya qalxmalı olan Bakı-Ankara reysləridir.
İstanbul və Ankaradan Bakıya olan reyslər də ləğv edilib.
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycanın Türkiyədə 3 diplomatik nümayəndəliyi var. Azərbaycanın Ankarada səfirliyi, eləcə də İstanbul və Qarsda baş konsulluğu fəaliyyət göstərir.
Xatırladaq ki, dünən gecə bir qrup hərbçi Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərib, amma bunun qarşısı alınıb.