Türkiyə Xəzinəsi Azərbaycanlı rəssamın tablosunun eskizi əsasında gümüş pul buraxıb
Türkiyə Xəzinəsinin əskinas çap etmə və sikkə kəsmə İdarəsi Osmanlı dövründə dəniz qüvvələri komandanlarından Oruc Rəisin xatirəsini əbədiləşdirmək məqsədi ilə 20 türk lirəsi dəyərində gümüş xatirə sikkəsi buraxıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, gümüş sikkə İstanbuldakı əskinas çap etmə və sikkə kəsmə İdarəsi tərəfindən kəsilib. Oruc Rəis gümüş sikkəsi İstanbuldakı Yedditəpə universitetinin azərbaycanlı müəllimi, professor Rafiq Əzizin İstanbuldakı Dəniz muzeyində saxlanılan Oruc Rəis adlı tablosunun eskizi əsasında buraxılıb. Professor Rafiq Əziz APA-ya açıqlamasında deyib ki, bu, onun altıncı əsərinin eskizi əsasında dizayn edilərək buraxılan sikkədir. ”Sikkənin eskizinin yağlıboya orijinalı İstanbulun Beşiktaş rayonunda yerləşən Dəniz muzeyindədir. Bundan əvvəl isə UNESCO-nun mənim 3 əsərimi Türkiyəyə tövsiyə etməsindən sonra Xəzinə gümüş xatirə pulları buraxıb. Bu şəkildə əməkdaşlığı davam etdirəcəyik” – deyə professor Rafiq Əziz açıqlamasını bitirib.
Qeyd edək ki, 2017-ci ildə Türkiyə Xəzinəsinin İstanbuldakı əskinas çap etmə və pul kəsmə İdarəsi professor Rafiq Əzizin yağlıboya tablosunun eskizi əsasında Türk dənizçilik tarixinin məşhur komandanı Piri Rəisin adına gümüş xatirə pulu buraxıb. Türkiyənin Dəniz və Hava qüvvələri komandanlıqları ilə yaxından əməkdaşlıq edən professor Rafiq Əzizin adı çəkilən hərbi qurumların sənət muzeylərində 150-dən artıq rəsm əsəri var.