TÜRKİYƏDƏ ORDU YENİDƏN ƏSAS GÜCƏ ÇEVRİLİR – PKK tam məhv edilir

0
631

Hökumət terrora qarşı mübarizədə ordunu gücləndirməyə çalışır

İyunun 13-də Türkiyənin Tunceli vilayətinin Ovacık rayonunda ədliyyə işçilərinin yaşadığı bina yaxınlığında terror törədilib. Minalanmış avtomobilin partladılması nəticəsində 3-ü ağır olmaqla 9 nəfər yaralanıb. Terror aktından dərhal sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisədən az sonra Tunceli bölgədə fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimi 1 həftə qüvvədə olacaq. Valiliyin yaydığı rəsmi açıqlamada ədliyyə işçilərinin yaşadığı xidməti bina qarşısında saxlanılan avtomobilin PKK terrorçuları tərəfindən partladıldığı, yaralanan 9 nəfərin həyati təhülkəsinin olmadığı bildirilir.

Eyni gündə Van vilayətində PKK terrorçuları ilə hökumət qüvvələri arasında toqquşma baş verib. Türkiyə mediası İpəkyolu rayonu Sebze Halı məntəqəsində baş verən toqquşma zamanı 3 PKK terrorçusunun öldüyünü, 1 polisin isə yaralandığını xəbər verir. Belə ki, polis ərazidə bir yük avtomobilini saxlatmağa çalışarkən atışma baş verib.
Qeyd edək ki, Türkiyədə PKK-ya qarşı hərbi əməliyyatlar getdikcə daha da sərtləşir. Cənub-Şərq vilayətlərində ordu qüvvələrinin hücumları qarşısında məğlub olaraq şəhərləri tərk edən PKK indi daha çox terror partlayışları və qəfil hücumlarla müqavimət göstərməyə çalışır. Bu səbəbdən də son həftələrdə daha çox cənub-şərq bölgələrində deyil, mərkəzi və şərq vilayətlərində terror hücumları baş verir. Minalanmış avtomobillər və ya polislərə qəfil hücumlar qeydə alınır.

Görünən odur ki, PKK konkret ərazidə ordu qarşısında məğlub olduğu üçün bu cür taktika dəyişməyə çalışır. Bununla da 90-cı illərdə olduğu kimi böyük bir bölgədə, gözlənilməyən ərazilərdə, dinc əhalinin yaşadığı məntəqələrdə terror törətməklə hökumət qüvvələrini yormaq, eyni zamanda yerli əhalini hökumətə qarşı narazı salmaq niyyətini həyata keçirməyə cəhd edir. Çünki uzun müddət davam edən bu savaş əhalini yorur, bölgədə həyatı dondurur.
Yeri gəlmişkən, bu günlərdə PKK-nın siyasi qanadı hesab olunan HDP-nin həmsədri Səlahəddin Dəmirtaş Avropa mətbuatına verdiyi müsahibədə Türkiyədə etnik münaqişənin çıxa biləcəyi xəbərdarlığını edib. Qeyd edək ki, Türkiyədə etnik münaqişənin olması üçün PKK çalışsa da, hətta Cənub-Şərq vilayətlərində antiterror əməliyyatları zamanı belə etnik qarşıdurma baş vermədi.
Ancaq Türkiyədə həm Suriyadan gələn terror təhlükəsi (İŞİD və digər qruplar), həm də içəridə PKK-nın aramsız terroru narahatlıq doğuracaq həddə çatıb. Bir neçə gün əvvəl yayımlanan Beynəlxalq Sülh İndeksində Türkiyə ötən ilki nəticədən daha 7 pillə geriləyərək 163 ölkə arasında 145-ci yerdə qərarlaşıb. Bu, böyük iqtisadi potensiallı turizm ölkəsi üçün narahatlıq doğuracaq nəticədir. Hökumət terrora qarşı mübarizədə yeni taktiki addımlar atmağa məcburdur.

Bu isə daha çox ordunun səlahiyyətlərinin artması ilə özünü göstərəcək. Belə ki, Müdafiə Nazirliyinin hazırladığı yeni qanun layihəsi Türkiyə Silahlı Qüvvələrinə bir sıra səlahiyyətlər verir. Antiterror əməliyyatları parlament qərarı ilə keçiriləcək, ordu komandanları əməliyyat prosesini idarə edəcək və bu zaman əlaqədar qurumlar, o cümlədən kəşfiyyat və digər güc strukturları orduya dəstək verəcək, lazımı məlumatla dərhal təmin edəcəklər. Terrorla mübarizə zamanı hökumət rəsmilərinin vurduğu ziyanlar dövlət tərəfindən ödənəcək və nəhayət ən önəmli məsələ, yaşayış məntəqələrində həyata keçirilən əməliyyatlar zamanı əməliyyatların gecikməsi təhlükəsi olduğu zaman əməliyyat-axtarış tədbiri məqsədilə evlərdə, iş yerlərində, digər qapalı məkanlarda axtarış aparmaq qərarını ordu komandanları verə biləcək.
Bu və digər dəyişikliklər ordunu əvvəlki qədər olmasa da, yenidən təsirli bir gücə çevirir. 
Görünən odur ki, artıq bu durumla hökumət də barışır və daha əvvəl aldığı səlahiyyətlərin bir qismini (hələlik – K.R) orduya geri qaytarır. Belə aydın olur ki, hökumət PKK ilə problemi məhz silah gücünə həll etməyə çalışır. Bunun üçünsə yeganə güvənə biləcəyi qüvvə Türkiyə ordusudur. O da aydın olur ki, Ankara artıq hansısa sülh danışıqlarına getmək fikrində deyil. Görünür, vəziyyətin bu şəkli alması PKK liderlərini də narahat edir. Artıq təşkilatın atəşkəs təklif etdiyi xəbərləri də gəlir. Ancaq bu gündən sonra çətin ki, atəşkəs baş tutsun, daha ağır və üzücü savaş dönəmi başlayır.(musavat.com)

BIR CAVAB BURAXIN