Türkiyədə Ərdoğana qarşı yeni siyasi hərəkat yaradılır

0
591

Abdulla Gülün və Əhməd Davudoğlunun yeni təşkilat quracağı iddia olunur

Martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinin Türkiyə siyasi səhnəsinə bundan sonrakı dövrdə necə təsir edəcəyi son günlərin əsas müzakirə mövzularından birinə çevrilib.

Artıq qardaş ölkənin siyasi ekspertləri, həmçinin Azərbaycanda tanınmış siyasilər bu barədə ehtimallar səsləndirməyə başlayıblar.

Türkiyəli politoloq Fatih Altaylı bildirib ki, Ankara, İstanbul, İzmir və digər iri şəhərlərdə müxalifət partiyalarının bələdiyyə seçkilərində uğur əldə etməsi Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu da hərəkətə keçirib. O, keçmiş baş nazirin aktiv siyasətə qayıdacağını və yeni yaranacaq müxalifət partiyasına qatılacağını istisna etməyib: “Seçkilərin nəticələri yeni siyasi partiyaların yaranmasına yola aça bilər. Əhməd Davudoğlunun sürətli şəkildə hərəkətə keçəcəyi gələn məlumatlar arasındadır. Bu ay ərzində həmin cəbhədən sürətli həmlələr edilə bilər”.

Türkiye'de yeni parti Davutoğlu ile ilgili görsel sonucu

Politoloq yeni qurulacaq partiyada Davudoğlu ilə yanaşı keçmiş xarici işlər nazirləri Ali Babacan, Mehmet Şimşək, keçmiş daxili işlər naziri Bəşir Atalay, keçmiş idman naziri Suat Kılıç və digər sabiq dövlət rəsmilərinin yer alacağını iddia edib.

Fatih Altaylı yeni siyasi partiyanın rəhbər postuna Əhməd Davudoğlu və Ali Babacanın daha şanslı namizədlər olduğunu bildirib.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər ile ilgili görsel sonucu

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də hesab edir ki, seçkinin nəticələrinin Türkiyədə siyasi proseslərə təsir edəcəyi şübhəsizdir. AKP iqtidarının yuxarıda adı çəkilən keçmiş tanınmış simalarının, xüsusilə də keçmiş prezident Abdulla Gülün yeni siyasi partiya yaradıb-yaratmayacağından bir çox məsələlər asılı olacaq: “Əvvəla, Türkiyədə seçkinin bu cür nəticələnəcəyi gözlənilən idi. İkincisi, ümumiyyətlə, əgər ümumölkə miqyasında yanaşsaq, səslərdə ciddi bir dəyişiklik yoxdur. Sonuncu referendumda ”Cümhuriyyət” bloku nə qədər səs almışdısa, indi də bir o qədər səs qazandı. Eyni zamanda müxalifət bloku olan “Millət”in də səsləri böyük ölçüdə dəyişməyib. İri miqyasda elektoral bazada ciddi dəyişiklik yoxdur. Yəni tərəflər öz tərəfdarlarının sayını qoruyub saxlayıblar. İqtidar sənayeləşmiş böyük şəhərlərdə müəyyən dərəcədə zəifləyib. Amma əvəzində ölkənin cənub şərqində iqtidar səslərini artırıb. Burada əsas məsələ İstanbuldakı dəyişiklikdir. Fikrimcə, AKP-nin İstanbulda uduzmasının başlıca iki səbəbi var.

Birincisi, artıq 2002-ci ildən AKP iqtidardadır və burada müəyyən bir yorulmanın nəticəsi göz önündədir. İkincisi, mən burada suriyalı qaçqınlar faktorunu xüsusi qeyd etmək istəyirəm. Milyonlarla qaçqının İstanbul kimi meqapolisdə yerləşdirilməsi yerli əhalini yordu. Yerli əhali AKP-yə dəstəyini çəkməsə də bir sarı kart göstərdi. Üçüncü faktor isə iqtidara qarşı olan bütün qüvvələrin öz güclərini birləşdirməsi və təşkilatlanmalarıdır. Bu üç faktor İstanbulda AKP-nin yerli özünüidarəetməni əldən verməsi ilə nəticələndi. Bundan sonra AKP-yə siyasi basqılar bir qədər arta bilər. Bu, müvəqqəti xarakter daşıyacaq. Amma bir azdan xarici təzyiqlər artacaq. Daxildə də əsas faktor AKP-dən çıxan bir qrupun yeni partiya yaradıb-yaratmayacağından asılı olacaq. Mən burada keçmiş prezident Abdulla Gülün liderliyində bir partiyanın qurulub-qurulmayacağını nəzərdə tuturam. Gül yeni partiya qursa, Əhməd Davudoğlu, Ali Babacan və digər keçmiş hökumət üzvlərinin oraya cəmləşəcəyi gözləniləndir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”