İranla ABŞ arasında gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda bölgənin daha bir ölkəsində, Liviyada vəziyyət təhlükəli bir həddə çatmaqdadır. Buna da səbəb başda ABŞ olmaqla dünyanın yenidən bölüşdürülməsi ilə bağlı mübarizə aparan imperialist güclərin Liviyanın təbii sərvətlərindən pay almaq cəhdləridir. Bu isə öz növbəsində Liviyada iri dövlətlərin maraqlarının toqquşmasına səbəb olaraq adıçəkilən ölkənin iki cəbhəyə parçalanmasına gətirib çıxarıb.
Belə bir vəziyyətdə Türkiyənin Liviya münaqişəsinə cəlb edilməsi müəyyən qədər gözlənilən idi. Çünki Türkiyənin Liviyaya münasibətdə hələ Osmanlı dövründən başlayaraq öz iqtisadi və hərbi-strateji maraqları mövcud idi. Osmanlı 1912-ci ildə baş verən müharibədə Liviyanın müdafiəsinə yönələn addımlar atmışdı. Liviyanın son devrilən prezidenti Qəddafinin dövründə də bu ölkədə dinc quruculuq işlərində Türkiyə şirkətləri yaxından iştirak etmişdilər. Qəddafinin devrilməsindən sonra belə Türkiyə adıçəkilən ölkədə öz iqtisadi, siyasi və hərbi-strateji maraqlarını hər vasitə ilə qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə etməyə cəhd edirdi. Digər tərəfdən də Qəddafinin devrilməsindən sonra Liviyanın faktiki olaraq iki yerə parçalanması ölkədə hər an yeni müharibənin başlaya bilməsi təhlükəsini əmələ gətirməkdə idi. Bu baxımdan son dövrlərdə Liviyadakı qarşı duran tərəflər, general Xəlifə Həftərin başçılıq etdiyi “Liviya Milli Ordusu” (LMO) ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan Fayiz Sərracın lideri olduğu “Milli Razılaşma Hökuməti” (MRH) arasında münaqişənin son həddə çatması bölgə dövlətləri tərəfindən də narahatlıqla qarşılanmaqda idi. Faktiki olaraq BMT tərəfindən tanınmayan, lakin Rusiya, ABŞ, Fransa, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail tərəfindən dəstəklənən Həftər ordusunun “Milli Razılaşma Hökuməti” (MRH) üzərinə hücumlarının davam etməsi Türkiyənin bu münaqişəyə cəlb edilməsinə gətirib çıxardı. Türkiyə rəhbərliyi Liviyada öz iqtisadi, siyasi və hərbi maraqlarını qoruyub saxlamaq üçün hələ ötən ay dəfələrlə bəyan etmişdi ki, qanuni hökumət xahiş edəcəyi təqdirdə adıçəkilən ölkəyə öz hərbi qüvvələrini göndərəcək. Məhz belə bir xahiş edildikdən sonra Türkiyə parlamenti yanvar ayının 2-də səs çoxluğu ilə Liviyaya hərbi qüvvə göndərilməsi barədə qərar qəbul etdi. Əslində belə bir qərarın qəbul edilməsi də öncədən gözlənilən idi. Belə ki, hələ ötən ilin noyabr ayının 27-də Türkiyə ilə Liviya arasında beynəlxalq hüquqlar çərçivəsində “Təhlükəsizlik və Hərbi Əməkdaşlıq”, eyni zamanda “Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması”na dair memorandum imzalanmışdı. Bu anlaşma faktiki olaraq Türkiyəyə Aralıq dənizində öz ərazi sularına bitişik zonalarda sərbəst şəkildə neft-qaz axtarışlarını davam etdirməyə, həm də bölgədə ona qarşı çevrilən müttəfiq güclərə qarşı özünə etibarlı tərəfdaş tapmağa imkan verib. Təbii ki, bütün bunlar Türkiyə ilə Liviya arasında əldə edilən məlum anlaşmanı həzm edə bilməyən güclər tərəfindən maliyyələşdirilən Həftər qüvvələrinin “Milli Razılaşma Hökuməti” (MRH) üzərinə hücumlarının genişlənməsinə gətirib çıxardı. Nəticədə Liviyanın qanuni hökumətinin devrilməsi təhlükəsi əmələ gəldi və belə bir vəziyyətdə Türkiyənin qarşı tərəfin xahişi əsasında Liviyaya hərbi güc göndərməkdən başqa çıxış yolu qalmadı.
Ötən gün isə məlum olub ki, türk əsgərlərinin ilk dəstəsi artıq Liviyaya gəlib. Onların xüsusi təlim görmüş özəl güclərə mənsub olduğu bildirilir. Bununla bağlı mətbuata açıqlama verən Faiz Sərracın rəhbərlik etdiyi Milli Razılıq Hökumətinin nümayəndəsi Nasser Ammar bildirib ki, Türkiyə qoşunları gəldikdən sonra onlar Liviyadakı Həftər ordusuna çox böyük zərbə vura biləcəklər. Öz növbəsində türkiyəli hərbi ekspert Mete Yarar deyib ki, Liviyaya gedən hərbi komandanların 10 saniyə belə yatmağa vaxtı olmayacaq. O, Liviya hərəkatının “Sülh çeşməsi” əməliyyatından daha ağır keçəcəyini bildirib:
“Türkiyə müharibənin ortasında olmayacaq. Prezident də bunu bildirdi. “Sülh çeşməsi” əməliyyatından ən azı 3 dəfə ağır əməliyyatlar həyata keçiriləcək. Ora gedən komandanların 10 saniyə belə mürgüləməyə vaxtı olmayacaq”.
Təbii ki, Türkiyənin Liviyaya əsgər göndərməsi Həftərə dəstək verən Rusiya, ABŞ, Fransa, Misir, İsrail və digər ölkələr tərəfindən etirazlarla qarşılanıb. Məsələyə münasibət bildirən BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Türkiyənin Liviya Milli Razılıq Hökumətinə yardım etməsi ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib ki, xarici dövlətlər Liviyaya müdaxiləni dayandırmalıdırlar:
“Bu ölkə xarici müdaxilədən həddən artıq uzun müddət əziyyət çəkib. Liviyadan uzaq durun! Liviyada kifayət qədər silah var. Onlara artıq heç nə lazım deyil. Orada kifayət qədər muzdlu var, muzdlularınızı göndərməyi dayandırın. İstənilən cür xarici müdaxiləni dayandırın”.
Türkiyə qoşunlarının Liviyaya göndərilməsi ərəfəsində prezidentlər Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı da əsas müzakirə hədəfi Liviyaya türk qoşunlarının göndərilməsi olub. D.Tramp danışıq zamanı öz həmkarına xəbərdarlıq edib ki, Türkiyənin Liviyaya əsgər göndərməsi vəziyyəti daha da gərginləşdirə bilər. Avropa İttifaqı da bəyanat yayaraq Türkiyənin Liviyaya əsgər göndərməsinin yolverilməzliyini vurğulayıb. Türkiyənin Liviyaya öz hərbi güclərini göndərməsi son dövrlərdə Ankaranın əsas strateji müttəfiqinə çevrilməkdə olan Moskvada da narahatlıqla qarşılanıb. Rusiya Xarici İşlər nazirliyi bildirib ki, Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi bölgədə vəziyyətin daha da gərginləşməsinə yol açacaq və qarşıdurma təhlükəli həddə çatacaq.
Öz növbəsində Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov deyib ki, Türkiyə Liviyaya qoşun göndərməklə özünü çətin vəziyyətə salacaq.
Generalın sözlərinə görə, Türkiyənin Suriyadakı fəaliyyətini də nəzərə alsaq, bu, iki cəbhədə müharibə demək olacaq və üstəlik türk əsgər və zabitlərinin evdən kənarda vuruşmağa can atdıqlarını düşünmürəm.
Leonid İvaşov Liviyaya müdaxilənin Türkiyə üçün beynəlxalq səviyyədə də ciddi problemlər yaradacağını istisna etməyib:
“Türk müdaxiləsi türklər və ərəb dünyası arasında daha bir qlobal qarşıdurmaya səbəb ola bilər. Məsələn, Türkiyə qoşunlarının bu ölkəyə daxil olması vəziyyətində Misir və bölgənin digər dövlətləri Haftara hərbi dəstək verə bilərlər”.
Öz növbəsində politoloq Elxan Şahinoğlu Türkiyə parlamentinin Liviyaya hərbi yardım göndərilməsi ilə bağlı qərarını şərh edərkən deyib ki, Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir.
O bildirib ki, Liviyanın mərkəzi hökuməti Türkiyədən hərbi dəstək gözləyir:
“Müxalif general Həftərin hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır. Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir. Ankara Tripoliyə dəstək verəcək, əks halda Həftər Liviyada nəzarəti tam ələ keçirəcək. Belə olan halda isə Liviya Aralıq dənizində formalaşan antiTürkiyə blokuna (İsrail-Kipr Respublikası-Yunanıstan-Misir) qoşulacaq. Bu baş verməsin deyə, Türkiyə hərbi birliklərini Tripoliyə göndərir. Açıq demək lazımdır ki, Tripolidə türkiyəli hərbi mütəxəssislər indi də var, sadəcə, əlavə güc lazımdır”.
Ekspertin sözlərinə görə, Türkiyə Suriyadan sonra Liviyaya da hərbçilərini göndərməyə məcbur idi:
“Cümhuriyyət Xalq Partiyası Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edərək deyir ki, türk hərbçilərinin Suriyada və Liviyada nə işi var. Əlbəttə, Türkiyədə bu mövqeyi dəstəkləyənlər az deyil. Ancaq medalın başqa üzü də var. Türkiyə öz sərhədlərindən kənarda fəal olmasa, antitürk qüvvələr ətrafdakı boşluqları öz xeyirlərinə dolduracaqlar. Bu isə Türkiyənin bölgədəki imkanlarını məhdudlaşdıracaq. Avrasiya qaynayır, öz qınına çəkilən böyük güc demək olar ki, yoxdur”.İstənilən halda öncədən o da aydındır ki, Türkiyənin Liviyada münaqişəyə cəlb edilməsi Ankara ilə Həftəri dəstəkləyən ölkələr arasında münasibətlərin kəskinləşməsinə səbəb olacaq. Bütün bunların isə tərəflərə nə vəd edəcəyini öncədən söyləmək, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olduqca çətindir…
Emin Axund
Arazinfo.com