Türkiyə iqtisadiyyatı xaos içərisində

0
735

Türkiyədə iyunun 24-də keçiriləcək erkən seçkilər günü yaxınlaşarkən türk lirəsi dollara qarşı rekord dərəcədə ucuzlaşıb, inflyasiya isə ikirəqəmli ədədlə ölçülür.

İki aparıcı kredit reytinqi agentlikləri olan Fitch və Standard & Poor’s xəbərdarlıq ediblər ki, Türkiyənin suveren kredit reytinqinin mötəbərliyini sual altına alır.

Ölkə iqtisadiyyatı xeyli dərəcədə xarici kapitala bel bağlayır.

Milli valyutanın kəskin ucuzlaşması iri həcmlərdə xarici valyutada borclar alan bank və böyük şirkətləri çətin vəziyyətə salmaqla yanaşı, Türkiyədəki istehlakçıların da alıcılıq qabiliyyətini zəiflədəcək.

Türkiyə enerji idxal edən ölkədir. Türk lirəsinin son həftələr ərzində zəifləməsi yanacağa qiymətlərin artmasına, nəticədə isə, dolanışığın bahalaşmasına gətirib çıxaracaq.

Seçici kütləsinin dəstəyini qoruyub saxlamaq üçün hökümət seçkiqabağı dövrdə səxavətliliyini əsirgəməməyə çalışır. Vəd edildiyi kimi, təqaüd ödənişlərinə, vergi amnistiyası və ƏDV-nin endirilməsinə ayrılan xərclərin $5.6 milyarda çatması beynəlxalq kreditorları təşvişə salmağa yetər. Türkiyə iqtisadiyyatının qızdırmaya düşməsi çoxlarını artıq nigaran etməkdədir.

Lakin bazarlarda narahatlığa daha çox səbəb olan cənab Erdoğanın Türkiyənin monetar siyasəti barədə söylədikləridir.

Bundan əvvəl, may ayında Londona 3 günlük səfəri zamanı prezident Erdoğan böyük şirkətlərin yüksəkrütbəli təmsilçiləri, bankçılar və investorlarla görüşüb. O, eləcə də Bloomberg televiziyasına geniş müsahibə verib.

Türkiyənin Mərkəzi Bankının müstəqilliyi və artan institusional zəifliyindən narahat olanları sakitləşdirmək əvəzinə, cənab Erdoğan iyun seçkilərindən sonra monetar siyasət üzərində nəzarətini gücləndirəcəyini vəd edib.

Prezident Recep Tayyip Erdoğanın qeyri-adi iqtisadi baxışları, yüksək bank faiz dərəcələrini inflayasiyanın cilovlanması aləti yox, onun səbəbi sayması və faiz dərəcələrinin müəyyənləşdirilməsinə siyasi müdaxilənin artacağı perspektivi türk lirəsını dərhal aşırdı.

Londonda mənzillənən Bluebay Asset Management şirkətinin təhlilçisi Timothy Ash öz tvitində qeyd edib ki, Türkiyə Mərkəzi Bankının bazardan tamamilə çəkilməsi mandat və öhdəliyinin yerinə yetirilməməsi deməkdir.

Türkiyənin monetar siyasətinin tam xaos içərisində olduğunu qeyd edən təhlilçi daha sonra deyib:

“Bu insanların, özlərini bütün bazardan və iqtisadi ortodoksiyanın böyük çəkisindən daha ağıllı saymalarına inana bilmirəm. Onlar qəribə iqtisadi təcrübələr aparmaqla, necə deyərlər, yenidən təkər icad etməyə çalışırlar”.

Fitch kredit reytinqi agentliyi Türkiyəyə dair özünün sonuncu hesabatında qeyd edib: “Türkiyədə monetar siyasət uzun müddət siyasi məhdudiyyətlərə məruz qalıb, lakin mərkəzi bankın müstəqilliyinin aydın görünən məhdudlaşdırılması təhlükəsi siyasət səmərəliliyi və siyasətseçmə mühiti üçün riskləri artırır”.

Prezident və onun iqtisadi müşavirlərinin verdiyi bəyanatlar xarici investorları, göründüyü kimi, çətin vəziyyətə salır. Erdoğanın sadiq tərəfdarlarının iddia etdiyinə görə, Türkiyə, prezident müşavirlərindən birinin dediyi kimi, “qlobal imperializmin” maliyyə hücumuna məruz qalıb.

Ana müxalifətdən prezidentliyə namizəd Muharrem İnce günahı AKP hökümətində görür. O, Türkiyə institutlarına inamı bərpa edəcəyinə və xarici investorlara təminatların veriləcəyini vəd edib.

“Mərkəzi Bank müstəqil olmalıdır, digər iqtisadi qurumlara sərbəstlik verilməlidir. Qaydalar işləməlidir”, – o deyib.

Durmus Yilmaz, 2006-2011-ci illərdə Türkiyə Mərkəzi Bankının rəisi olmuş, hazırda isə yenicə təşkil olunmuş müxalifətçi IYI Partiyasının müşaviri bildirib ki, prezidentin riskli davranışı bilərəkdən edilir.

Cənab Yılmaza görə, cənab Erdoğanın istədiyi, yalnız onun özü kimi güclü liderin öhdəsindən gələ biləcək iqtisadi vəziyyətin pisləşməsindən elektoratın qorxmasıdır.

Geniş qəbul edilən monetar siyasətin sual altına alınmasının nə məqsədlə edilməsindən asılı olmayaraq, bir şey tam aydındır.

İyunun 24-də seçkiləri kimin qazanacağından asılı olmayaraq, Türkiyə cəmiyyəti tezliklə olduqca sərt bir iqtisadi qənaət proqramı ilə qarşılaşacaq.

İstanbulda mənzillənən bir broker şirkətinin müştərilərinə ünvanladığı səhər xəbərində qeyd olunduğu kimi, “Allah Türkiyəyə kömək etsin”.

Firdevs Robinson

BIR CAVAB BURAXIN