Türkiyə İncirlikdəki NATO bazasını bağlamağa hazırlaşır

0
873

 

İncirlik hərbi hava bazası

İncirlik hərbi hava bazası

Türkiyə prezidentinin sözçüsü bəyan edib ki, Ankara Adana vilayətində yerləşən İncirlik hərbi hava bazasını bağlamaq səlahiyyətinə malikdir.

“Biz həmişə demişik ki, belə bir hüququmuz var. Lakin dediyim kimi, biz əvvəlcə şərtləri qiymətləndirməliyik” – deyib İbrahim Kalın Türkiyənin Kanal 24 televiziyasına.

Anadolu agentliyi yazır ki, Kalının bu bəyanatı Ankaranın ABŞ koalisiyasının Suriyada İŞİD-ə qarşı əməliyyatlardakı rolunu sorğu-sual etdiyi vaxta təsadüf edib.

Kalın deyib ki, Türkiyənin Suriyanın əl-Bab şəhərini İŞİD-in əlindən almaq əməliyyatında ABŞ Ankaraya lazımi dəstəyi vermir.

“Türkiyə bu regionda terrorçu dəhlizin yaradılmasına yol verməyəcək” – deyib Erdoğanın köməkçisi.

ABŞ xüsusi qüvvələri kürdlərin YPG qrupunun daxil olduğu qüvvələri dəstəkləyir

ABŞ xüsusi qüvvələri kürdlərin YPG qrupunun daxil olduğu qüvvələri dəstəkləyir

Bir çox Qərb təhlilçiləri deyirlər ki, rəsmi Ankaranın “terrorçu dəhliz” dedikdə, “kürd dəhlizini” nəzərdə tutması sirr deyil. Bu mənada Türkiyə İŞİD-ə qarşı mübarizədə ABŞ-dan lazımi dəstəyi ala bilmədiyini deyəndə, təbii ki, kürd separatçılarla mübarizəni daha çox nəzərdə tutur.

Digər tərəfdən ABŞ PKK-nı terrorçu təşkilat saysa da, Suriya kürdlərinin YPG birləşmələrini İŞİD-ə qarşı ən səmərəli döyüş qüvvəsi hesab edir. Ankaranın fikrincə, YPG də PKK-nın tayıdır. Vaşinqton fərqli düşünür. ABŞ-ın mövqeyinə görə PKK kürdləri Türkiyənin, YPG kürdləri isə Suriyanın problemidir.

Məhz buna görə də Türkiyə ABŞ-dan öz istədiyi şəkildə dəstək almadığına görə narazıdır.

“Türk xalqı deyir ki…”

Yanvarın 4-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, ABŞ Fərat sipəri əməliyyatının keçirilməsində Ankaraya dəstək verməyib.

O həmçinin deyib ki, “türk xalqı ABŞ hərbçilərinin İncirlik bazasında davam edən mövcudiyyətinin lüzumluluğunu sual edir”.

Bununla belə Çavuşoğlu ABŞ-ın Türkiyənin “mühüm müttəfiqi” olaraq qaldığını deyib.

Suriyada Rusiyanın ixtiyarında olan Hmeymim bazası

Suriyada Rusiyanın ixtiyarında olan Hmeymim bazası

Qərb təhlilçiləri Çavuşoğlunun belə ehtiyatlı tənqidini Ankaranın düşdüyü qibtəolunmaz vəziyyətlə izah edirlər.

“The Guardian” yazır ki, “Hələbi Əsədə təhvil verəndən sonra əl-qolu açılmış Rusiya” indi öz bombardmançı təyyarələri ilə Türkiyənin əl-Bab əməliyyatını havadan dəstəkləyir. Bu Rusiyaya ABŞ-ı regiondan vurub çıxarmaq üçün lazımdır.

Təhlilçilərin fikrincə, Suriyada yaranmış Türkiyə-Rusiya alyansının limiti var və bu limit, çox güman əl-Babın İŞİD-dən təmizlənməsi ilə başa çatacaq.

Türkiyə rəsmiləri bildirirlər ki, Ankara və Moskva Suriyanın gələcəyini vahid dövlət şəklində görürlər və bu Türkiyənin siyasətinə cavab verir. Lakin Ankara bu “vahidliyə” Türkiyə və Kremlin yanaşmasındakı fərqin üstünü vurmur.

Suriya qazanı yenidən qaynayacaq?

Türkiyə Suriya ərazisində hər hansı kürd muxtariyyətinin yaradılmasını qeyri-mümkün hesab edir, Moskva isə bir neçə dəfə bildirib ki, Əsəd hökumətinin tabeçiliyində və “vahid Suriyada” milli azlıqların muxtariyyəti məsələsi müzakirə oluna bilər.

Rusiya bunu sadəcə olaraq demir, həm də konkret addımları ilə göstərir. Suriya kürdlərinin xəyali Rojava dövlətinin Moskvada qeyri-rəsmi nümayəndəliyinin olması buna parlaq misaldır.

Recep Tayyip Erdoğanın üzləşdiyi dilemma ağrılıdır.

Türkiyə qoşunları əl-Bab istiqamətində hərəkət edir

Türkiyə qoşunları əl-Bab istiqamətində hərəkət edir

Ankara yanvarın 4-də verdiyi bəyanatla ABŞ-ın yeni administrasiyasından Suriya kürdlərinə dəstək verilməməsini istəyib.

Donald Trump Suriyada Rusiyanın apardığı siyasəti dəstəklədiyini bildirib. Suriya kürdlərinin dəstəklənməsi də bu siyasətin içərisindədir.

Əksər ekspertlər hesab edirlər ki, bütün bu səbəblərə görə “Suriya qazanı” yanvarın 20-dən sonra yenidən qaynamağa başlayacaq.

Amma hələlik Ankara ABŞ-ı qorxutmaqda davam edir. Hürriyet qəzetinin yazdığına görə müdafiə naziri Fikri Işık İncirlik hərbi hava bazasının lazımlığı barədə sual verənlərə qoşulub.

ABŞ bildirib ki, onun İncirlikdəki pilotlu-pilotsuz təyyarələri Suriyada hava zərbələrini davam etdirirlər.

Amma görünür bu zərbələrin hədəfi Erdoğanın ürəyindən keçənlər deyil.

BIR CAVAB BURAXIN