Türkiyə bu azərbaycanlı qadından danışır

0
769

 

Türkiyə mətbuatı Kırklareli rayonunda 8 ildən çoxdur ki, iflic olmuş həyat yoldaşına körpə uşaq kimi qulluq edən Reyhan adlı azərbaycanlı qadın haqqında məqalə dərc edib. 2007-ci ildə ortaq dostları vasitəsilə tanış olub evlənən cütlük cəmi iki il xoşbəxt yaşaya bilib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2009-cu ildə iflic olan Fethi Koçər yataq xəstəsinə çevrilib.

Reyhan Koçer öz həyat yoldaşını çox sevdiyini, ölənə qədər ona baxacağını bildirib: “Həyat yoldaşım mənim hər şeyimdir. Həyatımız hər şeyə rəğmən, çox yaxşıdır. Mən ondan çox məmnunam və heç vaxt onu atıb getmərəm. Evlənərkən xoş gündə, pis gündə bir yerdə olacağımıza söz verdik. Həmişə yanında oldum, bundan sonra da yanında olacağam”.

O, ərinin xəstəliyindən sonra əksər tanışlarının ona ölkəsinə qayıtmağı məsləhət gördüklərini deyib. Lakin Reyhan Koçer sağlam vaxtında ailə qurduğu bu şəxsi xəstələndikdə tənha qoymayacağını bildirib: “Belə düşünənlər çoxdur ki, “başqa millətdəndir, qoyar gedər”. Amma mən onu atıb gedə bilmərəm. Mən bu insanla evlənəndə xəstə deyildi. Sonradan belə oldu, onu necə atıb gedim? Həm də mən artıq yad deyiləm, Türkiyə vətəndaşıyam. Türk bayrağının altında yaşamaqdan qürur duyuram. Fiziki qüsurlu insanlarla yaşayanlara da tövsiyəm odur ki, heç vaxt yaxınlarını tək qoymasınlar”.

Fethi Koçer də həyat yoldaşından çox razı olduğunu, onu çox sevdiyini söyləyib. “Allah həyat yoldaşımdan razı olsun. O mənə çox qayğı göstərir. Allah hər kəsə belə həyat yoldaşı qismət eləsin”, – deyə F. Koçer qeyd edib.

BIR CAVAB BURAXIN