Son günlər Azərbaycanda soğanın qiyməti sürətlə bahalanmaqdadır.
Artıq marketlərdə soğanın 1 kiloqramının qiyməti 1,5-2 manata kimi yüksəlib. Soğanın qiymətinin hansı səbəblərdən bahalandığı barədə fərqli fikirlər səslənir. Əsas səbəb kimi isə Türkiyəyə soğan ixrac göstərilir. Bildirilir ki, Türkiyədə soğanın qiyməti artdığı üçün Azərbaycandan bu ölkəyə soğan ixracı artıb və nəticədə daxili tələbat yüksəlib.
Bəs əslində necədir? Həqiqətən də Azərbaycandan Tükiyəyə soğan ixracı artıbmı və bu artım daxili tələbata təsir edə bilərmi?
Məlumat üçün bildirək ki, ötən ilin ilk 2 ayı ilə müqayisədə bu ilin ilk 2 ayında Azərbaycandan Tükiyəyə ixracın həcmi dəyər ifadəsində 3 dəfəyə yaxın artıb. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 92,9 milyon dollarlıq məhsul ixrac edildiyi halda, bu ilin yanvar-fevral aylarında bu göstərici 274,7 milyon dollar olub. Amma, bu cür kəskin artım soğanın hesabına olmayıb. Ötən ilin ilk 2 ayı ilə müqayisdə bu ilin ilk 2 ayında soğan da daxil olmaqla Azərbaycanın ümumi tərəvəz ixracı cəmi 5,1 milyon dollar artıb. İxrac olunan tərəvəz məhsullarının içərisində Türkiyəyə satılan soğanın payı göstərilməsə də, məlum olan odur ki, ümumi ixracda soğanın payı böyük deyil.
Əvvəlki ildə – 2018-ci ildə isə Türkiyəyə cəmi 334,2 ton soğan satılıb ki, bu da ümumi soğan ixracının cəmi 0,8%-nə bərabər olub. Ötən il Azərbaycanın soğan ixracı 40 686,8 ton olub.
Qeyd edək ki, ötən il Azərbaycanda soğan istehsalında kəskin azalma da olmayıb. Hətta rəsmi statistikaya görə, tərəvəz istehsalında 8,3%-lik artım olub.
Azərbaycanda soğan istehsalı hər zaman daxili tələbatdan yüksək olub. Son 2 ildə ixracın artmasının səbəbi də istehsalın artması ilə bağlıdır. Məsələn, 2016-cı illə müqayisədə 2017-ci ildə soğan ixracı 18 dəfə və ya 53 min ton artıb. Səbəb isə həmin ildə soğan istehsalının 29 min ton artması olub. Maraqlıdır ki, 2017-ci ildə soğan ixracı 18 dəfə artsa da, daxili bazarda qiymətlərə ciddi təsiri olmayıb.
2018-ci ildə xaricə satılan 40 686,8 ton soğanın 17 min tonu Gürcüstanın, 7 min tonu Rusiyanın, 6,4 min tonu Ukraynanın, 5,3 min tonu İraqın, 2,4 min tonu Bolqarıstanın və digər ölkələrin payına düşüb.
Yuxarıda açıqlanan rəqəmlər onu göstərir ki, Türkiyəyə soğan idxalı dəfələrlə artsa belə, bu, həm ümumi ixrac, həm də ümumi istehsal ilə müqayisədə böyük paya sahib olmayacaq və qiymət artımını Türkiyə ilə əlaqələndirmək iqtisadi cəhətdən əsassızdır. Azərbaycanda il ərzində təxminən 200 min ton soğan istehsal olunur və soğana olan daxili tələbat isə orta hesabla 160 min ton təşkil edir.
Belə görünür ki, Türkiyəyə soğan idxalının artmasından istifadə edən bəzi işbazlar bazarda ajiotaj yaradaraq qiymətləri süni şəkildə yüksəldiblər.
Qiymətin süni şəkildə yüksəldiyini göstərən ən ciddi fakt isə odur ki, hazırda region ölkələri arasında soğanın ən baha satıldığı ölkə Azərbaycandır. Azərbaycanda soğanın 1 kiloqramı 90 sentə (1,5 manat) satıldığı halda, Türkiyədə 70, İranda 66 sent, Rusiyada 44, Gürcüstan 44, Ukrayna 36, Qazaxıstanda isə 34 sentə satılır.
Əgər həqiqətən də daxili bazarda soğanın real qiyməti 90 sentə bərabərdisə, onda niyə daha ucuz qiymətə xaricə satılır? Azərbaycan xarici ölkələrə, o cümlədən də Türkiyəyə soğan ixrac edirsə, onda daxili bazarda qiymətlər ixrac olunan ölkələrdəki qiymətlərdən aşağı olmalıdır… Yeniavaz.com