Bişkekdə «Türk Hava Yolları»na məxsus yük təyyarəsi qəzaya uğrayıb. Azı 30 nəfərin öldüyü bəllidir.
Qırğızıstan rəsmilərinin verdiyi məlumata görə, təyyarə Bişkekdəki «Manas» beynəlxalq hava limanına yaxınlaşanda–aeroportun cəmi bir neçə kilometrliyində yerə düşüb.
Honkonqdan İstanbula gedən təyyarə «Manas» aeroportuna yanacaq doldurmağa enməli imiş, amma yaxınlıqdakı kəndə düşüb. Təyyarənin dəydiyi evlər yanıb, ölənlərin çoxu elə kənd sakinləridir.
Rəsmilər təyyarədə sərnişin olmadığını deyirlər, amma heyət üzvlərinin sayı hələ bəlli deyil.
Hadisə bu səhər—yanvarın 16-da baş verib. «Reuters» agentliyi Qırğızıstanın baş nazirinin müavini və fövqəladə hallar nazirinin hadisə yerində olduğunu xəbər verir.