Trump mediayla yola getmir

0
711

ABŞ-da prezidentliyinə namizəd Donald Trump mediayla yola getmir, desək, çox yumşaq səslənər. Respublikaçıların namizədi “The Washington Post”, “The New York Times” kimi qəzetlər də daxil, ölkənin aparıcı nəşrlərini və nəhəng televiziya kanallarını ona qarşı cəbhələşməkdə suçlayır.

İş o yerə çatıb ki, Trump artıq bir neçə aydır, bəzi jurnalistlərin və media qurumlarının özünün seçki kampaniyası tədbirlərində iştirakına qadağa qoyub. Bu barədə “Amerikanın Səsi” radiostansiyası yazır.

Trump-ın mediayla bağlı sərt sözləri onun tərəfdarlarını da mitinqlərdə zaman-zaman jurnalistlərə qarşı şüarlar səsləndirməyə həvəsləndirir. Hətta oxşar mitinqlərin birində jurnalistin təhlükəsizliyindən ötrü xüsusi xidmət orqanlarının əməkdaşları duruma müdaxilə etməli olmuşdu.

 

Oktyabrın 13-də “The New York Times” qəzetində bir neçə qadının Trump-ın onlarla qeyri-etik hərəkətləri barədə yazı dərc olunub. Bu yazıdan sonra respublikaçı namizədin media ilə münaqişəsi daha da alovlanıb. Axı bu xəbər dərhal digər media orqanlarında da işıqlandırılıb.

 

Floridadakı çıxışında Trump həmin xəbərləri “qurama” adlandırıb. Bunu “rəqibi Hillary Clinton-un nəzarətindəki korporativ medianın bir mərkəzdən idarə olunan hücumu” kimi qiymətləndirib.

“Ölkəmizdə korporativ media artıq jurnalistika ilə məşğul olmur. Onlar lobbi qrupları, ya da maliyyə dairələri kimi konkret siyasi maraq güdürlər. Bu maraq da kələkbaz Clinton-un, nəyin bahasına olur-olsun, seçilməsinə nail olmaqdan ibarətdir”, – deyib Donald Trump.

 

Bundan bir neçə gün öncə İnternetdə Trump-ın 2005-ci ilə aid səsyazısı yayılmışdı. Həmin audioda prezidentliyə namizəd gözəgəlimli qadınları ələ almaq təcrübəsindən danışır. Bu səsyazısı barədə xəbərlərdən öncə isə media Trump-ın vergidən yayınması, “Kainat Gözəli” yarışmasının keçmiş qaliblərindən birinin onun haqqındakı ifşaedici açıqlamaları barədə yazırdı.

Qərəzli media?

Doğrudur, bu müddətdə qəzetlər Clinton-la bağlı qalmaqallara da yer veriblər. Özəlliklə də, onun dövlət katibi postunda təhlükəsizlik qaydalarına zidd olaraq, şəxsi elektron poçtundan istifadəsi, 2012-ci ildə Liviyada ABŞ-ın diplomatik nümayəndəliyinə terrorçuların hücumu zamanı fəaliyyətsizliyi, Aparat rəhbərinin həm də “Clinton Fondu”nda vəzifə tutmasıyla bağlı qalmaqalları qeyd etmək olar.

Ancaq ümumilikdə, aparıcı qəzetlərə və xəbər kanallarına nəzər saldıqda, bərabərsizlik, yəni Trump-ın daha çox tənqidə məruz qaldığı aydın görünür.

Bu bərabərsizlik bəzi jurnalistlərin və xəbər təşkilatlarının Trump-ı ölkə üçün qeyri-adi və təhlükəli bir namizəd kimi görməsindən,bu səbəbdən də “tərəfsizlik” kimi etik çərçivəni aşaraq öz münasibətlərini ortaya qoymalı olduqlarını düşünmələrindən irəli gəlir. Bunu Amerika Universitetinin jurnalistika etikası üzrə professoru John Watson deyir. Başqa bir səbəb də odur ki, “Trump-ın dedikləri və etdikləri daha xəbərtutumlu olur”.

Mediada parlamağın xeyri və zərəri

Əslində mediada daha çox işıqlandırılmaq vaxtilə Trump-ın strategiyasının tərkib hissəsi idi. 1987-ci ildə çıxmış kitabında o etiraf edir ki, bəzən medianın diqqətini cəlb etməkdən ötrü birmənalı qarşılanmayan, çılğın hərəkətlər edirmiş.

“Jurnalistlərin sənin haqda çox yazmasının faydası, istənilən halda, ziyanından çoxdur”, – Trump kitabında belə yazır.

Əslində, bu strategiya yarışın ilk mərhələsində 16 respublikaçı namizəd arasından qalib çıxmaqda Trump-ın işinəyarayıb. Amma son mərhələdə, yalnız bir rəqibin qaldığı bir dönəmdə bu ona daha çox zərər gətirdi. Son rəy sorğusuna görə, Trump Clinton-dan 6%-dən çox geri qalır.

BIR CAVAB BURAXIN