Trampın prezidentliyi Amerikanın sonu demək olacaqmı?/Əziz Mustafa

0
778

11

ABŞ-da keçirilən son prezident seçkiləri nəticəsində gözlənilmədən rəqibi Klintona qalib gələn Tramp bununla da adı çəkilən ölkənin tarixində 45-ci prezident oldu.

Səsvermənin nəticələrinə görə, Tramp 40,5 milyon, Klinton isə 38 milyon amerikalının səsini toplaya bildi. Bununla da Respublikaçılar Senatda da böyük üstünlük əldə etdilər. Klinton və demokratlar isə böyük fiasko ilə üzləşdilər. Əlbəttə, ilk baxışdan Trampın prezident seçilməsini ABŞ üçün adi hal hesab etmək olar. Hər halda ABŞ-ı bu günə kimi idarə edən prezidentlərin hər biri özlərindən sonra Amerikanın tarixində müəyyən izlər buraxıblar. Lakin Trampın prezident seçilməsi nəinki ABŞ-da, eləcə də dünyada müəyyən təşvişlərlə qarşılanmaqdadır. Buna da səbəb özünü demokratiyanın, insan hüquqlarının müdafiəsinin, azadlıqların mərkəzi elan edən və dünyaya “demokratiya” dərsi keçən Donald Trampın radikal baxışları və seçkiqabağı bu ölkədə yaşayan müsəlmanalara, o cümlədən Latın Amerikasından olanlara qarşı sərt addımlar atacağını vəd etməsi olub. Buna paralel olaraq Trampın şəxsi həyatında ABŞ-ın gələcəyi üçün təhlükə doğuracaq müəmmalı amillərin olması, onun beynəlxalq aləmdə baş verənlərə münasibətdə ölkəsinin ənənəvi siyasətini davam etdirməyəcəyini nümayiş etdirməsi də birmənalı qarşılanmır. Xüsusilə, Trampın Rusiya prezidenti Vladimir Putin barədə tərifli bəyanatları, Moskva ilə yaxşı münasibətlər qurmaq istəməsi barədə dedikləri ABŞ daxilində və onun Avropadakı müttəfiqləri arasında narazılıqlarla qarşılanmaqdadır. Bunu Trampın prezident seçilməsindən az sonra ABŞ-ı etirazlar dalğasının bürüməsi də sübut etməkdədir. Amerika mətbuatının yazdığına görə, Trampın prezident seçilməsi ilə bağlı ölkənin 50 ştatının hamısında etiraz aksiyaları qeydə alınıb. Bu müstəvidə də Portland, Vaşinqton, Filadelfiya və Nyu-York şəhərləri başda olmaqla ABŞ-ın bütün ərazisində anti-Tramp aksiyaları keçirilir. Etirazçılar küçələrdə iaşə obyektlərinə böyük zərərlər vururlar. İndiyə qədər 26 nəfər saxlanılıb. Portland şəhərində hadisələr daha ciddi vüsət alıb. Küçələrdə bir çox yerlər yandırılıb, şəhərdə xaos yaşanıb.

Bəzi məlumatlara görə, ölkənin iri ştatlarından olan Kaliforniya hətta ABŞ-ın tərkibindən çıxmaq və müstəqilliyini elan etmək üçün referendum keçirmək niyyətindədir.

Qərb narahat, Rusiya şaddır

Trampın prezident seçilməsi Amerikanın müttəfiqləri arasında belə demək mümkünsə əsl şok effekti əmələ gətirib. ABŞ-ın müttəfiqləri olan ölkələrdə belə hesab edirlər ki, Trampın radikal, irqçi çıxışları Avropada və dünyanın hər yerində yeni qarşıdurmalara, etnik, milli zəmində münaqişələrin körüklənməsinə yol açacaq. Qeyd edilir ki, Tramp prezident seçkiləri ərəfəsində verdiyi irqçi vədləri həyata keçirəcəyi təqdirdə, bu, ABŞ-ın özündə də ciddi qarşıdurmalara gətirib çıxaracaq. Düzdür, Kanada, Yaponiya, Almaniya, B. Britaniya, Estoniya, Litva və Latviya kimi ölkələrin rəhbərləri Trampın prezident seçilməsinə isti münasibət bəslədiklərini nümayiş etdiriblər. Lakin bu, məsələnin yalnız rəsmi, etik qaydalara söykənən, görünən hissəsidir. Ancaq daxildə adı çəkilən ölkələrin demək olar ki, hamısı Trampın bundan sonra nə edəcəyini və dünyanı haraya sürükləyəcəyini narahatlıqla izləməkdədirlər. Təbii ki, Amerika kimi bir ölkədə siyasi müxalifətin legitimliyi, azlıqların hüququ və məhkəmə hakimiyyətinin müstəqilliyi kimi əsas demokratik normalara xüsusi hörmət bəsləməyən bir şəxsin prezident seçilməsinin səbəbələrini hələ də Avropada və dünyanın digər ölkələrində anlamaqda çətinlik çəkirlər. Bunu “The Financial Times”-ın yazdıqları da sübut etməkdədir. “The Financial Times” yazır: “Hətta bəzi ölkələr belə hesab edirlər ki, amerikalılar kvazi-faşisti (faşistsayağı) özlərinə lider seçiblər. Trampın tezliklə dünyanın ən böyük nüvə arsenalına komandanlıq edəcəyi, Amerikanın bir çox müttəfiqlərini təlaşa qərq edib”.

Qərbi narahat edən əsas məsələlərdən biri də məhz İkinci Dünya Müharibəsindən sonra proteksionizmi açıq şəkildə dəstəkləyən Trampın prezident seçilməsidir. Trampın seçkiqabağı çıxışlarında ABŞ-ın müttəfiqləri ilə olan ticarət müqavilələrini yenidən nəzərdən keçirəcəyini, Ümumdünya Ticarət Təşkilatının tərkibindən çıxaracağını və Çin mallarına qoyulan gömrük rüsumlarını 45% artıracağını bildirməsidir.

Tramp, həmçinin Amerikanın təhlükəsizlik məsələləri çərçivəsində NATO üzvləri və həmçinin də Yaponiya, Cənubi Koreya qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə şübhə ilə yanaşır. Tramp belə hesab edir ki, bu ölkələr öz müdafiələri üçün lazımı qədər pul xərcləməlidirlər. Bu çərçivədə də o, müttəfiqlərin öz təhlükəsizliklərini Amerikanın hesabına təmin edilməsinə can atmasından narazıdır. Lakin Trampın yanaşmasında yeni bir element var. Tramp ABŞ-ın öz müttəfiqlərinə qarşı hücum olacağı təqdirdə, onların müdafiə olunmasının vacibliyinə də şübhə ilə yanaşır. Məsələn, Avropa Komissiyasının sədri Jan-Klod Yunker tələbələr qarşısındakı çıxışında deyib ki, Trampın prezidentliyi ABŞ və Avropa Birliyi münasibətlərini təhdid altında qoyacaq. Onun sözlərinə görə, AB Trampa Avropanın nə demək olduğunu öyrətməlidir. O, Trampın təhlükəsizlik məsələləri ilə bağlı siyasətinin dağıdıcı nəticələrə səbəb olacağını bildirib.

ABŞ-ın Yaponiya və Cənubi Koreya kimi müttəfiqləri isə ehtiyat edirlər ki, Trampın “Hər şeydən öncə Amerika” siyasəti Çinin Şərqi Asiyadakı təsir dairəsinin qəbul edilməsinə gətirib çıxara bilər. Məhz buna görə də ABŞ-ın ən yaxın müttəfiqi olan ölkələr Trampın hər çıxışını və hər sözünü diqqətlə analiz edir və buna uyğun olaraq hərəkət etmək barədə fikirləşirlər. Bununla belə hazırkı vəziyyətdə ABŞ-ın müttəfiqlərinin onunla dil tapmağa olan ümidləri də tükənməyib və onun prezident kürsüsündə seçkirəfəsi çıxışları ilə müqayisədə fərqli hərəkət edəcəyinə olan inamlarını tam şəkildə itirməyiblər.

Lakin ultra millətçilər tərəfindən dəstəklənən və irqçi çıxışları ilə seçilən birinin dünyanın supergüc ölkəsinin prezidenti seçilməsinin Avropa Birliyinə üzv ölkələrdə də millətçiliyi, islamofobiyanı gücləndirəcəyini, rasizmin hər yerdə dəhşətli şəkildə baş qaldıracağını ehtimal etməyə imkan verir. Belə ki, Qərbdəki millətçi və ifrat sağçılar qlobalizm əlehydarının Ağ Evdə oturmasından çox şaddırlar. Bu baxımdan, Trampın prezident seçilməsi artıq Fransa ultramillətçisi Marin Li Peni hərəkətə gətirib. “Milli cəbhə”nin lideri Marin Le Pen may ayında Fransada keçiriləcək prezident seçkilərində öz qələbəsinə ümid bəsləyir. Bu isə hələ “Brexit”dən özünə gələ bilməyən Avropa Birliyinin dağılmasına gətirib çıxara bilər.

Lakin Trampın qələbəsindən şad olan bir dövlət var. Bu, da Putin Rusiyasıdır. Bununla bağlı “The Financial Times” yazır: “Tramp və Putin artıq bir-birilərinə münasibətdə hansısa heyranlıqlarını formalaşdırıblar. Amerikanın kəşfiyyat orqanlarının məlumatına görə, Rusiya özünün Tramp və respublikaçıları dəstəkləmək məsələsində o həddə gəlib çıxıb ki, onlar Demokratlar partiyasının və Klintonun şeçki qərargahının rəhbəri Con Podestanın elektron poçtunu sındırıblar. Sonradan isə seçki kampaniyasının ən mühüm anlarında “Wikileaks” saytı vasitəsilə informasiya buraxmağa başlayıblar. Bu da çox güman k, Trampın qələbəsinə az da olsa, təsir göstərib”.

Trampın qələbəsinə Rusiyanın sevindiyini Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Assoşieyted Press” agentliyinə müsahibəsi də sübut edir. O deyib ki, biz Qərb ölkələrinin Krımın Rusiyanın bir parçası olduğunu tanıyacağı zamana qədər gözləməyə hazırıq: “Biz kifayət qədər səbirliyik və Qərbin bunu qəbul etməsini gözləməyə hazırıq. Ümid edirik ki, Tramp NATO-nun şərqə doğru genişlənməsinin qarşısını ala biləcək. Bu, Avropada gərginliyi azalda bilər. NATO qoşunları sərhədlərimizə yaxınlaşanda biz özümüzü təhlükəsizlikdə hiss etmirik”.

Xarici siyasətdə dəyişiklik gözlənilir

Trampın xarici siyasətinin də özünəməxsus olacağı gözlənilir. O prezident seçildikdən sonra dərhal bəyan edib ki, beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə Obamanın siyasətini davam etdirməyəcək. O, Obama Administrasiyasını Tehran qarşısında zəiflikdə təqsirləndirib. Məsələyə münasibət bildirən D. Trampın xarici siyasət üzrə müşaviri Valid Fares deyib ki, prezident İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılması üçün tələb irəli sürəcək. Onun sözlərinə görə, yeni prezident sənədi müzakirə üçün Konqresə göndərəcək və İran tərəfindən sazişin bəzi bəndlərində dəyişikliklər edilməsini tələb edəcək. Xatırladaq ki, Tramp həmçinin çıxışları zamanı dəfələrlə Vaşinqtonu İraqın idarəçiliyini İrana verməkdə günahlandırıb.

Bundan əlavə Trampın işləyəcəyi komanda siyahısında göstərdiyi şəxslərin böyük bir qismi qatı mühafizəkardır. Bu şəxslər İrana qarşı sərt mövqeyi ilə seçilir. Üstəlik, bu siyasətçilər Buş zamanında İraq əməliyyatının əsas ideya müəllifləri olublar. Ötən həftənin cümə günü Donald Tramp “The Wall Street Journal” qəzetinə verdiyi müsahibəsində bəyan edib ki, ABŞ Suriyada Bəşər Əsədə deyil, İŞİD-ə qarşı mübarizə aparacaq. Tramp həmin müsahibəsində: “Bəzi insanlarla müqayisədə mənim Suriyadakı vəziyyətlə bağlı mövqeyim fərqlidir. Suriya İŞİD-lə mübarizə aparır, biz də həmçinin. Hazırda Rusiya Suriya ilə sıx ittifaqdadır. Bizim Suriyaya yaxın olan İranla münasibətlərimiz normallaşıb. Biz Suriyada üsyançıları dəstəkləsək də, onlar barədə dürüst anlayışımız yoxdur. Əsədin hədəfdə olması Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər”, – deyib.

Azərbaycana münasibət dəyişməyəcək

ABŞ-ın yeni prezidentinin Azərbaycana münasibətinin dəyişib dəyişməyəcəyi də maraq doğurur. Əksər siyasi müşahidəçilər belə hesab edirlər ki, ABŞ-da prezidentin kim olmasından asılı olmayaraq Vaşinqtonun strateji maraqları dəyişməyib. İndiyədək belə strateji maraqlardan biri də Azərbaycan qazını Rusiyadan yan keçərək Avropaya çıxarmalı olan Cənub Qaz Dəhlizi layihəsi idi. Məsələyə münasibət bildirən Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirir ki, Trampın prezidentliyi Cənub Qaz Dəhlizinə münasibəti dəyişməyəcək. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi həm demokratlarla, həm də respublikaçılarla yaxşı münasibətlərdə olub. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, Trampın bu məsələdə işğalçı Ermənistana hansısa təzyqilər edəcəyi gözlənilmir. Onun da Dağlıq Qarabağ münaqişəsinin həllində pərdəarxasından mövcud status-kvonu qoruyub saxlamağa cəhd edəcəyi ehtimal edilir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN