Kseniya Sobçak Putinlə, Oprah Virfrey isə Trampla prezidentlik uğrunda yarışacaq
Amerika yenidən qaynamağa başlayıb. Prezident seçkiləri ili olmasa da, artıq növbəti seçkilərdə kimlərin namizəd olacağı müzakirə mövzusuna çevrilib. CNN-in xəbərinə görə, tanınmış xanım aparıcı Oprah Vinfrey prezidentlik yarışına girməyi aktiv bir şəkildə düşünür. Xəbərdə həmçinin qeyd edilib ki, Vinfreyin çevrəsindən də prezidentlik yarışına girməsi üçün ona təzyiq göstərilir.
“Amerikada prezident olmaq üçün təcrübəyə ehtiyac yoxdur” dedi və…
“Yeni Müsavat” xarici mediaya istinadən bu prosesin pərdə arxasını aralayir və detalları sizin nəzərinizə çatdırır.
Öncə ondan başlayaq ki, Demokrat Partiyası 2018-ci ilin ortalarında namizədlərini açıqlamağa başlayacaq. Amma partiyanın hələlik bir namizədi yoxdur. Məşhur aparıcının illərdir davam edən televiziya verilişində yaratdığı imic ona Demokratik Partiyadan namizədlik qapısını aça bilər.
Vinfreyin yetərincə siyasi təcrübəsinin olmaması isə ona ünvanlanan tənqidlərin başında gəlir. 2017-ci ilin dekabrında “Bloomberg”ə verdiyi müsahibədən sonra müxbirin “Çox aydın bir şəkildə görünür ki, Amerikada prezident olmaq üçün təcrübəyə ehtiyac yoxdur” şəklindəki şərhi üzərinə Oprah Vinfrey, “Təcrübəmin olmadığını düşünürdüm. (prezident Donald Trampa işarə edərək). Amma indiyə qədər ölkədə nələr olduğunu görüncə fikrim dəyişdi” sözlərindən istifadə etmişdi.
Amerikada ən çox qazanan televiziya ulduzlarından biri olaraq bilinən Vinfrey öz adını daşıyan bir talk shou proqramını aparır.
62 yaşlı media kraliçası – “bataqlığın dibindən” zirvəyə…
“Prezidentlik Azadlıq Medalı” ünvanını daşıyan Oprah Vinfrey Harvard Universitetindən də fəxri bir doktorluq dərəcəsi qazanıb. Amma bu, populyar aparıcı barədə bilinməyənlər xeyli çoxdur. İndi də onun Donald Trampla kəllə-kəlləyə gələcəyi nəzərə alınsa, ortada olduqca ciddi durum var.
Çoxlarına görə qaradərili amerikanların ən şanslısı, bəzilərinə görə də ən inadçısı… Qabiliyyəti və qərarlılığı sayəsində sıfırdan başlayaraq zirvəyə yerləşən məşhur aktrisa, televiziyaçı və yazar Oprah Vinfreyə “yoxsul qadınların ümidi” də deyilir.
Vinfrey qurucusu və yayım direktoru olduğu “O-Oprah Maqazin” jurnalında 14 il boyunca qələmə aldığı həyat təcrübələrini “Artıq bilirəm” adlı kitabında topladı. Doğan Novus nəşriyyatı tərəfindən nəşr olunan kitab çətinliklərlə mübarizə aparmaq və həyatın möcüzələrini görmək məsələsində tayı-bərabəri olmayan dərslər təqdim edir.
Bir mədənçinin qızı olaraq yoxsulluğun dibində bir həyata doğmuşkən Amerikanın ən varlı və güclü qadınları arasında ilk sıralara oturan Oprah Vinfrey amerikan yuxusunun həqiqi təmsilçisidir. Televiziya kanalı, jurnalı, kitabları, bir zamanlar Oskar mükafatına belə namizəd göstərilməsini təmin edən aktrisalığı vasitəsilə dünyanın hər yerindəki qadınları ürəkləndirir, bir növ onlar üçün bir ümid işığı olur. Oprahın söhrət pillələrini dırmanması dövlət yardımı ilə oxuduğu liseydə yerli bir radioda yarı zamanlı verilişdə aparıcılıq etməsi ilə başlayıb. 18 yaşında “Amerikanın ən gözəl qaradərili qızı” seçilib və az keçmədən yerli bir kanalda xəbər mərkəzində təmsil olunmağa başlayıb.
İlk talk sousunu hələ çox gənc ikən, yenə bu kanalda hazırlayıb. Təbii ki, böyük bir kanala transfer olduqdan sonra Oprah verilişini daim zənginləşdirib, aralara kitab müzakirə bölümləri, insan hekayələri, qadın sağlamlıq bölümləri, psixologiya ilə bağlı seminarlar, alış-veriş tövsiyələri əlavə edib. Heç kəsin öyrəşmədiyi tərzdə, dostcasına söhbət etdiyi məşhurları da yaddan çıxarmamaq lazımdır. Amma Opraha hücumlar da çox olur.
Siyasi tövrünü gizlətməməsi, demokrat namizədlərini açıq şəkildə dəstəkləməsi tənqidlərin başında gəlir.
“Media kraliçası” ləqəbli bu məşhur şəxsiyyətin öz kitabına gəlincə… 62 illik həyatındakı uğurlarını, münasibətlərini, dostluqlarını, artıq çəkilərini və həyatdan öyrəndiklərini də yazır, ağrılarını da… Məsələn, kiçik yaşlarda cinsi istismara məruz qaldığı dönəmin detalları isə olduqca çarpıcıdır. Amma ona acımırıq, çünki bu bölümə 17-ci əsrt yapon şairi Mizuta Masahidenin “Anbar yandı. Artıq Ayı görə bilirəm” sətirləri ilə giriş verir.
Səhər verilişlərinin “anası”, qadınlar üçün 5 əsas məsləhətin müəllifi
Amerikalı televiziya aparıcısı “səhər verilişlərinin anası” sayıla bilər. Media kraliçasının qadınlara kişilərlə bağlı 5 tövsiyəsi var: “Bir kişi sizi istəyirsə, kimsə onu yolundan döndərə bilməz. İstəmirsə heç bir şey onu sizin yanınızda saxlaya bilməz. Bu səbəbdən də kişiləri və nəyi, niyə etdiklərini düşünməkdən vaz keçin. Sizi ürək sızıltısından qoruyacaq tək şey intuisiyalarınızdır”.
“Əgər münasibətləriniz o adamın sizə haqq etdiyiniz kimi davranmadığı üçün bitibsə, dost-filan qala bilməzsiniz. Gerçəkdən dostunuz olsa sizə bu qədər əziyyət edər, pis şeylər yaşadardı?”
“Heç bir kişi üçün yerinizi-yurdunuzu dəyişdirməyin. Sizi gerçəkdən çox sevirsə, o, sizin yaşadığınız şəhərə köçsün. Və ona əsla sizdən önəmli olduğunu düşündürməyin. Daha savadlı, mədəni və varlı olsa beləE Xüsusən də ona yarı-tanrı münasibəti heç göstərməyin.”
“Sizi aldatdığını sezirsinizsə, yanılmış olmanız kiçik bir ehtimaldır. İşlərin düzələcəyini də gözləməyin. Üzgünəm, amma heç bir şey yolunda getməyəcək və bir xəyanət çənbərinin içinə həbs olsanız, hər keçən gün daha çox əsəb keçirəcəksiniz”.
“Bir çox qadın onlara zərər verən kişilərlə birlikdə olmağa davam edər. Çünki yalnız qalmaqdan ölüm qədər qorxarlar. Halbuki inan mənə, siz bir kişinin başına gələ biləcək ən gözəl şeysiniz və əgər sizinlə pis davranırsa, burnunun ucunda aydın şəkildə dayanan bu həqiqəti görə bilməyəcək qədər kor deməkdir. Nə qədər cazibədar olursa olsun, bayırda saysız-hesabsız variantlarınız var. Bundan başqa, həmin adam dünyadakı tək kişi də deyil”.
Sobçak da prezidentə qarşı, amma daha sərt və iddialı
Amma Oprah nümunəsi bizə başqa bir gerçəyi də xatırlatdı. Bilirsiniz ki, hazırda Rusiyada da seçki ilidir və Putinin opponentləri bir-bir meydana çıxır. Onlardan biri də məşhur teleaparıcı, şou-biznes dünyasının vazkeçilməzi, qalmaqallar kraliçası Kseniya Sobçakdır. Sobçak da 2017-ci ilin oktyabrında Putinə rəqib olduğunu bəyan edib. O, martda keçiriləcək seçkilərdə iştirakını “gözlənilməz namizədliyi” ilə izah edir. Xanım Sobçak ilk gündən deyib ki, namizədliyi qəbul edilməyən müxalifət lideri Aleksey Navalnını dəstəkləyir. Ancaq Navalnı ona namizəd olmaması ilə bağlı xəbərdarlıq edib.
İlk vaxtlar Kreml Sobçakın namizədliyini qəbul edərək bunun “tamamilə konstitusiya uyğun olduğunu” söyləyib. Amma Kseniya seçkilərdə qələbə qazanmaq şansının az olduğunu etiraf edib. O, bu haqda Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirib. “Heç bir siyasi çəkim yoxdur. Ona görə də hansısa siyasi proqram başlada bilmərəm. Sadəcə, hazırkı rəhbərliyin siyasətindən narazı olanlar məni dəstəkləyə bilər”, – K.Sobçak deyib.
K.Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib.
Amma S.Sobçak yerli mətbuata müsahibələrində iddialarını daha da qabartmanın tərəfdarıdır. Məsələn, “Dojd” kanalının baş direktoru Natalya Sindevaya müsahibəsində o, qələbəsinə ümid bəslədiyini deyib. Aparıcı onun cəmi 2 faiz səs toplayacağını proqnozlaşdıranda Sobçak buna belə etiraz edib: “Milyonların səsini qazanacağıma şübhə etmirəm. Piara ehtiyacım yoxdu. Seçki qrafamda yazılacaq ki, tək Putinə deyil, bütün namizədlərə qarşıyam. Soruşsanız kim maliyyələşdirəcək bu seçki marafonumu, deyəcəm heç kim. Sadə, narazı biznesmenlər. Sıralarımda pərəstişkarlarım az deyil”.
35 yaşlı Sobçak 2012-ci il prezident seçkisindən əvvəl başlayan etiraz aksiyalarında iştirak etmiş Putinin vokal tənqidçisidir. Putin, Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərdə Sankt-Peterburqda birlikdə işləyərkən, köhnə müəllimi və demokrat-islahatçı Anatoli Sobçakın ona çox böyük təsir göstərdiyini etiraf edib.
“Mümkündür ki, oğlum səsvermə yaşına çatdıqda, hələ də eyni namizədlər olacaq, – ötən il ana olmuş K.Sobçak ”YouTube”dakı videoda namizədliyini elan edərkən bildirir. – Biz hakimiyyət sistemini dəyişdirməliyik”, – deyərək o əlavə edib ki, Putinə öz qərarından danışdıqda dövlət başçısı məmnun deyildi.
Bu isə artıq iki ayrı ölkədə bir-birinə bənzər siyasi örnəklərin olduğunu bizə göstərir. Adioz prezidentlərə qarşı gözəl xanımlar rəqib kimi çıxış edirsə, bunun bir məntiqi açıqlaması olmalıdır. Diqqət etdinizsə, hər iki variantda prezidentə qarşı gələnlər telekaryerası olan, siyasəti, şou dünyasını, publikanı ovcunun içi kimi mənimsəyənlərdir. Hər ikisi prezidentin siyasətini tənqid edir və özünün ondan qat-qat yaxşı prezident olacağını iddia edir. Bu isə sözügedən xanımların siyasi ambisiyalarından, iddialarından daha çox diqqəti seçkilərə çəkmək, vəzifədə olan prezidenti gözdən salmaq cəhdləridir. Hər ikisi sarkazm dolu münasibət sərgiləyir: o, prezident olubsa, mən niyə olmayım? Və açığı, diqqət də cəlb edir. Bunun necə nəticələnəcəyini isə zaman göstərəcək: siyasi oyun, yoxsa gerçək rəqabət?