“Vaşinqton Post” daha sonra olduqca sərt şəkildə bidirir ki, beləliklə, əgər seçilmiş prezident aşkar həqiqəti inkar etməkdə davam edirsə və öz ölkəsinin maraqlarına rəğmən düşmənin tərəfində durursa belə nəticə çıxarmaq olar ki, Tramp özü milli təhlükəsizliyə təhdiddir: “Rusiyada bunu satqınlıq adlandırırlar”. Necə deyərlər ABŞ-ın nüfuzlu qəzeti Tramp vəzifəsinin icrasına başlamazdan əvvəl onun Rusiyaya münasibətdə həddən artıq yumşaq davranmasını satqınlıq (“Rusiyada bunu satqınlıq adlandırırlar”) kimi qələmə verir. Bu isə olduqca ciddi bir ittihamdır və bu günə kimi ABŞ-ı idarə edən prezidentlərinin heç biri, o cümlədən Obama belə bu cür ittihama məruz qalmayıblar. Amma Trampa zərbə yalnız “Vaşinqton Post” qəzetindən deyil, onun “sevdiyi” Rusiyadan belə gəlib. Belə ki, dünən “Exo Moskvı” radiosunun saytında dərc olunmuş bir material (Andrey İllarionov, “Vzyatka na 10,5 mlrd. evro? Putin i Seçin podarili Trampu 19,5% aksii “Rosnefti”?”) diqqəti cəlb edib. Həmin materialda Trampın Rusiya tərəfindən ələ alınmasına açıq aydın şəkildə işarə vurulub. Məqalə müəllifi Andrey İllarionov yazır ki, “Rosneft” özünün “özəlləşdirilmiş” səhm paketinin 19 faizini Trampın köməkçisinə təklif edib: “Etibarlı mənbə (“Ünvan”) təsdiqləyib ki, əgər Tramp prezident seçilsə, o zaman antirusiya sanksiyaları aradan götürüləcək”.
Andrey İllarionov daha sonra bu yazılanların doğru olduğunu sübut etmək üçün Putinin 2017-ci il yanvar ayının 10-da verdiyi bəyanata da diqqəti cəlb edir. Həmin bəyanatda Putin bildirir ki, hökumət, Direktorlar Şurasına “Rosneft”in icraçı direktoru İqor Seçinin rəhbərlik etdiyi “Rosneftqaz”a öz maliyyə göstəricilərini açıqlamamağa icazə verib: “2016-cı ildə “Rosneftqaz” açıq səhmdar cəmiyyət (ASC) olub və hər il özünün maliyyə hesabatını mühasibat uçotunun Rusiya standatlarına uyğun şəkildə dərc edib. Ancaq ötən il “Rosneft” özünün təşkilati-hüquqi formasını dəyişdi və səhmdar cəmiyyət (SC) oldu. SC forması şirkətə imkan verir ki, səhmdarların icazəsi olmadan, özünün maliyyə hesabatını dərc etməsin…”
Bu isə o anlama gəlir ki, həqiqətən də “Rosneft” səhm paketinin 19,0 faizini Trampın köməkçisinə təklif edib və Putin bunu ört-basdır etmək üçün onun maliyyə hesabatını dərc etməməsinə açıq-aydın şəkildə şərait yaradıb. Əlbəttə, biz cənab Andrey İllarionovun yazdıqlarını təsdiq və ya təkzib etmək fikrində deyilik. Ancaq onun yazdıqları göstərir ki, Tramp nəinki ABŞ-da, həm də Rusiyada belə ələ alınmış casus olması barədə şübhələr yaratmaqdadır. Trampın ətrafında şübhələr çoxaldıqca isə onun uzun müddət ABŞ-ı idarə edə bilməsi də inandırıcı görünməyəcək…