Toyumuzdan 1 həftə sonra qaçdım – Türkiyəli aktrisa

0
598

Türkiyəli aktrisa Nəslihan Atagül Doğulu Bakıya gəlib.

Teleqraf.com  xəbər verir ki, məşhur aktrisa bu gun axşam “Altın Kelebek Mükafatları” çərçivəsində keçirilən “Möcüzə gecəsi” adlı konsertdə iştirak edəcək.

Bu münasibətlə konsertdən əvvəl aktrisanın media nümayəndələri ilə görüşü keçirilib.

Nəslihan Bakıya gəliş səbəblərindən danışmazdan əvvəl paytaxtımız haqqında xoş təəssüratlarını ifadə edib: “Bakıdan təklif gələndə inanılmaz dərəcədə həyəcanlandım və çox sevindim. Azərbaycanla Türkiyə qardaş ölkədir, ortaq dəyərlərimiz çoxdur. İlk dəfədir ki, Bakıya gəlirəm. Əvvəllər çox istəyirdim ki, Bakıya gəlim, lakin işlərimin çoxluğundan dolayı heç cür alınmırdı.

Odur ki, təklif gələn kimi razılaşdım. Bura çox gözəl və təmiz şəhərdir, insanları da çox gözəldir. Yaxşı ki, gəlmişəm. Fikirləşirəm ki, niyə mən əvvəllər bura gəlməmişəm. Sosial şəbəkədə mənə Azərbaycandan çox yazanlar olur. Burada sevildiyimi bilirdim. İndi isə bunun şahidi oldum.

Ümumiyyətlə, mənim üçün yeni insanlarla tanışlıq və onlarla söhbət çox önəmlidir. Hesab edirəm ki, bir insanla göz təması qurmaq bizim üçün ən böyük mirasdır. Qarşımdakı insanın müsbət enerjisini hiss etmək xoşuma gəlir, bir növ ruhlandırır”.

Qısa ətəyi ilə diqqət çəkən Nəslihan açıqlamasında bildirib ki, “Altın Kelebek” mükafatları Türkiyə mədəniyyəti üçün önəmli hadisələrdən biridir. Azərbaycan bu tədbirı onunla birlikdə addım atmasından dolayı məmnunluğunu ifadə edib.

Daha sonra aktrisa həyat yoldaşı, aktyor Qadir Doğulu ilə münasibətlərindən danışıb: “İkimiz də kino sahəsində çalışırıq. Odur ki, gərgin iş qrafiki olanda bir-birimizi başa düşürük. Heç vaxt mübahisə etmirik. Toyumuzdan bir həftə sonra çəkilişlərə qaçdım. İndi heç bir dəvəti qəbul etmirəm. Ailəmə vaxt ayırmaq istəyirəm. Bir müddət özümlə məşğul olacam, dincələcəm. Hələlik uşaqla bağlı planımız yoxdur. Amma qismət, Allah nə vaxt məsləhət bilsə, olacaq”.

Atagül gözəllik sirrini də açıqlayıb. O deyib ki, formada qalmaq üçün çoxlu yatır və su içir: “Dostlarım həmişə təəccüblənir ki, necə enerjili birisən. Səhər saat 5-də yatsam da, tez oyanıb çəkiliş məkanına yüksək əhvalla gedirəm”.

Məlumat üçün bildirək ki, ilk dəfədir ki, azərbaycanlı məşhurlar “Altın Kelebek Mükafatları”nın dekabrın 10-da İstanbulda keçirilən təqdimat mərasimində iştirak edəcək. Ölkəmiz üçün “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyası ayrılıb. Bu nominasiya üzrə 3 namizəd var: Röya, Miri Yusif və Nigar Camal. Qalib izləyicilər tərəfindən onlayn səsvermə yolu ilə müəyyən olunacaq.

“Möcüzə gecəsi” adlı konsertində Nəslihan Atagül Doğulu namizədlərimizə dəstək məqsədilə iştirak edəcək. Konsertdə tamaşaçıları Röya, Miri Yusif, Nigar Camalın ifaları ilə yanaşı müxtəlif şou proqramlar, vizajist və saç stilistlərinin məsləhətləri və digər sürprizlər də gözləyir

BIR CAVAB BURAXIN