Tolstoyun yoldan çıxarıb fahişəyə çevirdiyi qulluqçu

0
1087

Əxlaqsız qadın obrazına çox yazıçılar üz tutublar. Sosial bərabərsizlik, cinsi köləlik, mənəvi seçim, cəmiyyətdəki eyiblər – fahişələrin həyatını qələmə alarkən daha çox bu mövzulara müraciət edilir. Hansısa müəllifin bu qadınlara rəhmi gəlir və onları ağır şəraitin qurbanları hesab edir. Başqa bir müəllif isə onların macəralarını qadın azadlığının manifestinə çevirir.

 

Bu əsərlərin içində həm faciəli, həm gülməli, həm absurd, həm də ibrətamiz olanlar var.

 

“Jüstina”. Markiz de Sad. 1791

 

 

Zavallı Jüstinanın başına çox acı olaylar gəlir. Kimsəsiz qalmış qızı quldurlara bəxşiş edirlər, Jüstina onların təcavüzünə məruz qalır. Rahiblərə rast gələn Jüstina qurtulduğunu zənn edir, amma məlum olur ki, onlar yollarını azmış “din adamlarıdır”. Amma bütün bunlar Jüstinanın iradəsini sındırmır. Onu qətldə, yanğın törətməkdə və oğurluqda ittiham edəndə də o, daxili gücünü qoruyub saxlayır.

 

Jüstinanın bədəni azğın insanların təcavüzünə məruz qalsa da, ruhən təmizdir, safdır, ümidlidir. Onun bacısı Julyetta isə bilərəkdən bu yolu seçib. Kavalerlərini dəyişərək sosial pillələri adlayan Julyetta sonda qrafinya statusunu qazanır. Jüstina həyatla mücadilə edən vaxt Julyetta həyatdan zövq alır; o, varlıdır, xoşbəxtdir, gənc sevgilisi var. Jüstinanı ölümdən də məhz o xilas edir. Julyetta artıq cəmiyyətin təqdirini qazanıb, məqsəd vasitəni doğruldub.

 

Roman suallarla doludur. Kimin haqlı, kimin haqsız olduğunu oxucu özü müəyyənləşdirməli olur.

 

“Kameliyalı qadın”. Aleksandr Düma (oğul). 1848

 

 

Bu romanın gerçək obrazı fransız burjua cəmiyyətində məşhur olan yüngül əxlaqlı, macəraçı qadın, Aleksandr Dümanın sevgilisi Mariya Düplessidir. O, 23 yaşında vərəmdən dünyasını dəyişib. Ağır xəstəliyə baxmayaraq, Mariya əyləncəli həyat yaşayır, məşuqlarını əlcək kimi dəyişirdi. Bu yüngül əxlaqlı qadının adı Eje Syu, Alfred de Müsse, Roje de Bovuar, Arsen Usse kimi məşhur yazıçılarla hallanırdı.

 

Aleksandr Dümanın yaratdığı obrazın adı Marqarita Qotyedir. Marqarita günlərin birində belə bir sualla qarşı-qarşıya durur: Fahişənin sevməyə haqqı varmı? O, aşiq olmuşdu. Sevgilisi Arman Düvalla bir kənddə baş-başa yaşamaq idi arzusu. Amma keçmişi Marqaritanın gələcəyini hədələyrdi.

 

Marqaritanın qaranlıq keçmişi Düvalın atasına da sirr deyildi. O, qəti şəkildə bu izdivaca qarşı çıxır. Marqarita anlayır ki, keçmişin bataqlığından artıq gələcəyə dair heç nəyi xilas etmək mümkün deyil. Və səssizcə öz keçmiş peşəsinə – fahişəliyə qayıdır.

 

Düval yalnız sevgilisinin ölümündən sonra ayrılığın səbəbini anlayır.

 

“Cinayət və cəza”. Fyodr Dostoyevski. 1866

 

 

“Cinayət və cəza” əsərində Sonya Marmeladova – məsum fahişə obrazı oxucular üçün əməlli-başlı sensasiya idi. Dostoyevski əsərində həyatın digər üzünü açıb göstərmişdi. Əvvəlcə Sonyanın rolu ikinci dərəcəli idi, bir neçə düzəlişdən sonra bu obraz əsərdə əsas yerlərdən birini tutdu.

 

Sonya ailəsini təmin etmək üçün bədənini satmağa məcburdur. O tək yaşayır, çünki hökumətdən fahişəliyni təsdiq edən sənəd – sarı bilet alıb. Sarı biletin sahibi isə artıq ailəsi ilə birlikdə yaşaya bilməz, ailə üzvləri qəbul etsə də, ev sahibəsi belə rüsvayçılığa göz yummaz.

 

Onun köməyilə müəllif romanın başlıca məğzini çatdırırdı: “Firavanlıqda xoşbəxtlik yoxdur. Xoşbəxtlik əzablarla qazanılır. İnsan xoşbəxt olmaq üçün doğulmur. İnsan ağrılarla xoşbəxtliyini əldə edir”.

 

Dostoyevskinin öz qəhrəmanı haqqında bütün sitatları sevgi və qayğıyla doludur. O, Raskolnikovla bərabər Sonyanın taleyi üçün narahatdır.

 

Raskolnikovun həbsindən sonra Sonya dekabristlərin qadını kimi onun ardınca katorqaya gedir. Sonyanın fədakarlığı, məhəbbəti Raskolnikova keçmişin günahlarını yumaqda kömək edir. Bir məqamda Raskolnikovun ağlayaraq onun önündə diz çökməsi romanın təsirli səhnələrindəndir.

 

“Onları sevgi yaşadırdı, hər biri digəri üçün yaşam qaynağı idi”, – Dostoyevskinin romanı bu sözlərlə bitir.

 

“Nana”. Emil Zolya. 1880

 

 

Belə hesab olunur ki, “Nana”nın – Anna Kuponun prototipi fransız naturşitsa, aktrisa, müğənni kimi tanınan yüngül əxlaqlı qadın Blanş d’Antinya olub. Onun məşuqları sırasında hətta Misirin vitse-sultanı İsmayıl paşa da vardı.

 

Müəllif axmaq və natəmiz Nananı təsvir etməklə Fransız imperiyasının zahiri dəbdəbəsinin iç üzünü açır, eyiblərini nümayiş etdirir. O, Nananı peyinli milçəklə müqayisə edir, o “milçək” ki, bircə toxunuşu ilə ətrafa çirkab saçır – onun aşiqləri ölürlər, müflis olurlar, arvadlarından ayrılırlar, mənəvi cəhətdən çökürlər.

 

Naturalist nəsrinin görkəmli nümayəndəsi olan Emil Zolya Nananın növbəti qanlı-qadalı müharibənin başlanğıcı ilə üst-üstə düşən sön günlərini belə təsvir edir: “Çiçək xəstəliyinə yoluxmuş qadın mehmanxana nömrəsində uzanıb, keçmiş sevgililərindən heç biri ona yaxınlaşmağa cürət etmir. Qadının irindən ovulmuş sol gözü tamamilə sıradan çıxmışdı, sağ gözü yarıaçıq idi və üfunətli qara dəliyə bənzəyirdi. Burnundan irin axırdı. Elə bil bu mənfur qadının bütün cəmiyyəti zəhərlədiyi şər onun özünə qayıdıb sifətini çürütmüşdü”, – müəllif romanın son səhifələrində yazırdı.

 

“Dirilmə”. Lev Tolstoy. 1899

 

 

Tolstoyun 60-cı illərdə yazdığı məktubunda belə sözlər var: “Sevməyi bacaran adam hər şeyə qadirdir”.

 

Bu sözlərin özəyində “Dirilmə” əsərinin qəhrəmanının xarakter xüsusiyyətlərini tapmaq olar. Hətta Katyuşanın yaşadığı ən dəhşətli sarsıntılar, insanlıq və qadınlıq qürurunun alçaldılması belə onu həyatı və insanı sevməkdən məhrum edə bilməmişdi.

 

Hərçənd deyilənə görə, “Dirilmə” əsərində müəllif qismən öz taleyini qələmə alıb. Bacısının evində çalışan qulluqçu Qaşanı yoldan çıxaran Lev Tolstoy sonralar etdiyi hərəkətdən dərin peşmançılıq duyur. “O, məsum idi, onu mən yoldan çıxardım, onu qovdular, o da məhv oldu”, – Tolstoy ölümündən az əvvəl həmin hadisəni xatırlayırmış.

 

Dmitri Nexlyudov da eynilə Tolstoy kimi əzab çəkirdi…

 

Bədənini satmaqla pul qazanan Katya Maslovanı bu həyata insanlar sürükləmişdi. Bəziləri fərqində olaraq, bəziləri isə bilməyərəkdən. Məsələn, gənclik eşqiylə Katyaya yaxınlaşan Dmitri Nexlyudov ağlına da gətirmirdi ki, bu kiçik əyləncə məsum qıza baha başa gələcək. Onların hər ikisinin qəlbində kəpənəklər uçuşurdu. Hər şey o qədər saf və təmiz idi ki. Kimin ağlına gələ bilərdi ki…

 

Hamilə qalan Katya evdən qovulur. Ağır şərtlərdə dünyaya gətirdiyi uşaq tələf olur. Meşəbəyinin evinə düşən Katya burda da təcavüzə məruz qalır. Katya kişilərə hər cür xidmət göstərən fahişəyə çevrilir.

 

Nexlyudov illər sonra keçmiş sevgilisinə rast gələndə gözlərinə inanmır. O, özünü günahkar sayır və Katyaya evlilik təklif edir. Ancaq Katya imtina edir.

 

“Siz gərək Allahı o vaxt yada salardınız! – qadın çığırır ,- Sən mənimlə bu dünyada əylənirdin, mənim sayəmdə də o dünyada xilas olmaq istəyirsən!”

 

Dmitri Nexlyudov özünü ləyaqətli aparır, sona qədər Katyanın yanında olur. Hətta katorqaya qədər onu müşayiət edir, heç olmasa azacıq da olsa qadının əzablarını yüngülləşdirmək istəyir. Sadə insanlarla ünsiyyət kübar ailədə böyümüş, ali təhsilli Nexlyudova həyatın görmədiyi qapılarını açır. O, əvvəllər bilmədiyi, fərqinə varmadığı nəsnələri görür, duyur və bütün bunlar onun dünyagörüşündə yeni üfiqlər açır.

 

“Gombul”. Gi de Mopasson. 1880

 

 

Tənqidçilərin fikrincə, fransız yazıçılarının fahişə obrazları demək olar ki, məsum və incə varlıqlardır. Bu qadınlar onları incidənlərdən intiqam almaq və cəmiyyətə onun rifahı naminə “xidmət etmək” istəyirlər. Mopassonun Gombul obrazı da bu qəbildəndir.

 

Bu ləqəbi qadına zahiri görkəminə görə, köklüyünə görə veriblər. Qadının qabarıq formaları kişilərin nəzər-diqqətini daha çox cəlb edir.

 

Fransa-Prussiya müharibəsi gedir, doğma Ruan şəhəri almanlar tərəfindən işğal olunub. Gombul ləqəbli qadın şəhərdən getməyi üstün tutur. Ekipajda onunla birgə yüksək təbəqəni təmsil edən adamlar, tacirlər və iki rahibə də olur. Rahibələr fahişə kimi ad çıxarmış bu qadının təklif etdiyi qidalardan məmnuniyyətlə yeyirlər, alman zabiti ekipajı şəhərdən buraxmaq istəməyəndə isə təkid edirlər ki, Gombul onunla intim əlaqəyə girsin.

 

“Bir halda ki, fahişəlik onun peşəsidir və o, bunu bütün kişilərlə edir, kiməsə yox deməyə nə haqqı var?”, – rahibələrdən biri deyir.

 

“Bəzən elə olur ki, mühakimə olunmalı bir hərəkət, xeyirxah məqsədə xidmət etdiyi üçün təqdir edilir”, – ikinci rahibə təkrar edir.

 

Yol yoldaşlarının təkidilə Gombul zabitlə intim əlaqəyə girir,  bundan sonra isə gözlənilməz reaksiya ilə üzləşir, hamı ondan üz çevirir.

 

BIR CAVAB BURAXIN