Kulis.az Azər Qismətin “Tolstoyun münaqişəli ailəsi” yazısını təqdim edir.
Sevastopolun müdafiəsində böyük rəşadət göstərən insan, yazıçı və publisist, ömrünün son illərində dini təriqət –Tolstoyçuluğun əsasını qoyan Lev Nikolayeviç Tolstoyun ailə həyatı sakit keçməyib. Ətrafında kifayət qədər muzalarının olmasına baxmayaraq, Lev ciddi şəkildə ailə sahibi olmaq istəyib. O, 1850-ci illərin sonunda Sofya Andreyevna Berslə tanış olur. Moskvalı həkimin qızı Sofyanın damarından həm də alman qanı axıb. Tolstoy onunla izdivac quranda qızın 18 yaşı varmış. İlk illər Lev Sofya ilə evlənməsinə peşmanlıq çəkmir. Çünki o, ilk romanını “Ailə xoşbəxtliyi”ni yazanda artıq ailə qurmuşdu. Əlbəttə, həyat yoldaşı yaxşı olanda nəinki bir roman, epopeya da yazmaq olar. Görünür, Tolstoyun bəxti gətirmişdi. Qəlbində gənc qıza 3 il sevgi bəsləyəndən sonra nəhayət 1862-ci ildə onunla evlənmişdi. Sofyanın timsalında o, nəinki bir həyat yoldaşı, eləcə də etibarlı tərəfdaş, bütün işlərində köməkçi tapmışdı. Sofya həm ev işləri görər, həm də ərinin əsərlərinin qaralamalarını yeni ağ vərəqlərə köçürərmiş. Nəzərə alsaq ki, Tolstoy hər gün uzun-uzadı səhifələri başa çatdırarmış, onda Sofyanı anlamaq elə də çətin deyil. Tolstoyun həyatında yeni sevincli mərhələ başlanmışdı. Yaxşı həyat yoldaşı onun işinə qarışmır, qanını qaraldıb ilham pərisini qaçırmırdı. Lakin neyləyəsən ki, hər sevincli günlərdən sonra qarışıqlıq yaranır.
Günlərin birində qonşular Tolstoyun evində səs-küy eşidiblər. Əvvəlcə təəccüb içərisində nə baş verdiyini anlamağa çalışıblar. Günlər ayları əvəz etdikcə belə mübahisə və qışqırıqlara adət ediblər. Levlə Sofya arasındakı narazılıq Yasnaya Polyanada qeybətə əsas verib, adamlar dükan-bazarlarda bu barədə danışarmışlar. Nəhayət, Lev Tolstoy evdən çıxıb gedib. Masanın üzərinə məktub qoyub: “Elə düşünmə ki, getməyimin səbəbi səni sevməməyimdədir. Mən səni bütün qəlbimlə sevirəm. Gedişim hansısa arzumun həyata keçməsinə dair səndən nəsə tələb etməklə bağlı deyil. Yalnız sənin həyata sakit və laqeyd münasibətindədir. Daha səninlə birgə yaşayışın mənası yoxdur və məntiqsizdir. Əlvida. Qoy Tanrı sənə yar olsun”.
Əslində, Tolstoyun ailə həyatındakı münaqişə çoxdan başlanmışdı. Artıq neçə ay idi ki, evdə qeyri-sabit atmosfer hökm sürürdü. Ərlə arvad arasındakı söz-söhbət saatlarla çəkər, sonu göz yaşları ilə bitərmiş. Sofya Andreyevna hər dəfə ərinə özünü öldürəcəyini deyəndə qonşular həyəcan keçirərmiş. Tolstoy həyat yoldaşının doğrudan da belə edəcəyindən qorxub sakitləşər, evdən çıxıb gəzişərmiş. Evlilik həyatından 48 il sonra bütün bunlara dözə bilməyən yazıçı Yasnaya Polyanadan getdi.
Məktubu oxuyan Sofya özünə sui-qəsd etdi. Həkimlərin səyi nəticəsində ölmədi. Həmin vaxt Tolstoy Rostova istiqamət götürmüşdü. Belə bir deyim var ki, ürəkdən ürəyə yol var. Yolda yazıçının halı pisləşib, qızdırması artıb. Ərinin xəstələndiyini eşidən Sofya yola çıxır və Tolstoyu ağır vəziyyətdə Astapovo stansiyası rəisinin evində yataqda tapır.
Bəs, Tolstoyla Bers ailəsinin dostluğu haradan başlayıb? Sofyanın anası Lyubov Bers Tolstoy ailəsi ilə çoxdan tanış imiş. Lev Nikolayeviç Bers ailəsinin Pokrovski-Streşnevdəki bağına tez-tez gedərmiş. O, böyük məmnuniyyətlə balaca qızlar – Sofya və bacısı Liza, ərköyün Tanyanın əlindən tutub gəzməyə apararmış. Şən oyunlar xorda oxumaqla davam edər, ev tamaşalarındakı aktyorluq ifaları xoş günlərə rəng qatarmış. Balacalar gənc qrafdan ötəri çox darıxardılar. Bu darıxma onun Qafqaza gedişindən sonra daha da dərinləşdi. Üstündən illər keçdi, Lev qayıtdı. Hərbi formada qayıdışı illər sonra qızların yadından çıxmayıb. Həm də təkcə hərbçi kimi yox. İndi o, “Sevastopol hekayətləri” əsərinin müəllifi kimi şöhrət qazanmışdı. Bu dəfə Tolstoyu 3 gözəl xanım qarşıladı. Vaxtilə əllərindən tutub gəzdirdiyi uşaqlar yeniyetməlik çağına qədəm qoymuşdular. Uşaq baxışlarını yetkin xanım marağı əvəz etmişdi. Onlar qraf və hərbçinin kişi məziyyətlərinə nəzər salır, gözlərini çəkmir, hər danışığına diqqətlə qulaq asardılar. Levin hər gəlişi xəbər veriləndə bacılar Lizanı geyindirib bəzəyərdilər. Ailə üzvləri Liza ilə Levin nişanlanacağı anı gözləyirdilər. O, isə hələ tələsmirdi. Bu gözləmə bir il çəkdi. Lev Nikolayeviç səbirsizliklə baxılan gözlərə nəzər salıb dedi ki, onun Liza ilə evlənməsi alınmayacaq: “Mən qərara gəlmişəm ki, daha bura gəlməyim. Sizin qızınıza yalançı vəd verib aldada bilmərəm”. Həyatın ironiyası özünü göstərdi. Ortancıl qız Sofya ədəbi yaradıcılığa başladı. Və “Nataşa” adlı povest yazdı. Əsər Levə təqdim ediləndə o, knyaz Dublitski obrazında özünü gördü. Artıq bu dəfə Sofyaya başqa gözlə baxıb vuruldu. Həmin andan Bers ailəsinə gediş-gəlişi artdı. Bacılar yazıçının Sofyaya baxışını tutub gülüşürdülər. Günlərin birində Sofya kiçik bacısı Tanyaya dedi: “Mənə elə gəlir ki, Lev Nikolayeviçi sevməyə başlamışam”. Tolstoy ürəyini açanda Sofya bu izdivaca razılaşdı.
Sofya Berslə tanışlığa qədər Lev Tolstoy avara həyat tərzi sürürmüş. Qadınlarla görüşər, qumar salonlarında saatlarını keçirərmiş. Belə həyat tərzini Sofyadan gizlətməyi vicdanına sığışdırmayıb keçmişdə nələrin baş verdiyini danışdı. Hətta gündəlikdə həyatının necə keçdiyi barədəki qeydlərinə də nəzər saldı. Orada subay yazıçının pul borcları, dostları ilə gəzdiyi kənd qızları, bir yerdə yaşamağa hazırlaşdığı qaraçı qız, Yasnaya Polyananın yay gecələrində ona zövq yaşadan kəndli qadın Aksinye haqqında yazılmışdı. Sofya dəhşətə gəldi. Heç vaxt inanmazdı ki, Lev belə işlər görə bilərmiş. Ancaq bu, Lev Nikolayeviçə sevgini azaltmadı. 1862-ci ilin sentyabrında onlar nigaha girdilər. Sofyanın 18, Tolstoyun 34 yaşı vardı. Toyun ertəsi günü Tolstoy gündəliyində yazdı: “Ağır gecə…Bu o deyil…”. Tolstoy anladı ki, arzuladığı qadınla evlənməyib. Elə birinci mübahisə də bal ayı ərzində baş verdi. Barışdılar və Yasnaya Polyanaya köçdülər. Sofyanın birinci işi subay Tolstoyun evini yığışdırıb təmizləmək oldu. Ev işləri qurtaranda isə darıxmağa başladı. Əri ona ümumi təsərrüfatı həvalə etdi. Sofyanı inəklərə baxmağı, bir də xama hazırlamağı tapşırdı. Ancaq bu Sofyaya sevinc və zövq yaşatmadı. Yenə darıxdı. Tolstoy həyat yoldaşının darıxmaması üçün təzə iş tapdı. Beləliklə, “Hərb və sülh” əsərinin qaralamasını təmiz vərəqlərə köçürməklə Sofyanın darıxdırıcı günləri ötüb keçdi. Hər gün bu işlə məşğul olurdu. Həm oxuyur, həm də köçürürdü. Əyləncəli idi.
Əyləncə Tolstoyun həyatını da ağuşuna aldı. Sofya uşaq dünyaya gətirəndə Lev çarpayısının yanından çəkilmədi, çünki ilk uşağının sevincini elə oradaca yaşamağa çalışırdı. Lev Sofyanın əlindən tutub, alnındakı tərini sildi, qulağına sevgi dolu sözlər pıçıldadı. Doğuş uğurlu keçdi. Körpənin adını Sergey qoydular. Onun gəlişi ilə mübahisələr daha da artdı. Hər ikisinin gündəliyində bunu aydın şəkildə görmək olar. Lev Tolstoy yazırdı: “Səhər yuxudan həyat eşqi ilə oyananda baxıb görürəm ki, qrafinya ancaq deyinməklə, mızıldamaqla məşğuldur”. Sofya isə yazırdı: “Sinəmin ağrısı həyatımı yerindən oynadır. Onun qayğısını görmək istəyirəm…lakin o məndən soyuyub…Mənə darıxdırıcıdır, tənhayam”. Körpəni südlə təmin edə bilmədiyinə görə Lev Tolstoy evə dayə və südlə təmin edən qadın gətirdi. İllər keçdi, mübahisələr səngidi. Sergeydən sonra Lev Tolstoyun 12 uşağı dünyaya gəldi. Onlardan 4-ü uşaq ikən vəfat edib. Qraf yaradıcılıqla məşğul olar, kənd məktəbində müəllimlik edər, qrafinya isə övladlarını böyüdərmiş.
“Anna Karenina” əsərindən yaranan şöhrət Tolstoyda sevinc hissi doğurmayıb. Əksinə, adıçəkilən əsərə sərf etdiyi enerji getdikcə beynində təbəddülatlar yaradıb. Hətta özünü öldürmək istəyib. Bütün suallarına “Bibliya”da cavab axtaran Lev Tolstoy həyatın mənasına dair öz ehtimallarını irəli sürüb. Onlardan biri belə idi ki, insan istənilən şərə qarşı xeyirxahlıq göstərməlidir. Anlayıb ki, hər bir insan özünü təmin etməlidir. Vegetarianlığa başlayıb, siqareti və içkini tərgidib, sadə geyinib, özünə ayaqqabı tikib, tarlada işləyib. Qraflıqdan gələn maliyyəni kasıblara paylayıb, evdəki xidmətçilərini mükafatlandırıb.
Günlər keçir, Tolstoy öz fəlsəfəsini həyat yoldaşına təlqin etməyə çalışırdı. Sadə paltar geyinib kəndlilərlə tarlada işləməyə həvəsləndirirdi. Sofya buna razılaşdı, lakin ağrılardan qovrularaq yataq xəstəsi oldu. O, ərinin yeni fəlsəfi çalarını anlamır, mübahisə edir, əvvəlki rahat həyatı arzulayırdı. Lev Tolstoy Sofya ilə mübahisəni gündəliyində belə yazıb:
– Sən mənim arvadım olmaqdan çıxırsan. Sən kimsən? Ərinə köməkçi? Sən çoxdan mənə mane olursan. Sən anasan? İndi heç uşaq da dünyaya gətirmək istəmirsən? Gecələrimin rəfiqisən? Hətta sən bunu da oyuncaq edib üzərimdə hakimiyyəti əla almaq istəyirsən.
Mübahisələrin birində yazıçı onu boşayacağı ilə hədələyib. Sofya göz yaşları içində paltarlarını hazırlayıb ata yurduna getmək istəyib. Yaşlı qohumlar onları barışdırıb. Tarixi araşdırmalara əsasən Tolstoy ağlayıb, arvadının onu bağışlamasını diləyib. Lakin bu qənaətə gəlib ki, həyat yoldaşı onu anlamır, getdikcə özünə qapanıb. İllər keçib, Lev Tolstoy daha Sofyanı özünün fəlsəfi təlimi ilə narahat etməməyə çalışıb. Sofya da onu hirsləndirməyib. Çünki hər yeni münaqişədə yazıçı onu atıb gedəcəyi ilə hədələyərmiş. Sonuncu münaqişə isə əsəbləri tarıma çəkib, Lev Tolstoy bir məktub qoyaraq evdən çıxıb. Sofya gündəliyində yazıb: “Əzizim, axı niyə? Neçə illər boyunca mən sənə etibarlı dost olmuşam. Nə oldu sənə? Nə baş verdi? Xeyli müddətdir ki, səni anlamaq mənə müyəssər olmur. Mənim həyat yoldaşım, səni çox sevirəm”.
Tolstoy Sofyanın gündəliyini oxuya bilmədi. Çünki çıxıb getmişdi. Həmişəlik. /Ədəbiyyat qəzeti/