‘Tikintidə azalma rəsmi rəqəmlərdən daha çoxdur’

0
654

Bu il inşaat sektorunda tənəzzül yaşanır. Azərbaycan prezidenti İlham Əliyevin dilə gətirdiyi bu sözlər mövcud durumu bir daha xatırladıb.

Prezident dekabrın 24-də – Yasamal Yaşayış Kompleksində tikiləcək binanın təməlqoyma mərasimində bildirib ki, tənəzzül həm dövlət investisiyalarının azalmasından, həm də sahibkarların mənzil inşaatına az fikir verməsindən qaynaqlanır:

“Ümumi Daxili Məhsulumuzun (ÜDM-in) inkişaf və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ÜDM-i aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir, çünki gəlirlərimiz azalıb və biz, ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişdik. Digər səbəbsə, əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq”.

 

İnşaat sektorunda azalma Azərbaycan iqtisadiyyatının kiçilməsinin başlıca səbəbi kimi göstərilir. Bu ilin 11 ayında bu sektorda istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz azalıb. İstər-istəməz, sual doğur: İnşaat sektoruna sahibkar və özəl qurumların marağı niyə azalıb?

“İş adamları qazanc güdürlər”

Əmlak məsələləri eksperti Rəşad Əliyev yaşayış binaları tikintisindən söz gedirsə, buraya marağın azalması fikri ilə razıdır: “Marağın azalmasına səbəb – bazarda ödəməqabiliyyətli alıcıların az olmasıdır. Tikəcəyi binada mənzillərin tam satılacağına əmin olmayan işadamı, bu halda layihəyə ehtiyatla yanaşacaq. Kimi layihəni ertələyir, kimi onun icrasını ləngitməyə başlayır, kimi də əvvəlki templə işinə davam edir. Bu da təbiidir. İş adamları qazanc güdürlər”.

Ekspertin sözlərinə görə, tikinti sektorundakı çöküş makroiqtisadi şəraitin pisləşməsindən qaynaqlanır: “Dövlət belə vəziyyətdə investisiya xərclərini azaldır, əhalininsə daşınmaz əmlaka tələbatı azalır. Bu da son nəticədə pulun tikinti sektoruna axışını zəiflədir. Pulun azalması öz məntiqi nəticəsini gətirir”.

“Sektorda geriləmə 50 faizi aşır”

İqtisadçı ekspert Rəşad Həsənov sözügedən sektorda azalmanın rəsmi rəqəmlərdən çox olduğunu bildirir: “Rəsmi statistikaya görə, bu il tikinti sektorunda 28 faiz daralma gözə çarpıb. Ancaq müşahidə və bu sahənin biznes subyektləri ilə müzakirələr geriləmənin 50 faizi aşdığını göstərir”.

O da başlıca səbəblər sırasında alıcılıq qabiliyyətinin və dövlət investisiyalarının kəskin azalmasını, ipoteka bazarında durğunluğu, kreditləşdirmənin dayandırılmasını və s.-i sadalayır.

“Yerli sahibkarlar da… maneəsiz daxil ola bilməzdilər”

Ekspertin fikrincə, inzibati əngəllər də xarici investorların tikinti sektorunda iştirakçılıq payını aşağı salan amillərdən olub: “Hətta yerli sahibkarlar da bu bazara maneəsiz daxil ola bilməzdilər. İndi şərtlər nisbətən yumşaldılıb, lisenziyalar ləğv edilib və s. Ancaq eyni zamanda tələbatın azalması, qiymətlərin ucuzlaşma meyli, sosial mənzillərə meydan verilməsi və bu kimi digər amillər yerli və xarici investorların gözündə tikinti sektorunun cazibəsini aşağı salır. Başqa sözlə, hələlik, tikinti sektoruna yeni oyunçuların daxilolma ehtimalı yetərincə zəifdir”.

BIR CAVAB BURAXIN