Tezliklə xarabalıqların yerini yeni Ağdam əvəzləyəcək

0
1625

İşğal dövründə Ermənistanın dağıdaraq yer üzündən sildiyi Ağdam artıq kabusların məskəni deyil. Həyata keçirilən bərpa-quruculuq işləri onu göstərir ki, azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Dövlət başçısının hər səfəri zamanı atdığı təməllər bizi abad, müasir, inkişaf etmiş Ağdama yaxınlaşdırır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfərləri zamanı bir sıra obyektlərin və yaşayış məntəqələrinin təməlini qoyması, rayon sakinləri tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanıb. Bu günlərdə dövlətimizin başçısı və birinci xanım Ağdama səfəri zamanı Ağdam şəhərində daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, dəmir yolu və avtovağzal kompleksinin, təməlini qoyub, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Görülən işlər, həyata keçirilən layihələr burada sakinlərin xoşbəxt, firavan və rahat yaşamalarının təmin edilməsi üçündür və biz ağdamlıların ürəyincədir. Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış edən Prezident qeyd etdi ki, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi. Ağdamın yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər edilib. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Ağdam regionun ən müasir, ən gözəl şəhərinə çevriləcək və ağdamlıların burada yenidən xoşbəxt günləri başlayacaqdır.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc