Terror vəziyyətdən çıxış yolu deyil

0
613

 

Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi bir andaca dünyanın diqqətini özünə cəlb etdi. Bu, zənnimizcə təsadüfi deyildi. Hər halda səfir bütün dünyada toxunulmaz hesab edilir və ona qarşı həyata keçirilən istənilən addım beynəlxalq aləm tərəfindən pis qarşılanır. Ona görə də səfir Karlovun öldürülməsi və bu zaman rusların Suriyadakı soyqırımlarının əsas gətirilməsi heç vaxt terrorçuya haqq qazandıra bilməz. Karlovu öldürən 22 yaşlı Altıntaşın qətli Suriyada ruslar tərəfindən günahsız axıdılan qanlara görə həyata keçirdiyini qışqıra-qışqıra deməsi də zənnimizcə cinayətkarın özünə haqq qazandırmağa cəhd etməsi kimi dəyərləndirilə bilər. Hər halda cənab Karlovun Suriyada onun ölkəsinin axıtdığı qanlara görə günahkar olduğunu söyləmək məsələyə münasibətdə mənqtiqsizlikdən, qeyri-sağlam düşüncədən çıxış etmək anlamına gəlir. Çünki Karlovu öldürməklə Hələb problemini həll etmək, orada axıdılan qanları dayandırmaq mümkün deyil. Hələbdə baş verən qırğınlarda Rusiyanın, həmçinin İranın günahı olduğu heç kimə sirr deyil və son illərdə beynəlxalq aləmdə bu məsələ dəfələrlə gündəmə gəlib. Həqiqətən də Hələb Rusiya aviasiyası tərəfindən xarabazara çevrilib və orada minlərlə dinc sakin bomba yağışı altında məhv olub. Onların böyük əksəriyyətinin uşaqlar, qadınlar və qocalar olduğunu nəzərə alsaq, onda Hələbin XX əsrdə bölgədə təsir dairəsi uğrunda mübarizə aparan supergüclərin qurabnına çevrildiyini söyləmək olar. Digər tərəfdən də Suriyada, eləcə də İraqda, Liviyada, Əfqanıstanda və bir çox yerlərdə baş verən qırğınlarda yalnız Rusiya deyil, həm də Qərb ölkələri, o cümlədən müsləman qırğınlarında kimlərinsə əlində vasitəyə çevrilən İran və digər islam ölkələri də günahkardırlar. Nə qədər acı və ağır da olsa deyək ki, bu gün faktiki olaraq supergüclər tərəfindən Yaxın Şərqdə müsəlman qırğınları həyata keçirilir. 1979-cu ildə Əfqanıstanda SSRİ tərəfindən başladılan müsəlman qırğınları sanki islam aləminə səlib yürüşü üçün bir siqnal oldu. 1981-1988-ci illərdə Fransa tərəfindən dəstəklənən İraqın İrana hücumu və böyük dağıntılara səbəb olaraq 3 milyondan artıq insanın ölümünə gətirib çıxardı. Ötən əsrin 90-ci illərində müsəlman qırğını estafetni Rusiyanın əlindən qəbul edən ABŞ onu İraqda, daha sonra Əfqanıstanda və digər yerlərdə davam etdirdi. Daha sonra Qərb ölkələri ərəb baharı adı altında Tunis, Liviya və Suriyada qırğınları daha dəhşətli şəkildə davam etdirdilər. Suriyada baş verən hadisələrdə öz maraqlarını güdən Rusiyanın və İranın Əsəd rejiminə hərtərəfli dəstək verməsi isə adı çəkilən ölkəni orada yaşayan günahsız insanlar üçün əsl cəhənnəmə çevirib. Bu gün istər Qərbin əlində müsəlman qırğınları üçün çirkin vasiətəyə çevrilən İŞİD, istərsə də Rusiya və İran tərəfindən müdafiə edilən Əsəd rejimi qədim sivilizasiya mərkəzi olan bu ölkəni xaraba qoyub. Bir sözlə Suriyada baş verənlərdə yalnız Rusiya və İran deyil, həm də Qərb ölkələri və onların bölgədəki havadarı olan dövlətlər də günahkarlardır. Nəhayət Suriyada, İraqda və digər yerlərdə supergüclər tərəfindən həyata keçirilən soyqırımları qarşısında islam dünyasının gücsüz oduqlarını nümayiş etdirməsi də müsəlman qırğınlarının daha da genişlənməsinin əsasını qoyub. Bu baxımdan Suriyada baş verənlərə görə rusiyalı səfirin öldürülməsi çətin ki, bölgədə nəyi isə dəyişə bilsin. Mənə elə gəlir ki, islam dünyası Suriyada baş verənlərdən nəticə çıxarmalı və bu cür qırğınların digər bölgə ölkələrində də təkrarlanmaması üçün birgə tədbirlər həyata keçirməlidir. Əks halda Suriyadakı qətllərin digər bölgə ölkələrində də təkrarlanmayacağına heç kim zəmanət verə bilməz. Bütün hallarda terrorla, ayrı-ayrı adamları öldürmək yolu ilə Suriyada qırğın alovlarını söndürmək, onun digər bölgə ölkələrinə də yayılmasının qarşısını almaq mümkün deyil. Bir sözlə terroru vəziyyətdən çıxış hesab edənlər bununla da islam aləmini daha böyük faciələrə sürüklədiklərini anlamalı və bundan nəticə çıxarmalıdırlar…

BIR CAVAB BURAXIN