Tehran və Shell İranın neft-qaz yataqlarına dair saziş imzalayıblar

0
738

11

İran rəsmilərinin verdiyi xəbərə görə Tehran və Royal Dutch Shell şirkəti arasında neft və qaz yataqlarının inkişaf etdirilməsinə dair ilkin saziş imzalanıb.

Shell dünyanın ikinci neft-qaz nəhəngidir.

İngilis-holland şirkətinin məlumatında deyilir ki, Shell və İran Dövlət Neft Şirkəti arasında “potensial əməkdaşlıq sahələrinin daha geniş araşdırılması” barədə niyyət memorandumu imzalanıb. Şirkət razılaşmanın təfərrüatları barədə məlumat vermir.

Təhlilçilər bildirirlər ki, bu xəbər ABŞ-da prezident seçilmiş Donald Trump-ın Tehranla nüvə sazişini ləğv edəcəyi barədə təhdidə baxmayaraq transmilli şirkətlərin İranla biznesə can atdığını nümayiş etdirib.

Bundan əvvəl İran Neft Nazirliyinin rəsmisi bildirmişdi ki, Shell Tehranla Cənubi Azadeqan və Yadavaran yataqlarının, habelə Kiş qaz yatağının inkişaf etdirilməsinə dair üç anlaşma memorandumu imzalayacaq.

Cənubi Azadeqan və Yadaveran yataqları İraqla sərhəd boyunda yerləşir.

Shell şirkətinin sözçüsü isə bəyan edib ki, razılaşmaların “spesifik detalları məxfi saxlanacaq”.

Trump-ın bəyanatlarından qorxmurlar

Ötən ay Tehranla saziş imzalamış Total sanksiyaların qaldırılmasından sonra İranla əməkdaşlığa niyyəti olduğunu bildirən ilk Qərb şirkəti olub.

Total və İran arasında İranın neft və qaz yataqlarına dair ilkin razılaşma əldə edilsə də hələlik heç bir sənəd imzalanmayıb.

Wood Mackenzie firmasından Yaxın Şərq üzrə ekspert Humayun Fələkşahi deyib ki, bütün bu xəbərlər Tehranla Qərb arasında imzalanmış nüvə sazişinin davamlı olacağına inamı göstərir.

Təhlilçi bildirib ki, Shell və Total şirkətləri ilə ilkin razılaşmalar mötədil prezident Həsən Ruhaninin mövqeyinin möhkəmlənməsi üçün də yerinə düşüb.

Donald Trump özünün seçki kampaniyası ərzində İranla nüvə sazişini ləğv edəcəyini bəyan etmişdi.

İran özünün neft-qaz yataqlarının işlənməsi üçün ilk tenderi gələn ilin yanvarında elan etməlidir.

BIR CAVAB BURAXIN