Tehran İran prezidentinin Yerevan səfərinin detallarını açıqladı

0
544
 

İran prezidenti Həsən Ruhani Ermənistan, Qazaxıstan və Qırğızıstana səfər edir.

İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib ki, H.Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək.

P.İsmaili deyib ki, bir günlük səfər zamanı H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

P.İsmaili bildirib ki, H.Ruhani Ermənistandan sonra Qazaxıstana səfər edəcək. Qazaxıstanda da bir günlük səfər çərçivəsində iki ölkənin prezidentləri görüşəcək və bir neçə əməkdaşlıq sənədi imzalanacaq. Iki ölkə prezidentlərinin birgə mətbuat konfransı keçiriləcək.

Dekabrın 22-də axşam isə H.Ruhani Qazaxıstandan Qırğızıstana səfər edəcək. Qırğızıstan və İran iqtisadi fəallarının iştirakı ilə birgə forum keçiriləcək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə sənəd imzalanacaq. Səfərdə prezident H.Ruhanini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcək.

H.Ruhaninin region ölkələrinə səfəri dekabrın 23-də başa çatacaq.

BIR CAVAB BURAXIN