Son zamanlarda Rusiya Federasiyasına bağıı Tatarıstanda fəaliyyət göstərən Bütöv Tatar İctimai Mərkəzinə, onun başqanı Farid Zakiyevə qarşı rəsmi Moskva tərəfindən təzyiqlər artıb.
Arazinfo.com-un verdiyi xəbərə görə, Rusiya polisi Zəkiyevin evinə basqın edərək axtarış aparıb. Tatar lideri evində sorğu-suala tutulub. Məsələ ilə bağlı Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, baş verənlər təsadüfi deyil:
“Bütöv Tatar İctimai Mərkəzinə qarşı Tatarıstan məhkəməsinin açdığı dava da bu basqıların bir örnəyidir. Tatarıstan məhkəməsi bu təşkilatı radikallizmdə və Rusiya Federasiyasının qanunvericiliyinə zidd hərəkətlərdə ittiham edir. Halbuki Zakiyev və onun tərəfdarlarının əsas istəyi Tatar dilinin Tatarıstanda dövlət dili olması və tatarların milli haqlarının tanınmasıdır. Bununla bağlı Rusiya Federasiyasının da imzaladığını beynəlxalq bəyannamə də var.
Ancaq Rusiya Federasiyası zorakılığa əl ataraq Bütöv Tatar İctimai Mərkəzini məhkəmə yolu ilə ləğv etmək niyyətindədir. Son günlərdə Zakiyevin evində aparılan qeyri- qanuni polis yoxlamaları da təsadüfi deyil. Hətta, rus polisi Zakiyevin vəkilinin bu yoxlamalarda iştirakına qəsdən əngəl törədir. Hesab edirəm ki, Rusiya Federasiyasının tatarlara qarşı apardığı şovinist siyasətə son qoyulmalıdır. Vaxtılə bu torpaqların sahibi olan Türk- Tatar xalqlarını Rusiya Federasiyası asssimilyasiya etməkdən əl çəkməlidir. Bu siyasət Rusiyanı uçuruma aparır. Biz, BAO olaraq hər daim Rusiya Federasiyasında milli haqları uğrunda mübarizə aparan bütün Türk xalqlarını dəstəkləmişik. Bu baxımdan Bütöv Tatar İctimai Mərkəzinə qarşı baş verənləri qətiyyətli şəkildə pisləyirik. Hesab edirəm ki, Tatarıstan məhkəməsi haqsız bir hökm çıxarmaqdan uzaq durmalıdır”.
Arazinfo.com