Tarixin gedişini dəyişdirən ölümlər: Turqut Özal

0
712

 

Tarixdə elə ölümlər var ki, onlar bir andaca beynəlxalq aləmdə hadisələrin tamamilə əks istiqamətdə inkişafına səbəb olur. Mərhum prezident Turqut Özalın müəmmalı ölümü də nəinki Türkiyənin siyasi həyatını dəyişdirdi, həm də onu fərqli bir istiqamətə yönəltdi. Zeynəb Özal “Bir qadın, bir neçə həyat” kitabında Özalın ölümündə sui-qəsd hadisələrinin olduğunu faktlarla qeyd edir. O yazır: “Özal Kaya Toperinin israrı ilə bolqar rəssamının rəsm sərgisinin açılışında iştirak edir. O, bu tədbirdə ona təqdim edilən limonaddan içir. Çankaya köşkünə döndüyü zaman Özalın halı birdən-birə dəyişir. Bunu görən Özalın həyat yoldaşı Səmra xanım: “Mən sənə demədim ki, yoxlanılmamış və açıq şəkildə sənə təqdim edilən içkiyə və ya yeməyə əl vurma. Sözümə baxmadın, indi də nəticəsini görürsən,” – demişdi. Bu olaydan az sonra Özal infarkt keçirərək vəfat etdi. Səmra Özal ərinin məhz limonad vasitəsilə zəhərləndiyinə şübhə etmir. O, dönə- dönə təkrarlayır ki, burada sui-qəsd cəhdi olub. Məsələni Özalın şəxsi həkimi Çingiz Aslan da araşdırıb. O, məsələnin mahiyyətini bilmək üçün məşhur ürək həkimi doktor Bakeyi arayaraq, ona Özalın ölümqabağı vəziyyətini anladır. Bakey isə Özalın belə bir vəziyyətdə ölməsinin inanılmaz olduğunu vurğulayıb. O bildirib ki, ürək infarktından, adətən, ağrı çəkmədən milyonda bir adam vəfat edir. O: “Özalın qəfil ölümü və onun ölümqabağı yaşadığı anlar məndə onun zəhərlənərək öldürülməsi barədə təəssürat formalaşdırıb,”- deyib.

Baş verən hadisədən iki il sonra naməlum bir azərbaycanlı Özalın ailəsinə mesaj göndərib. O, mesajında bildirib ki, Özal o dövrdə Azərbaycan prezidenti olan Əbülfəz Elçibəylə yaxın dost olduğu üçün zəhər verilərək öldürülüb. Özalın ailəsi bu naməlum azərbaycanlının izinə düşüb. Ancaq izləndiyini hiss edən azərbaycanlı iz buraxmadan yoxa çıxıb. Zeynəb Özal hadisəni belə xatırlayır: “Anam baş verən hadisədəki həqiqətləri ortaya çıxarmaq üçün çox çalışdı. Amma hər dəfə də müəyyən qüvvələr tərəfindən qarşısına çıxarılan süni problemlərlə üzləşirdi. Bəzi adamlar müxtəlif kanallardan istifadə edərək hər vasitə ilə atamın ölümünün səbəbinin aşkara çıxarılmasına mane olurdular. Atam Azərbaycanın və Orta Asiya türk cümhuriyyətlərinin Rusiyanın caynağından qoparılaraq Türkiyənin təsiri altına düşəcəyinə inanırdı və bunun üçün gecə- gündüz çalışırdı. O, güclü, qüdrətli Türkiyə və türk dövlətləri arzulayırdı. Bu işdə Elçibəy onun əsas müttəfiqi idi”. Həmin dövrdə Rusiyada çox güclü zəhər əldə edilmişdi. Həmin zəhər insanı yemək yediyi zaman deyil, yeməkdən sonra istənilən vaxt öldürməyə qadir idi. Belə başa düşmək olar ki, Özala zəhəri rəssamın sərgisində Bolqarıstanın kəşfiyyat xidmətləri veriblər. Amma bu məsələnin üstünə vaxtında düşən olmadı və əldə olan bəzi faktlar yoxlanılmadı. Yalnız xeyli sonralar Özal ailəsinin israrı ilə Türkiyə kəşfiyyat idarəsi məsələni yenidən araşdırmağa başladı. Amma artıq iş-işdən keçmişdi. Ona görə də Özalın, həqiqətən də, zəhərlənərək öldürülüb-öldürülməməsini aşkara çıxarmaq mümkün olmadı. Özalın ölümü ilə bağlı ortada olan müxtəlif ehtimallar hələ yüz illər bundan sonra gələnləri də məşğul edəcək. Onun ölümü ötən əsr dünya tarixinin ən müəmmalı hadisələrindəndir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN