“TARİXİMİZİN ARAŞDIRILMASINDA YAQUB MAHMUDOVUN ROLU ƏVƏZSİZDİR” – MÜSAHİBƏ

0
760
Bu ilin fevral ayının 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olacaq. 80 illik ömrünün təxminən 60 ilini elmin inkişafına, tarixi faktların araşdırılmasına həsr edən hörmətli akademik qeyri-adi istedadı və milli təəssübkeşliyi ilə tarixçi-alimlər arasında hər zaman fərqlənib. Yaqub Mahmudov Azərbaycan və ümumdünya tarixinin ən müxtəlif sahələri üzrə çoxsaylı elmi əsərlər ortaya qoyub və alimin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.
Azərbaycanın orta əsr dövlətlərinin tarixi, ölkənin Avropa-Asiya əlaqələrində yeri və rolu, Azərbaycan xalqının mədəni irsi, onun təşəkkülündə rol oynamış dövlətçilik ənənələri və s. məsələlər kompleks şəkildə Yaqub Mahmudovun elmi yaradıcılığının çoxşaxəli istiqamətlərini müəyyən edib. 2004-cü ildən Tarix İnstitutuna rəhbərlik edən akademikin diqqət yetirdiyi mühüm məqamlardan biri də ermənilərin tarixən yeritdiyi işğalçılıq siyasətinin ifşa edilməsi olub.
Tarixçi-alimin 80 illik yubileyi ərəfəsində uzunmüddətli yaradıcılığını və effektiv fəaliyyətini dəyərləndirmək məqsədi ilə akademikin yaxın dostu, millət vəkili, tanınmış ictimai-siyasi xadim, texnika elmləri doktoru Vahid Əhmədovla söhbətləşmək qərarına gəldik. Bizi məmnuniyyətlə qəbul edən millət vəkili V.Əhmədov alimlə bağlı görüşlərini və xoş arzularını”Şərq”ə paylaşdı.
– Vahid müəllim, ən yaxın dostunuzun – akademik Yaqub Mahmudovun elmi fəaliyyətini və şəxsiyyətini necə dəyərləndirirsiniz?
– Yaqub Mahmudovun elmi yazıları, tarixi məqalələri, çap etdirdiyi dəyərli kitabları, Azərbaycançılıq ideologiyasına sadiqliyi hər zaman böyük əks-səda doğurub. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistanla yaranmış münasibətlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar problemin, ermənilərin Qafqaza necə, hansı yolla gəlib yerləşməsinin və s. məsələlərin araşdırılması Yaqub Mahmudovun və onun rəhbərlik etdiyi Tarix İnstitutunun əsas missiyası olub. Məhz akademikin araşdırmaları nəticəsində Tarix İnstitutunun buraxdığı yüzlərlə kitablar bir çox əcnəbi dillərə tərcümə olunub. İngilis, alman, italyan və başqa dillərə çevrilən əsərlər xarici ölkələrdə maraqla qarşılanıb, ictimai rəy formalaşdırıb. Yaqub müəllimin, ümumiyyətlə Tarix İnstitutunun əsas məqsədi Azərbaycanın ən böyük bəlası olan Dağlıq Qarabağ münaqişəsində həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub. Kitablardan əlavə tarixçi-alim bu sahə ilə bağlı yüzlərlə elmi məqalələr də yazıb. Öz genişmiqyaslı fəaliyyəti ilə bütün dünyaya sübut edib ki, ermənilər faktiki olaraq çar Rusiyası tərəfindən məqsədli şəkildə Qafqazda yerləşdirilib. Ona qədər isə bu torpaqların hamısı – Zəngəzur, Dərələyəz, İrəvan və s. ərazilər tarixi Azərbaycan torpaqları olub. Təəssüflər olsun ki, sonradan çar Rusiyasının həyata keçirdiyi siyasət nəticəsində ermənilər üçün əlverişli şərait yarandı və onlar bizim torpaqlarda məskunlaşdılar. 1988-ci ildə, yəni Azərbaycanla Ermənistan arasında vəziyyətin daha da gərginləşdiyi, Dağlıq Qarabağla bağlı narahatedici məqamların baş verdiyi dövrdə hadisələri olduğu kimi qələmə alaraq araşdırmaq, proseslərin ilk nöqtəsini ortaya çıxarmaq, hardan qaynaqlandığını və nəyə səbəb olduğunu izah etmək də məhz Yaqub müəllimə nəsib oldu. Bilirsiz, o zaman baş verənlər çox çətin tarixi proseslər idi və onları sübut etmək heç də asan deyildi. Ələlxüsus, ermənilərin törətdiyi soyqırımları dünyaya çatdırmaq, Xocalı soyqırımını geniş təhlil etmək, eyni zamanda düşmənin uydurduğu “erməni genosidi”nin ümumiyyətlə olmadığını dəlillərlə isbat etmək və s. məqamlar birbaşa Yaqub Mahmudovun səyi nəticəsində geniş təhlil edildi. Yaqub müəllimin tarixçi-alim, akademik və əməkdar elm xadimi kimi Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri həddindən artıq böyükdür.
Tarix sahəsində xidmətləri əvəzsizdir. Müstəqil Azərbaycan tarixini yazanlardan biri də məhz Yaqub müəllimdir. Əlbəttə, tarixin necə yazıldığına da elə gələcəkdə tarix özü layiqli qiymətini verəcək. Lakin hesab edirəm ki, Yaqub Mahmudovun araşdırmalarının hamısı çox ciddi və elmi dəyəri yüksəkdir. O, uzun müddət yorulmadan arxivlərdə işləyib, Rusiya başda olmaqla bir çox xarici dövlətlərin arxivlərində elmi araşdırmalar aparıb. Həyatı boyu çalışıb ki, Azərbaycanın başına gətirilən haqsızlıqları tarixi faktlarla, dəlil və sübutlarla dünya ictimaiyyətinin diqqətinə çatdırsın. Müstəqillik dövründə də Azərbaycanın mövqeyini, maraqlarını hər zaman müdafiə edib. İstər ümummilli lider Heydər Əliyev dövründə, istərsə də indiki Prezident İlham Əliyev zamanında Azərbaycan dövlət başçılarının qoyduğu əsas strateji mövqeni dəstəkləyib. Bu gün də eyni mövqedən çıxış edir. Ona görə də tarixçi-alim və gözəl ailə başçısı kimi Yaqub müəllimə çox böyük hörmətim var.
– Yaqub Mahmudov görkəmli alim olmaqla yanaşı, həm də Milli Məclisin üzvüdür. Həmkar kimi onun ictimai fəaliyyətini necə qiymətləndirirsiniz?
– Yaqub Mahmudov Azərbaycanda kifayət qədər tanınmış ictimai-siyasi xadimdir. Milli Məclisdəki fəaliyyətinə gəldikdə isə, Yaqub müəllimlə artıq 15 ildir ki, bir yerdə fəaliyyət göstəririk. Onun parlamentdə çıxışları çox vaxt Azərbaycan tarixi ilə əlaqədar olub. Ancaq əhalinin indiki vəziyyəti və seçildiyi Şəki sakinlərinin məsələlərini də Milli Məclisdə gündəmə gətirib və bir sıra problemlərin həllinə çalışıb. Yaqub müəllim lazım olan anda hətta dövlət başçısı İlham Əliyev və Administrasiya rəhbərliyi ilə də görüşür. Çalışır ki, ona müraciət edən insanların qayğısına qalsın, problemlərini həll etsin. Lakin vurğuladığım kimi Yaqub Mahmudovun Milli Məclisdə ən çox gündəmə gətirdiyi məsələ əsasən Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı olur. Əgər hansısa tərəflərdən Azərbaycana təzyiqlər edilirsə, Qərb dövlətləri, Avropa Parlamenti və Rusiya tərəfindən ölkəmiz ittiham olunursa, Yaqub müəllim dərhal sərt mövqeyini ortaya qoyur. Bu da onun Azərbaycançılıq ideologiyasına nə qədər güclü tellərlə bağlı olduğundan irəli gəlir. Yaqub Mahmudov öz millətini sevən adamdır. Buna görə də istənilən mübarizəyə qatılmağa hazırdır. Kifayət qədər təcrübəli alimdir. Kiminsə hesabına müdafiə edən alimlərdən deyil. Öz zəhməti və əziyyəti ilə yüksəlib, professor və akademik olub, Tarix İnstitutunun rəhbərliyinə layiq görülüb. Hələ də dayanmadan öz üzərində işləyir. Azərbaycanın tarixinin araşdırılmasında onun xüsusi xidmətləri var. Xüsusən, Tarix İnstitutuna rəhbərlik etdiyi 15 il ərzində Azərbaycan tarix elmində bir çox dəyişikliklərə imza atıb. Bir məqamı da qeyd edim, dövlət başçısı müəyyən məsələdə öz strateji mövqeyini bildirən kimi Yaqub Mahmudov dərhal o fikrin ətrafında geniş müzakirələrə başlayır. Məhz bu müzakirələrin nəticəsi olaraq müəyyən kitablar nəşr etdirir. Xatırlayırsızsa, bir müddət əvvəl Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdi ki, ümumiyyətlə ermənilərin öz torpağı olmayıb, onlar çar Rusiyasının hesabına bizim ərazilərdə özlərinə “dövlət” qurublar. Yaqub Mahmudov bu məsələ ilə bağlı xüsusi olaraq böyük bir kitab hazırladı və çap etdirdi. Alimin əksər kitablarının təqdimatında iştirak edirəm. Mənim ona, onun da mənə böyük hörmətimiz var. İkimiz də eyni ideologiyaya xidmət edən adamlarıq.
Maraqlı bir məqamı deyim, 1990-cı ildə Tarix fakültəsinin xalq hərəkatında fəal iştirak edən tələbələr universitetdən xaric olunurmuş. Buna etiraz edən Yaqub müəllim dekan vəzifəsindən istefa verib. Hər adam bunu bacarmaz, bu işi görmək böyük ürək tələb edirdi və o ürək Yaqub müəllimdə var. Əgər bir adam öz millətini və dövlətini sevirsə, xalq da onu sevir, hörmət edir.
– Akademiklə tanışlığınız parlamentdə olub, yoxsa əvvəldən əlaqəniz var idi?
– Tanışlığımız Parlamentdə olmayıb, mən əvvəllər də Yaqub Mahmudovu yaxşı tanıyırdım, fəaliyyətini izləyirdim. Birincisi, o, ölkədə kifayət qədər tanınan alim idi. İkincisi də, mənim qayınatam Şəkidən idi, tez-tez rayona gedib-gəlirdim. Yəni əvvəldən dostuq və təxminən, 30 ilə yaxındır ki, Yaqub Mahmudovla yaxın əlaqələrimiz var. Təbii ki, onunla daha sıx təmasımız Milli Məclisdə fəaliyyət göstərdiyimiz dövrdə olub. Yaqub müəllimlə müəyyən görüşlərdə olmuşuq, birgə səfərlərə getmişik və nəticədə bir-birimizi daha yaxından tanımaq imkanı əldə etmişik. Çox yaxşı yoldaşlığı var və mənimlə yaxın dostdur. Ümumiyyətlə, mənim tarixçi dostlarım çoxdur, elmlə məşğul olan insanlarla əlaqəm güclüdür.
– 80 yaşın ərəfəsində hələ də yorulmadan çalışan Yaqub müəllimə nə arzu edirsiz?
– Yaqub müəllim çox qıvraq adamdır. Hər işdə aktivdir, çox vaxt bir yerdə oluruq, məclislərdə bizimlə oturub-durur. Ümid edirəm ki, Yaqub müəllim hələ uzun müddət Azərbaycan dövlətinə, xalqına xidmət edəcək. Mən yaxın dost kimi bu işdə ona uğurlar və can sağlığı, ailəsi ilə bərabər xoşbəxtlik arzu edirəm. Yaqub müəllim çox dəyərli şəxsiyyətdir və hər cür xoş sözə layiqdir.
İsmayıl