Tarixi filmlərimizdə kəsilən nadir səhnələr-Heyf ki, onları görmədik

0
684


Bu gün də tarixi günlərdə, bayramlarda əsasən, sovet dövründə çəkilən, tarixi janrda olan, ağ-qara filmləri sevə-sevə izləyirik. Əlimizin altında istənilən dəqiqə həmin filmləri izləməyə imkan verən internet, “Youtube” olsa da, yenə də həmin nostalgiyaya qayıtmaq, televiziyadan izləmək bizə xoş gəlir.
Amma tarixi filmlər heç də sağ-salamat çəkilməyib. Daha doğrusu, çəkilib, amma baxış üçün Mərkəzə yollandıqdan sonra bir çox səhnələri kəsilib.
“Axırıncı aşırım” filmi də bu gün az qala çox sözlərini əzbər bildiyimiz bir filmdir. Amma bu film də senzuranın tələsindən xilas ola bilməyib.
Məsələ bundadır ki, filmin ilk orjinal versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürür. Kərbəlayı İsmayıl bunu ona görə edir ki, Qəmlo onun sözündən çıxır və Kərbəlayının dostu olan Abbasqulu bəy Şadlinskini öldürür. Yuxarı dairələrdə kinotənqidçilər tərəfindən sözügedən səhnə elə də yaxşı qarşılanmır. Səbəb kimi isə rejissorun Kərbəlayı İsmayılı sonda qəhrəman obraz kimi göstərməsi olur. Bundan sonra rejissor Kamil Rüstəmbəyov məcbur qalıb filmdə dəyişiklik edir. Yeni versiyada Qəmlonu Kərbəlayı İsmayıl yox, Xudayarın qardaşı öldürür. Məhz bu versiya ilə film ictimaiyyətə təqdim olunur. Edilən montaja baxmayaraq, Qəmlonun ölüm səhnəsindən sonra Kərbəlayı İsmayılın adamlarından birinin dilindən “Kərbəlayı Qəmlonu gəbərtdi” ifadəsini eşitmək olar. Rejissor tərəfindən kəsilməyən bu səhnə sübut edir ki, filmin ilkin versiyasında Qəmlonu Kərbəlayı İsmayıl öldürüb.
“Qaçaq Nəbi” filmi uzun istehsal dövründən sonra 1985-ci ildə çəkilməyə başalayıb. O vaxt vəzifə sahibi olan erməni Mevedev soyadlı birisi filmin çəkilişinə hər vəchlə maneçilik törətməyə çalışsa da, buna nail ola bilməyib.
filmin rejissoru Əbdül Mahmudov mətbuata açıqlamasında kəsilən səhnələr barəsində maraqlı faktları səsləndirib:
“Məni yandıran kadrlar var. Bir rejissor üçün hər hansı kadrın çıxarılması övladını şikəst etmək kimidir. Film hər bir rejissorun ömrü və ölümüdür. İnsan hər nəfəs aldıqca ölümünə yaxınlaşır deyirlər. Rejissor həm nəfəs aldıqca, həm də yaratdığı əsərə toxunulanda ölümünə yaxınlaşır. Bu filmin acınacaqlı bir taleyi oldu.
SSRİ Kinematoqrafiya Komitəsində Medvedev soyadlı bir baş redaktor hər vəchlə filmin ərsəyə gəlməsinə və ekranlara çıxamasına mane olurdu. Sən demə o sırf erməni mənşəli bir adam imiş. Film hazır olanda başda Medvedev olmaqla daxili və xarici düşmənlər öz mənfur sifətlərini biruzə verməyə başladılar. Qərbi Azərbyacanın Zəngəzur, Gorus zonalarında Qara Nəbi adlı bir quldur olub. Biz onu filmdəki epizodların birinə salmışdıq. Yəni pis bir adam kimi Qaçaq Nəbi Qara Nəbini öldürür. Bir də Stepan Yüzbaşı adlı içki düşkünü olan erməni var imiş, hansı ki, camaata qan uddurub. Bu da ekran əsəsrinə salınmışdı.
Həmin epizodlara irad olaraq bildirdilər ki, guya, biz erməni xalqını alçaltmışıq, erməni xalqının düşmənini milli qəhrəman etmişik, Qara Nəbi faktorunu da şişirtmişdilər. Məhz onlarla bağlı olan kadrlar filmdən çıxarıldı.
Daha sonra mən Moskvaya gedəndə bu məsələnın əsas səbəbi aydınlaşdı. Mən elə gecə ikən oradan zəng vurub bildirdim ki, Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi bir erməni dığasının qurbanı olub. Yer-göy bir-birinə qarışdı. Üstündən bir həftə keçəndən sonra Medvedevi işdən qovdular. Demək yalançı tarix, yalançı şəxsləri məhz Medvedev təşkil etdiribmiş. Amma daha “cin şüşədən çıxmışdı”. Ona görə də məni Mərkəzi Kinostidiyaya çağırıb dedilər ki, erməni epizodunu, Qara Nəbiylə bağlı və 1-2 xırda epizodu çıxart və filmin adını da dəyiş. “Qaçaq Nəbi” olmaz. Mənim üçün önəmli məsələ olsa belə, düzələn səmti tutmaq xatirinə onların dediklərini etdim. Amma heyf o epizodlardan. Film indi sevilir, amma həmin epizodlar filmdə qalsaydı indi hər kəsin boynunda “medalyon” idi. Hansı ki, o vaxt hələ nə Qarabağ məsələsi, nə də işğal olunmuş torpaqlarımız vardı. O epizodlarda çox məqamları açmışdıq. Orda bir epizodda tarixi faktlar vardı ki, erməni qadınları öz ermənilərinin əlindən yığılıb Qaçaq Nəbiyə şikayətə gəlirlər. Nəbi onlara kömək edir. Bu səbəblərdən dolayı həmin kadrlar çıxarıldı”.
“Qatır Məmməd” filmi də öz nakam taleyi ilə kino tarixinə düşüb. Moskvalı ssenaristlər Mixail Maklyariski və Kirill Rapoportun yazdığı ssenaridə milliliklə uzlaşmayan detallar olub. Elə o səbəbdən də 1969-u ildə rejissor Hüseyn Seyidzadə ssenaridə bəzi düzəlişlər aparmaq istəyib.
Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri düzəltmək üçün ömrünün bir ilini bu işə sərf edir. Müəlliflər də əvvəlcə onunla razılaşırlar, film istehsalata buraxılandan sonra qəti etiraz edirlər ki, Hüseyn Seyidzadə süjeti tamam dəyişdirib. Kinostudiyanın Bədii Şurası onların xahişi ilə ssenarini müzakirə edir və rejissorun həqiqətən də haqlı olduğu üzə çıxır. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verilir. Film 450 min rubl məbləğlə 1973-cü ilin sentyabrında çəkilib qurtarmalı idi. Bu, “yuxarı”nın göstərişi idi. Hüseyn Seyidzadə sınaq çəkilişlərini başa vurur, əsas rolların ifaçılarını Bədii Şura təsdiq edir. 1973-cü ilin yazında çəkilişlərə başlayan Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır. Moskvadakı Mərkəzi Bədii Şura son anda filmin nümayişinə qəti qadağa qoyur və filmin yenidən çəkilməsinə göstəriş verir.
Və “Qatır Məmməd” rejissor Hüseyn Seyidzadədən alınır. Ondan sonra film bir çox rejissorlara həvalə olunur. Amma həmin ustad rejissorlar da zəif ssenarini əsas gətirərək filmdən imtina edirlər. Sonda razılaşan rejissor (yəni, Rasim Ocaqov) tapılır və çox çətin şərtlərlə film ikinci variantda çəkilir. Çətin şərtlər deyəndə ki, konkret olaraq filmə çox qısa vaxt ayrılır və qonararı kəsilir. Təsəvvür edin ki, tarixi filmdə o boyda aktyor heyəti qonararsız çəkiliblər. Bunun səbəbi isə birinci variantda dövlət tərəfindən ayrılan bütün vəsait xərclənməsi olub.Moderator.az
 

BIR CAVAB BURAXIN