Tarixi ənənələrə söykənən əməkdaşlıq

0
1784

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir.

Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Daha öncə Azərbaycan Prezidenti Gürcüstana bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfər edib.Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. Gürcüstan Baş nazir İrakli Qaribaşvili 2021-ci il sentyabrın 29-da ölkəmizdə səfərdə olub. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər baş tutub.

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası 2021-ci il sentyabrın 29-da təşkil edilib.

2021-ci ildə Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətimizin saldosu 558 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon ABŞ dollarını ötüb.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib.Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivədə irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.

 

Muradov Sərhəd

Saatlı şəhər Bülbül adına UMM-nin tar müəllimi