Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə silsilə tədbirlərə qeyd edilməkdədir. Ölkə başçısı tərəfindən elan olunan “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində cümhuriyyət irsinin dərindən öyrəniləsi və təbliği sahəsində də mühüm işlər görülür. Bu günlərdə Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafanın “Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920). Araşdırmalar, məqalələr” kitabının işıq üzü görməsi cümhuriyyət irsinin tədqiqi baxımından dəyərli töhfə hesab edilə bilər.
Kitabda müəllifin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid tədqiqatlarının nəticəsi olaraq ərsəyə gələn elmi məqalələrinin, beynəlxalq konfranslarda etdiyi məruzələrinin və mətbuat səhifələrində işıq üzü görmüş bir sıra məqalələrinin mətnləri toplanılıb.
Kitabda əksini tapan materiallar “Elmi məqalələr” və “Mətbuatda dərc edilən məqalələr” başlıqları altında yerləşdirilib. Müəllifin məqalələri əsasən zəngin arxiv sənədləri, AXC dövründə dərc edilən materiallar və ayrı-ayrı tədqiqat əsərlərinə, xüsusən də erməni müəlliflərinin etiraflarını özündə əks etdirən kitablara istinadən qələmə alınıb.
Müəllif “1918-1920-ci illərdə İrəvan quberniyasında erməni təcavüzünə qarşı azərbaycanlıların mübarizəsi tarixindən” sərlövhəli araşdırmasında azərbaycanlıların soyqırımı tarixinin tədqiqi ilə yanaşı, müqavimət hərəkatının da ciddi şəkildə öyrənilməsinin tarixşünaslığın problemi kimi önə çəkilməsinin vacibliyini göstərir.
Nazim Mustafanın tədqiqatlarında yaxından bələd olduğu Qərbi Azərbaycan və Şərqi Anadolunun tarixi-coğrafiyası və orada cərəyan edən hadisələrin işıqlandırılması mühüm yer tutur. Onun Azərbaycan arxivlərində saxlanılan sənədlər əsasında qələmə aldığı “1918-1920-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri soyqırımı” məqaləsi təkcə Azərbaycan oxucuları üçün deyil, eyni zamanda, Türkiyə tarixçiləri üçün də yeni-yeni faktların elmi-tədqiqat dövriyyəsinə cəlb edilməsindən xəbər verir.
Tədqiqatçının bir problem kimi araşdırdığı qaçqınlar problemi XX əsrin əvvəllərində olduğu kimi, bu gün də aktualdır və müstəqil Azərbaycanın əsas problerimdəndir. Onun “Azәrbaycan Xalq Cümhuriyyəti dövründə milli-ərazi münaqişələri və qaçqınlar problemi” başlıqlı araşdırması bu mövzuda aparılan ilk tədqiqat nümunələrindəndir.
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə sülh danışıqları” mövzusunda araşdırmasında müəllif arxiv materiallarına istinadən Cənubu Qafqazda yeni yaranan dövlətlər arasında əsasən milli-ərazi mübahisələrinin həll edilməsi məqsədilə keçirilən konfransları xronoloji ardıcıllıqla işıqlandırır. Məqalədən aydın olur ki, hazırda olduğu kimi, ötən əsrin əvvəllərində də ermənilər Azərbaycana qarşı ərazi iddiasını silah gücünə reallaşdırmaq yolunu tutmuşdur. Azərbaycan tərəfinin 1919-cu ilin noyabrında Tiflisdə keçirilən sülh konfransında imzalanan sazişin şərtlərinə əsasən Zəngəzur cəbhəsindən öz qoşunlarını geri çəkməsi fürsətindən istifadə edən Ermənistan ordusu, bu gün Azərbaycanı Naxçıvandan ayrı salan Zəngəzur bölgəsini tamamilə işğal etmişdir.
Müəllifin “1918-1920-ci illərdə ermənilərin Cənubi Qafqazda və Qars vilayətində ruslara qarşı törətdikləri terror və qırğınlar” mövzusunda araşdırması bu gün özlərini mədəni xalq kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışan ermənilərin əsl simasını ortaya qoyur.
Nazim Mustafanın “1918-1920-ci illərdə Ermənistanın xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri” mövzusunda araşdırması da bu istiqamətdə aparılan ilk tədqiqatlardandır.
Müəllifin “Tariximizin şanlı və ibrətamiz səhifəsi” başlıqlı məqaləsi Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illiyinə həsr edilib.
Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti Nazim Mustafanın əsas tədqiqat obyektlərindəndir. Bu məsələ ilə bağlı müəllifin “Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti”, “Azərbaycanın Ermənistandakı ilk diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski”, “Diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyevə qarşı Ermənistan hökumətinin həyata keçirdiyi cinayətin təfsilatı” və “Diplomat Teymur bəy Makinski” mövzularında araşdırmaları kitabda öz əksini tapır.
Müəllifin “Xalq qəzeti”ndə dərc etdirdiyi “Fətəli xan Xoyski”, “Nəsib bəy Yusifbəyli”, “Əlimərdan bəy Topçubaşov” sərlövhəli məqalələrində Xalq Cümhuriyyətinin qurucularının həyat və fəaliyyətləri işıqlandırılır.
1919-cu ildə Şərqi Anadoluda qurulan ilk demokratik cümhuriyyətin – Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin və onun qurucularının fəaliyyətinin işıqlandırılması, Azərbaycan Xalq Cümhuriyyəti ilə onların əlaqələri Nazim Mustafanın tədqiqat mövzularındandır. Oxuculara təqdim olunan bu kitabda həmin mövzu ilə bağlı müəllifin “Cənub-Qərbi Qafqaz Cümhuriyyəti”, “Anadoluda ilk cümhuriyyətin qurucusu İbrahim bəy Cahangirov (Cihangiroğlu)”, “Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa” başlıqlı məqalələri öz əksini tapır.
Ümumiyyətlə, “Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920). Araşdırmalar, məqalələr” kitabına müəllifin elmi jurnallarda, “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində dərc edilən 22 məqaləsi daxil edilib.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsinə həsr olunub.Azərtac