Tarix İnstitutunda milli maraqlarımızın qorunması mövzusunda seminar keçirilib

0
589

 

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə dəyərlərimizin, milli maraqlarımızın və mənafelərimizin qorunması son dərəcə önəmlidir: “Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır”.

İnstitut direktoru bildirib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: “Dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatları var. Amma açıq-aşkar islamofobiya siyasəti yeridilir”.

Yaqub Mahmudov çıxışını davam etdirərək deyib: “Prezident İlham Əliyev ölkəmizdə multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan dövlət başçımızın təşəbbüsü və himayəsi ilə keçirilən dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında mühüm rol oynayır”.

“Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Prezident İlham Əliyev özünün parlaq çıxışında müasir narahat dünyada baş alıb gedən konfliktlərin həll olunmasının, xalqların və dövlətlərin suveren hüquqlarının təmin olunmasının obyektiv və real yollarını açıqladı və erməni faşizminin riyakar rolunu ifşa etdi”, – deyə tarixçi-alim bildirib.

Tədbirdə Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin “Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində  fəaliyyəti”, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun “Regionda terrorun təzahürləri: onların səbəbləri və başlıca hədəfləri” və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun “Müasir dövrdə “islam həmrəyliyi”nin aktual problemləri” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir.

Digər çıxış edənlər qeyd ediblər ki, dövlətimizin suverenliyi və təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər kəs üçün əsas meyar olmalıdır.

BIR CAVAB BURAXIN