Tarix İnstitutunda İrəvan xanlığı ilə bağlı yeni əsərlərin təqdimatı olub

0
705

Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib. Tədbir AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

“İrəvan xanlığının paytaxtı – İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” “İrəvan xanlığının mahalları” adlı kitabçaların müəllifi tarixçi-alim Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi isə tarixçi-alim İradə Məmmədovadır.

Təqdimat mərasimində akademik Yaqub Mahmudov bildirib ki, yeni nəşrlər ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır: “Müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı”.

“Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyil. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu qeyd etmişlər. İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb”, – deyə institut direktoru bildirib.

“İrəvan xanlığının paytaxtı – İrəvan şəhəri” adlı kitabça Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanxanlığının paytaxtı – İrəvan şəhərinin şanlı tarixinə həsr olunub. Əsərdə İrəvan toponimi, İrəvan şəhərinin tarixi, səyyahların təsviri haqqında mühüm məlumatlar və illüstrasiyalar öz əksini tapıb. Nəşrdə qeyd edilir ki, XVI əsrdə Osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini “Azərbaycan mülkünün gözü” adlandırıb.

“Erməni vandallarının yox etdiyi İrəvan qalaları” adlı kitabça İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.

Oxuculara “İrəvan xanlığının mahalları” adlı kitabçada Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz parçası olan İrəvan bölgəsinin, o cümlədən Çuxursəd bəyləribəyliyinin və İrəvan xanlığının inzibati bölgüsü,  “İrəvan xanlığının əhalisi” adlı kitabçada isə Azərbaycan dövləti olan İrəvan xanlığının əhalisinin etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların əhali siyasəti təqdim edilib.

Təqdimat mərasimində çıxış edənlər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Təqdim olunan kitabçalar Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

 

Qeyd edək ki, 2016-cı ildə Prezident Kitabxanasında “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının (Azərbaycan, ingilis və rus dillərində) təqdimatı olub.​

BIR CAVAB BURAXIN