Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyi qeyd edilib

0
721

Fevralın 21-də Prezident İlham Əliyevin sərəncamına əsasən elan olunmuş “Cümhuriyyət İli” çərçivəsində AMEA-nın Tarix İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Tarix İnstitutundan Arazinfo.com-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların ilk mənbə kimi əhəmiyyəti böyükdür: “Azərbaycan” qəzetinin ilk nömrəsi 1918 il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilib. Qəzetin Gəncədə Azərbaycan dilində buraxılmış səhifələrinin başında qəzetin adı ilə yanaşı “Türk və islamçılığa aid məqalələrə “Azərbaycan”ın səhifələri açıqdır” yazısı da verilib”.

Yaqub Mahmudov qeyd edib ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları – Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir bəy Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar.

 

Y.Mahmudov bildirib ki, “Azərbaycan” qəzeti 1918-20-ci illər ərzindəki saylarında Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirib: “Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi”.

İnstitut direktoru qeyd edib ki, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda “Azərbaycan” qəzeti və qəzetin ilk redaktorları barədə geniş məqalələr yer alıb.

“O il yoxdur ki, “Azərbaycan” qəzetindən bizim instituta azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi, müxtəlif dövrlərdə erməni millətçilərinin xalqımızın başına açdıqları qanlı olaylar barədə yazılar hazırlamaq xahişi edilməsin, özü də dəfələrlə. Bununla, “Azərbaycan” qəzetinin timsalında Bəxtiyar Sadıqov tarixçiləri təkcə bu istiqamətdə yeni tədqiqatlar aparmağa səsləmir, eyni zamanda həmin tədqiqatlar nəticəsində tapılan faktların işıq üzü görməsinə şərait yaradır”, – deyə akademik bildirib.

Elmi konfransda Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Azərbaycan” qəzeti müstəqilliyimizin atributu kimi” adlı məruzə ilə çıxış edib.

Bəxtiyar Sadıqov məruzəsində bildirib ki, müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən “Azərbaycan” Xalq Cümhuriyyəti zamanında çıxan “Azərbaycan”ın varisidir: “Azərbaycan” qəzeti ilk nömrəsindən Azərbaycan adının və azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olmuş və rəsmi dövlət qəzeti statusunu qazanıb”.

“Azərbaycan” bizim müstəqilliyimizin qeyri-rəsmi simvoludur. Qəzetin ilk redaktoru Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli olmuşdu. Qəzetin səhifələrində Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə və s. aid 100-dən çox məqaləsi dərc olunub”, – deyə baş redaktor qeyd edib.

Deputat bildirib ki, “Azərbaycan” qəzeti ölkəmizin tarixində, bugünkü inkişafında və xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayıb və oynayır: “Ulu öndər Heydər Əliyev “Azərbaycan” qəzetinin kollektivinə iki dəfə təbrik məktubu göndərib”.

Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin 1993-2017-ci illərdə dərc edilmiş saylarını çap və elektron variantda Tarix İnstitutuna hədiyyə edib.

Konfransda bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra “Azərbaycan” qəzeti onun fəaliyyətini geniş işıqlandırmış və Parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları “Azərbaycan Məclisi-Məbusanında” rubrikası altında dərc edib. Bundan başqa, qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf xəbərləri”, “Rusiyada”, “Ermənistanda”, “Gürcüstanda”, “Türkiyədə”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi” və digər daimi rubrikalar da var idi.

Tarixçi alimlər Natiq Məmmədzadə “Azərbaycan” qəzeti Cümhuriyyət dövründəki ictimai-siyasi həyatın aynasıdır”, İradə Bağırova “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı” və Kamran İsmayılov “Cümhuriyyət dövründə dövlət quruculuğu məsələləri “Azərbaycan” qəzetinin səhifələrində” mövzuları ilə çıxış ediblər.

Tarix İnstitutu “Azərbaycan” qəzetinin 100 illiyi münasibəti ilə institutun mühüm nəşrlərindən ibarət kitab sərgisi təşkil edib və sərgidəki nəşrləri qəzetin redaksiyasına hədiyyə edib. Yaqub Mahmudov bildirib ki, institutda “Azərbaycan” qəzetinin Cümhuriyyət dövründə çapdan çıxmış nüsxələrinin transliterasiyası hazırlanır, göstərilən kitab nəşr olunan kimi təqdimatı olacaq və qəzetin redaksiyasına hədiyyə ediləcək.

BIR CAVAB BURAXIN