Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu nəşr etdirdiyi kitabları müxtəlif müəssisələrə – kitabxanalara, universitetlərə, arxivlərə və digər yerlərə tədqiqatçıların və oxucuların istifadəsi üçün töhfə olaraq paylayır.
Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, bu kitabların böyük əksəriyyəti Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları ilə yazılıb.
İnstitutun bu təşəbbüsündə əsas məqsəd tariximizi ictimaiyyət arasında geniş təbliğ etməkdir. AMEA-nın Tarix İnstitutu Lənkəran, Şəmkir, Gəncə, Quba, Qusar, Şəki və digər şəhərlərdəki Heydər Əliyev mərkəzlərində elmi müəssisənin əsərlərindən ibarət fondlar yaradıb. Bundan başqa, institut öz nəşrlərini Prezident Kitabxanasına, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına, Siyasi Sənədlər Arxivinə, Azərbaycan Diplomatik Akademiyasına, Azərbaycan Milli Kitabxanasına, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına, Milli Arxiv İdarəsinə, Bakı Dövlət Universitetinə, Bakı Slavyan Universitetinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan Dillər Universitetinə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına, Sumqayıt Dövlət Universitetinə və digər müəssisələrə paylayıb.
Tarix İnstitutu məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə, “Bakı-İstanbul” liseyinə, 313 nömrəli məktəbə və digər orta ümumtəhsil məktəblərinə yüzlərlə kitab hədiyyə edilib.
Hazırda Tarix İnstitutunda Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələri yenidən yazılır və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixi araşdırılır. Son 15 ildə institutda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb.
Qeyd edək ki, institutun elm və təhsil müəssilərinə payladığı kitabların ümumi sayı onminlərlədir.