Tarix İnstitutu: Dərbənddə Heydər Əliyev küçəsi baxımsız qalıb

0
640

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və institutun əməkdaşları – dosent Şahlar Şərifov, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, ərəbşünas tədqiqatçı alim, dosent Gülnur Mahmud Rusiya Federasiyasının Dərbənd şəhərində elmi ezamiyyətdə olublar.

Oxuməni.az-ın verdiyi xəbərə görə, İnstitut bu səfərlə bağlı KİV-də açıqlama yayıb. Açıqlamanı təqdim edirik:

“Dünyanın ən qədim şəhərlərindən biri olan Dərbənd Azərbaycan – Rusiya sərhədində dostluq körpüsüdür. Azərbaycan dövlətinin ölkəmizi şimalla cənub və şərqlə qərb arasında qarşılıqlı əlaqələr dəhlizinə çevirmək siyasəti ölkəmizin və qonşularımızın yaxın gələcəkdə iqtisadi cəhətdən daha da inkişaf edəcəyindən xəbər verir. Şimal-cənub nəqliyyat dəhlizinin yaradılması siyasəti isə Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafına təkan verəcəkdir. Azərbaycan-Rusiya dostluq körpüsü olan Dərbənd ölkəmiz və xalqımız üçün həm də müqəddəs məkandır.

Çünki, qədim Dərbənd, onun çoxsaylı abidələri Dədə Qorqudla sıx bağlıdır. Akademik Yaqub Mahmudov qədim Dərbəndin Kitabi Dədə Qorqud eposunun yayıldığı məkan olduğunu hələ keçən əsrin 60-cı illərində qələmə alıb. Axtarışların nəticələri dəfələrlə nəşr olunub, amma yeni axtarışlara da kəskin ehtiyac var. Bu məqsədlə də akademik Yaqub Mahmudov, dövrün tədqiqatçıları olan dosent Şahlar Şərifov, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, ərəbşünas tədqiqatçı alim, dosent Gülnur Mahmud Dərbənddə 5 günlük elmi ezamiyyətdə olublar. Alimlər Dərbənd ezamiyyətini öncə Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adına olan küçədən başlamağa özlərinə borc biliblər. Azərbaycanla Rusiya Federasiyası arasında dostluq münasibətlərinin təməlini qoymuş Heydər Əliyevin adına olan bu küçənin bərbad vəziyyəti alimlərin xoş niyyətli Dərbənd səfərini alt-üst etdi. Küçənin başlanğıcındaca Heydər Əliyevin adını daşıyan ad göstəricisi sındırılmışdı, növbəti ad göstəricisinin üzəri sprey boya ilə təhqir əlaməti olaraq rənglənmişdi, bəzi yerlərdə isə küçənin keçmiş “Sovetski” adı təmtəraqlı şəkildə saxlanılmışdı. Nə qədər ağır olsa da küçə boyu eyni mənzərə müşahidə edildi. Küçənin baxımsız qaldığı, müvafiq bəzək kolları ilə bəzədilməsi və yaşıllaşdırılması üçün heç bir tədbir görülmədiyi müşahidə edildi. Yeri gəlmişkən, bu küçə Dərbəndin ikinci böyük küçəsidir. Bu küçədə Dərbəndin bir çox böyük abidələri, ölkə əhəmiyyətli müəssisələri yerləşir. Məşhur Qırxlar qəbiristanlığı, bu qəbiristanlığa açılan məşhur “Qırxlar” qala qapısı bu küçədədir. Dahi Nizaminin adını daşıyan parka (6 ha) giriş buradandır. Beləliklə, Rusiyanın müxtəlif yerlərindən və xarici ölkələrdən gələn çoxsaylı turistlər bu küçədən hər gün axın-axın keçərək qədim abidələrlə tanış olurlar.

Qədim Dərbəndin ən böyük küçələrindən biri olan “Sovetski” küçəsinə Heydər Əliyev adının verilməsi Azərbaycan-Rusiya dostluq əlaqələrinin parlaq təzahürüdür. Küçəyə bu ad 2015-ci ildə Dərbəndin 2000 illiyi qeyd olunduğu bayram günlərində verilib. Elə həmin vaxtdan da küçə baxımsız qalıb. Tədqiqatçılar bununla bağlı dərbəndlilərlə də çox söhbət aparıblar. Bu söhbətlərdən hiss olunub ki, ayrı-ayrı vaxtlarda Dərbəndin bəzi bələdiyyə başçıları tərəfindən bu şəhərdə açıq anti-Azərbaycan siyasəti yeridilib. Dərbəndin şəhər idarəçiliyi səviyyəsində Heydər Əliyev küçəsinə belə münasibət bəslənilməsi, əlbəttə, təəssüf doğurur. Bununla yanaşı, Dərbənddəki baxımsız qalmış Heydər Əliyev küçəsinin düşdüyü vəziyyət Azərbaycanın müvafiq strukturlarını da düşündürməlidir”.