Suriya və İraqda döyüşən bəzi azərbaycanlılar üçüncü ölkələrdə gizlənirlər

0
778

“Yaxın günlərdə Suriyada, İraqda döyüşən bir qrup azərbaycanlıların vətəndaşlığı ləğv olunacaq”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov BBC Azərbaycancaya müsahibəsində bildirib. O deyir ki, hazırda üçüncü ölkələrdə gizlənmiş belə şəxslərin müəyyənləşdirilməsi ilə bağlı iş aparılır:

-Suriyada, İraqda döyüşən azərbaycanlılarla bağlı məsələ hüquq-mühafizə orqanlarının, xüsusi xidmət orqanlarının nəzarətindədir, onlar üçün prioritet fəaliyyət sahəsidir. Bu hesablama əlbəttə ki, təqribidir. Bu günkü statistikaya görə, o münaqişəyə qoşulmuş 300-ə yaxın azərbaycanlı ölüb.

Hazırda İraq ərazisində valideynini itirmiş 19 uşaq müəyyənləşdirilib, indi onlar İraqda uşaq düşərgəsində yerləşdirilib. Artıq onların ailə üzvləri, şəxsiyyətləri müəyyənləşdirilib. Müvafiq komissisya tərəfindən onların Azərbaycana gətirilməsi ilə bağlı işlər aparılır. Bir sıra texniki məsələlər həll olunub, yəqin ki, uşaqlar yaxın günlərdə Azərbaycana gətiriləcək.

BBC Azərbaycanca: Bu uşaqlar yaxınlarına veriləcək, yoxsa, təcrid halında saxlanacaqlar?

-Ailə üzvləri, qohumları, qəyyumluq etmək istəyənlər olarsa, uşaqlar ailələrinə veriləcək, yaxını olmayanlar isə uşaq evlərinə göndəriləcək. Ancaq bu uşaqlar uzun müddətdir ki, münaqişə bölgəsində olublar, onlar, əlbəttə ki, müəyyən ideoloji təsirlərə məruz qalıblar. Ona görə də Azərbaycana qaytarıldıqdan sonra onlara ilk öncə xüsusi diqqət, qayğı göstəriləcək. Onların cəmiyyətə inteqrasiyası üçün müəyyən işlər planlaşdırılır. Elə edilməlidir ki, bu uşaqlar qısa müddətdə yeni həyata qədəm qoysunlar. Bu uşaqlar arasında eləsi var ki, 5-6 il əvvəl münaqişə ərazisində doğulub, eləsi də var ki, kiçik yaşında Azərbaycanı tərk edərək validyeni ilə birgə Suriya, İraq ərazisinə gedib, indi artıq yeniyetmədirlər. Bu uşaqlar Azərbaycana qayıdandan sonra reabiltasiya prosesi keçməsələr, yaşıdlarına pis təsir göstərə bilərlər. Bu baxımdan, onların inteqrasiyası və reabiltasiyası üzrə xüsusi proqram həyata keçiriləcək. O da məlumdur ki, bu uşaqların sayı daha çoxdur və ilkin hesablamalara görə, ailə başçısını itirmiş 300-ə yaxın azərbaycanlı qadın və uşaq münaqişə bölgəsindədir. Onların müəyyənləşdirilməsi üzrə iş gedir.

BBC Azərbaycanca: Bu zaman uşaqlar öncə reailtasiya keçəcəklər, ya ailə içərisində yaşayaraq psixoloji dəstək alacaqlar?

-Birinci mərhələdə onların ölkəyə gətirilməsi məsələsidir. Sonra onlar tibbi müayinədən, psixoloji testdən, filtrasiyadan keçiriləcəklər. Ondan sonra qohumlarının qəyyumluq imkanları varsa, onların nəzarətinə verilməsi planlaşdırılır. Ancaq imkan olmasa, uşaq evlərinə veriləcək.

BBC Azərbaycanca: Uşaqlar, əsasən neçə yaşlarındadırlar?

-Müxtəlif yaşlardadır. Kiçik də var, nisbətən böyükləri də var. Əsas odur ki, onlar bir neçə ildir o mühitdə yaşayıblar və təsirə məruz qalıblar.

İraq
BBC Azərbaycanca:Suriyada, İraqdakı münaqişə bölgələrindəki azərbaycanlı qadınlarla bağlı hansı tədbir nəzərdə tutulur? Ümumiyyətlə, onlar potensial təhlükə olaraq görünürmü?

-Ümumiyətlə, dini ideologiya güclü səfərbəredici qüvvədir. Bundan necə istifadə etməkdə qadınların rolu böyükdür. Araşdırmalarımız, təhlillərimiz göstərir ki, qadınlar arasında xürafata meyilliik çoxdur. Buna görə radikalizmin yayılmasında qadınların da rolunu görürük. Xüsusilə də o bölgədə olan qadınlar yəqin ki, təsirə məruz qalıblar. Eyni zamanda, Azərbaycanda yaşayan qadınlar da təsirə məruz qalıblar. Ona görə də münaqişə bölgəsində olmuş qadınlarla fərdi görüşlər keçirmək, müəyyən tədbirlər görmək, onların reabiltasiyasını təşkil etmək nəzərdə tutulur.

BBC Azərbaycanca: BBC-nin bu yaxınlarda yaydığı araşdırmaya görə Raqqadan çıxan özünü İslam Dövləti adlandıran yaraqlılar arasında azərbaycanlılar da olub. Onların ölkəyə qayıtması halları varmı?

-Ümumilikdə götürsək, 900-ə yaxın azərbaycanlının və onların ailə üzvlərinin bu münaqişələrə qoşulması haqqında məlumat var. Bəzisi döyüşçü kimi, bəzisi onun ailə üzvü kimi gedib. 300-ə yaxının öldüyü barədə məlumat var, 92 nəfər haqqında məhkəmə hökmü qüvvəyə minib, o cümlədən, 260-a qədər adamın Azərbaycan vətəndaşlığı ləğv edilib. Yeni şəxslər də müəyyənləşib ki, onların da vətəndaşlığı ləğv olunacaq. Yəni onlar ölkəyə qayıda bilməyəcəklər. Qayıtdıqları təqdirdə artıq onlar ölkəyə buraxılmayacaqlar. Sağ qalanların üçüncü ölkələrdə gizlənməsi barədə məlumatlarımız var. Bu barədə aidiyyətli qurumlar tərəfdaş ölkələrlə birgə iş aparır.

İD üzvləri ailələri avtobusa minirlər ki, ərazini tərk etsinlər

BBC Azərbaycanca:Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikal dini təbliğatın qarşısını almaq üçün nə edir?

-Bizim hədəfimiz budur ki, ölkədə dini sahədə sağlamlaşma prosesini başa çatdıraq. Əfsuslar olsun ki, ölkəmizdə bəzi şəxslər, xüsusilə gənclər yad dini ideologiyaların təsirinə məruz qalıblar; onların bəziləri xarici ölkələrdə dni təhsil alan zaman, bir qismi sosial şəbəkədən düzğün istifadə etməyərək, yəni müəllifi, məkanı məlum olmayan müəyyən məlumatlar əldə edərək yanlış ideologiyaların təsirinə məruz qalıblar. Apardığımız monitorinqlər göstərir ki, öz dini baxışlarını Azərbaycana ixrac etmək istəyən qüvvələr sosial şəbəkələrdən çox fəal, məqsədyönümlü istifadə edirlər. Biz çalışırıq ki, aydiyyətli qurumların iştirakı ilə yad ideologiyaların təsirinə məruz qalmış şəxsləri müəyyənləşdirək və onlarla maarifləndirici iş aparaq, qabaqlayıcı tədbirlər həyata keçirək. Bu, bizim üçün prioritetdir. Radikalların istifadə etdikləri yanlış ideologiya, mexanizmlər, şüarları, bunların hansı qaynaqlara söykənməsi müəyyənləşdirilməli və ictimaiyyətin diqqətinə çatdırılmalıdırş

BBC Azərbaycanca: Azərbaycanda hazırda radikal qrupların fəaliyyəti varmı?

-Hal-hazırda belə qrupların mövcudluğu barədə bizdə məlumat yoxdur. Bunlar zaman-zaman olub və keçirilmiş tədbirlər sayəsində bu qruplar zərərsizləşdirilib. Ancaq qlobal təhlükəsizlik probleminin əksəriyyətinin əsasını məhz dini və etnik zəmində baş vermis münaqişələrin tutduğunu nəzərə alsaq, biz də sığortalanmamışıq. Eyni zamanda bəzi xarici dairələrdən, onların nəzarətində olan dini mərkəzlərdən Azərbaycana qarşı yönəlmiş təhdidləri nəzərə alsaq, belə qruplar bu gun olmasa da, onların yaranma ehtimalını gözardı edə bilmərik.

BBC Azərbaycanca: Sosial şəbəkələrdə yazırlar ki, bəzi yas məclislərində mollalar ad günlərinə, şənliklərə getməməyə çağırır, bunun “haram olduğunu” söyləyir. Belə çağırışlardan xəbəriniz varmı və münasibətiniz necədir?

-Azərbaycan dünyəvi dövlətdir, öz milli-mənəvi dəyərlərinə sadiq, eyni zamanda, tolerantlığı, multikulturalizmi təbliğ edən ölkədir. Ona görə də bizim din xadimləri öz dini fəaliyyətlərini azərbaycançılıq, eləcə də dünyəvilik prinsipləri əsasında qurmağa çalışırlar. Bu din xadimləri ilə özünü qeyri-rəsmi dini xadim adlandıranları fərqləndirmək lazımdır. Rəsmi din xadimlərimiz Qafqaz Müsəlmanalrı İdarəsinin müəyyənləşdirdiyi qaydalar əsasında öz fəaliyyətlərini tənzimləyirlər. Belə bir məhdudiyyət də bu qaydalarda yoxdur. Dediyiniz hallarla üzləşənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Qafqaz Müsəlmanları İdarəsinə müraciət etsinlər.

BIR CAVAB BURAXIN