SURİYA BARIŞIĞI – Heç yerə aparmayan yol

0
611

Suriya böhranı ilə bağlı ABŞ və Rusiya arasında əldə olunmuş anlaşmanın təfərrüatlarını yaxından öyrəndikdən sonra bəlli olur ki, bu müqavilənin məntiqi yoxdur və onun həyata keçirilmə şansları isə sıfıra bərabərdir.

Birincisi – bu atəşkəs “Cəbhət ən-Nusra” və İŞİD də daxil olmaqla, xeyli sayda müxalifət qruplarına aid edilmir və belə olan halda Suriya rejimi adı çəkilən həmin radikal təşkilatlarla mübarizə bəhanəsi ilə tezliklə atəşkəsi pozacaq.

İkincisi – münaqişənin siyasi həllinə keçid üçün bu müqavilədə heç bir praktik təklif və konkret addımlar yoxdur. Digər tərəfdən isə indiki müqavilə, Vaşinqtonun istəyi ilə maraqları üst-üstə düşən müqavimət qüvvələrinin Əsədin istefaya getməsi tələbi ilə, Rusiyanın Suriyadakı hakimiyyətin prezidentin əlində qalması arzuları arasındakı fikir ayrılığının öhdəsindən gəlmək gücündə deyil.

Ən əsası isə, Suriyada döyüşən tərəflərin heç biri bu cür müqavilədə maraqlı deyillər. İlk növbədə bu, zamanın onun xeyrinə işlədiyini düşünən Əsədin özünə aiddir. Əsədin tərəfində vuruşan Rusiya, İran və “Hezbolla” son aylar ciddi uğurlar qazanıblar. Onlar Hələbi yenidən blokadaya ala biliblər ki, bu da tam olmasa da, hər halda rəqibə qarşı mübarizədə Suriya hakimini qələbəyə yaxınlaşdırır.

Müqavilənin mühüm hissəsi terrorla mübarizədəki əməkdaşlığa dair Rusiya-Amerika bəyannaməsidir. Lakin hətta bu gözəl sözlərin arxasında da heç bir şey yoxdur. ABŞ İŞİD-ə qarşı çoxdandır ki, bacardığını edir, qarşılıqlı inamsızlığı nəzərə alsaq, Rusiya çətin ki, onlara kömək etmək istəsin. Ümumiyyətlə isə, Rusiya üçün Suriyada prioritet hədəf İŞİD yox, ABŞ-ın müdafiə etdiyi mötədil müxalifətdir. Məhz müxailfət ölkənin qərb rayonlarında Əsəd hakimiyyətinə qarşı təhlükədir.

Suriya üzrə Amerika-Rusiya müqaviləsi, Suriyanın kimyəvi silah arsenalının ləğvi ilə əlaqədar Rusiya və ABŞ arasındakı müqavilədən düz üç il sonra imzalanıb. Amma BMT-nin cəmi bir həftə oncə dərc etdiyi məruzəsində deyilir ki, Suriya hökumət qoşunları keçən il müxalifətə qarşı kimyəvi silahdan istifadə ediblər, halbuki onlarda bu silah olmamalıydı.

Amerikanların susması maraq doğurur. Onlar jurnalistlərə və ictimaiyyətə Suriya münaqişəsinin həll edilməsində Vaşinqtonun nə dərəcədə maraqlı olduğunu göstərmək istəyirlər, lakin buna baxmayaaraq, bu münaqişənin həlli yolundakı sülh prosesinə mane olacaq qüvvələrə qarşı güc tətbiq edilməsinə və ya onları cəzalandırmağa hazır görünmürlər. Belə ki, Vaşinqtonun indiki köməksiz və çaşqın xarakterli Yaxın Şərq siyasətini nəzərə alsaq, bundan başqa nə gözləmək olar ki?

Bunun əksinə isə, Rusiya tədricən Yaxın Şərq regionunda ən nüfuzlu dövlətə çevrilir. Əgər Rusiya İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin administrasiyasının sədri Mahmud Abbas arasında görüş təşkil edə bilsə, deməli bu, real nəticələrin Vaşinqton vasitəsilə yox, Moskva vasitəsilə əldə oluna biləcəyinin daha bir sübutu olacaq.

(“İsrael Hayom”-İsrail)

BIR CAVAB BURAXIN