Sumqayıt qırğınlarının qatili Fransadan siyasi sığınacaq istəyib

0
773

Fransada yaşayan mühacir bloqqer Elnur Məcidli sosial şəbəkə vasitəsilə maraqlı bir fakt açıqlayıb.

Musavat.com xəbər verir ki, E.Məcidli 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryanın hazırda Fransanın Orleans şəhərində ailəsiylə birlikdə siyasi sığınacaq üçün müraciət etdiyini xəbər verib. E.Məcidli bildirib ki, bu informasiyanı alan kimi sözügedən şəhərə yola düşüb və məlumatı yerində dəqiqləşdirib.

E.Məcidli daha sonra yazıb: “Şahid ifadələrinə görə, kifayət qədər səlis Azərbaycan dilində danışan Qriqoryan öz keçmişiylə bağlı danışmaqdan qaçınır, sığınacaq üçün də başqa bir adla müraciət etdiyi deyilir. Ən dəhşətlisi isə, Qriqoryanın Azərbaycanın Fransadakı səfirliyinə aparılaraq şəxsiyyətinin təsdiqləndiyi, səfirlik tərəfindən ona şəxsiyyətinin təsdiqlənməsiylə bağlı sənəd verildiyi ilə bağlı məlumatdır”.

E.Məcidli daha sonra 1988-ci ildə baş vermiş hadisənin detallarını xatırladıb: “Xatırladım ki, 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində baş verən təxribat və qırğınların təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adlı bu erməniyə güllələnmə əvəzinə, SSRİ Baş Prokurorluğu sadəcə, 12 il iş vermiş, ermənilərin kompakt yaşadığı Stavrapol vilayətinin Budyonnovski şəhərinin həbsxanasına göndərmişdi. Çox qısa zaman ərzində onun həbsdən azad olduğu, Yerevana getdiyi və daha sonra yenidən Rusiyaya qayıdaraq, bu ölkədə yaşamasına dair informasiyalar vardı. Azərbaycanın hüquq-mühafizə orqanları onun ölkəmizə ektradisiyası üçün dəfələrlə Rusiyaya müraciət etsə də, cavab ala bilməmişdi. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdi. Erməni terror təşkilatçılarından biri, qatı cinayətkar Qriqoryana ölüm hökmünün verilməməsi, Moskvanın diktəsi, zəhmi altında işləyən Azərbaycanın müti prokurorluq, məhkəmə və hüquq-mühafizə orqanları sisteminin iflası idi”.

Bloqqer yazıb ki, Sumqayıt hadisələrinin təşkilatçısı hazırda Fransadadır və doğrudan da səfirlik bu məlumatı ictimaiyyətdən gizlədibsə, bu, artıq böyük sensasiyadır: “Hesab edirəm ki, rəsmi qurumlarımız bu şəxsin Azərbaycanda məhkəmə qarşısına yenidən çıxarılması üçün dərhal hərəkətə keçməli, lazımi addımları atmalıdırlar”.

BIR CAVAB BURAXIN