Sülh təklifinin müddəaları beynəlxalq hüququn normalarına əsaslanır

0
1939

BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi”-postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Milli Şəhərsalma Forumunun açılış mərasiminin işğaldan azad olunmuş Ağdam şəhərində keçirilməsi böyük əhəmiyyət kəsb edir. Çünki 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Forumun iştirakçıları Ağdamda erməni vandalizminin əyani şahidi oldular.

Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Prezident İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu nitq söyləyib. Dövlətimizin başçısı Ağdamın müharibə zamanı deyil, işğal illərində məqsədli şəkildə viran qoyulduğunu vurğulayıb. Bir vaxtlar dağlıq və aran Qarabağın ən abad yaşayış məntəqələrindən biri kimi inkişaf edən Ağdam indi xarabalıqları xatırladır. Oxşar ürək ağrıdan vəziyyəti Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda da görmək mümkündür. İşğal illərində erməni vandalları 10 min kvadrat kilometrdən çox ərazidə daşı-daş üstə qoymayıblar, evləri sökərək yaralı materiallarını Ermənistana daşıyıblar. Meşələrimiz qırılaraq qiymətli ağaclardan mebel sənayesində istifadə olunub. Təbii sərvətlərimiz, kənd təsərrüfatına yararlı torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzün kədərli mirasını görür və şahidi olduğu mənzərədən heyrətə gəlir.

Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində Azərbaycan xalqının humanitar böhranla üz-üzə qaldığına diqqət çəkib. Bu xüsusda fikirlərini bölüşən dövlətimizin başçısı “Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb”, – deyə vurğulayıb. İşğalçı Ermənistan 30 il ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, əsassız, beynəlxalq hüququn normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Məhz bu səbəbə görə də 28 il davam edən danışıqlar prosesi heç bir səmərə vermirdi.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru