Sülh prosesinə zidd addımlar
Ermənistan hərbi birləşmələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq Ordumuzun mövqelərinə qarşı genişmiqyaslı təxribatlar törətməsi rəsmi İrəvanın sülhə hazır olmadığını bir daha təsdiqləyir. Ermənistan bu kimi destruktiv fəaliyyəti ilə işğal və terror siyasətindən hələ də əl çəkməyib.
Azərbaycanın rəşadətli ordusu, qəhrəman əsgərlərimiz düşmənin layiqli cavabını verir. Belə ki, Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Onun sözlərinə görə, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla, ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi pozması Ermənistanın sülh quruculuğunda maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədini nümayiş etdirir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zaman, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.
Liderlərin sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və bu ölkədə revanşist meyllərin daha da gücləndiyini təsdiqləyir. Avqustun 31-də Brüsseldə keçirilən üçtərəfli görüşdə razılaşdırılan məsələlər Cənubi Qafqazda sülhün təmin olunmasına ümidlər yaratmışdı. Məhz həmin danışıqlardan sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbçini qarşı tərəfə təhvil verdi. Bu, Azərbaycanın regionda sülhün yaranmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Təəssüf ki, Azərbaycanın humanist və sülhsevər mövqeyinə baxmayaraq, İrəvan yenidən təxribata əl atdı. Bununla da, Ermənistan sülhdə deyil, regionda vəziyyətin gərgin olmasında maraqlı olduğunu nümayiş etdirdi. Ordumuz düşmənə layiqli cavab verir. Təəssüf ki, şəhidlərimiz var. Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Abdulbağı Fazilli- Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc