Şahdağın yaxın ətəyindəki kəndlərdən biri də Susay kəndidir.Yerli camaatın dediyinə görə, bu kəndin dörd min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim Su,Şu türk tayfası yeddi para bir-birinə çox yaxın olan kiçik kəndlərdə məskunlaşıblarmış. Sonralar bu yeddi para kiçik kəndlərdəki Su,Şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.- dən qorunmaq üçün bir yerə yığışmış, birgə, birlikdə yaşamağa, bir kənddə – hazırkı Susay kəndində məskunlaşmağa üstünlük vermişlər.
Hal-hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir. Kəndin təzə tikilmiş 250 nəfərlik məktəbi, tibb məntəqəsi, klubu, kitabxanası, məscidi vardır. Yeri gəlmişkən qeyd edək ki, Susay kəndinin məscidi 15-ci əsrdə inşa olunmuşdur. Son dövrlərdə kənddəki məsciddə müəyyən bərpa işləri də aparılmışdır.
Susay kəndinin gözəlliyi, bənzərsiz mənzərəsi onun yerləşdiyi ərazinin təbiəti, özünəməxsusluğu ilə sıx bağlıdır. Kənddən baxdıqda cox aydın şəkildə Susayüstü yüksəklikləri, zirvələri görməmək mümkün deyildir. Susayüstü yüksəkliklərə və zirvələrə göz baxdıqca baxmaq istəyir. Adamda elə təsəvvür yaranır ki, Susayüstü yüksəkliklərə və zirvələrə Allahın özü qələm çəkmişdir.
Susaydan Susayüstü yüksəkliklərə, zirvələrə baxarkən onların ardıcıl sıralanması bir-bir beləcə görünür: Şahdağ, Bazardüzü, Samanlıq, Tufandağ, Baltaqaya, Şişbərk, Qaranlıqdərə, Mıxtökən, Məsdərgah, Atəşgah. Susay ərazisi bu Susayüstü yüksəklikləri və zirvələri ilə gözoxşayan, könülaçan görüntü yaradır. Susaylıların orta və yaşlı nəslinin nümayəndələrinin böyük əksəriyyəti Susayüstü yüksəkliklərin, zirvələrin hər birinin adının mənasını yaxşı bilirlər. Bu barədə bildiklərini izah etməyə də istəklərini və həvəslərini gizlətmirlər.Odur ki, Susaylıların Susayüstü yüksəkliklər və zirvələrlə bağlı verdikləri izahatları, məlumatları nəzərdən keçirmək yerinə düşər.
Bazardüzü. Yerli camaat lap qədim zamanlarda bu ərazidə alış-veriş etmişdir.Eyni zamanda insanlar müxtəlif ərazilərdən alış-veriş etmək üçün buraya gəlmiş və bazarlıq etmişlər. Məhz ona görə də buraya Bazardüzü adı verilmişdir.
Samanlıq. Samanlıq evin dam hissəsinə bənzəyir. Evin dam hissəsinin görünüşü necədirsə,Samanlığın görünüşü də elədir. Qədim zamanlarda insanlar otu, samanı, alafı evin damına toplamış və yağışdan, sudan, oddan qorumuşlar. Evin dam hissəsi sağdan, soldan və yan tərəflərdən bağlı olduğundan ora yığılan ot,saman, alaf sudan, yağışdan, oddan daha yaxşı mühafizə olunmuşdur. Bir daha qeyd edək ki, evin dam hissəsi kənardan necə görünürsə, Samanlıq da elə o cür görünür.Bir sözlə, zahiri görünüşü evin dam hissəsinə bənzəyən bu əraziyə Samanlıq adı verilmişdir. Yəni otun, samanın, alafın qorunduğu, saxlandığı dama bənzəyən yer-samanlıq:saman-lıq.
Tufandağ. Burada dəhşətli dərəcədə boran, tufan olduğundan ( qış fəslində) yerli camaat bu zirvəni belə adlandırmışdır. Hal-hazırda da buranın təbiəti belədir. Yerli camaatın dediyinə görə, hətta burada bəzən elə çən-duman olur ki, göz-gözü görmür.
Baltaqaya. Bu ərazi baltaya bənzər qayalarla zəngindir.Ona görə də Susayüstü bu ərazi Baitaqaya adlanır.
Şişbərk. Yerli camaatın dediyinə görə, bu söz şiş və bərk sözlərinin birləşməsindən yaranmışdır. Hər iki söz və onların mənaları dilimizdə qorunur. Yerli camaat bu ərazidəki qayaların “şiş, sərt, dik, möhkəm” olmasını əsas götürərək ərazinin Şişbərk adlanmasını söyləyirlər. Qeyd etmək yerinə düşər ki, yerli camaat həm Şişbərkin, həm də Baltaqayanın təbiətinə dərindən bələddirlər. Onların dediyinə görə, bu ərazilərdə saysız-hesabsız dağ kəli, Qafqaz turu yaşayır.
Qaranlıqdərə. Qaranlıqdərə iki dağ arasında yerləşdiyindən buraya gün düşmür. Ona görə də Qaranlıqdərə həmişə qaranlıq olur. Qaranlıqdərənin adı oraya gün düşməməsi və nəticədə bu ərazinin hər bir zaman qaranlıq olması ilə bağlı yaranmışdır.
Mıxtökən. Bu ərazidə yerdə olan daşlar o qədər çoxdur ki, burada hətta atla hərəkət etmək çox çətindir. Yerli camaatın dediyinə görə, buradakı daşların çox olması hətta atların hərəkət etməsinə də maneçilik göstərir və onların ayağındakı nalın mıxını tökür. Ona görə də yerli camaat bu əraziyə Mıxtökən adını vermişdir.
Atəşgah. Atəşgahda yerin altından qaz çıxır. Buraya gələn insanlar yerdən çıxan qazda asanlıqla xörək hazırlayır, hətta yanan qazın üstünə daş qoymaqla onun üzərində kabab bişirirlər.
Şahdağ. Susayüstü yüksəkliklər və zirvələr sırasında Şahdağ da özünəməxsus təbiəti və özəllikləri ilə fərqlənir. Onu da qeyd edək ki, Şahdağın ətəyindəki yaylaq yerlərinin əvəzi yoxdur. Bundan başqa, Şahdağın iki ətəyi də vardır ki, bunların hər biri bənzərsiz gözələ oxşayır. Bu bənzərsiz gözəllərdən biri Şahdağın Qusar, digəri isə Quba ətəyidir. Hər iki ətək Susayla çox bağlıdır. Belə ki, Susayın bir hissəsi Şahdağın Qusar, bir hissəsi isə Quba ətəyi ilə birləşir. Şahdağın Qusar ətəyinin Susaya yaxın olan kəndləri bunlardır: Ləzə, Sudur, Aladaş, Kuzun, Zindan-Moruq, Əniq. Şahdağın Quba ətəyinin Susaya yaxın olan kəndləri isə belə bir ardıcıllıqla Şahdağa gedib çıxır:Qırız, Qırız-Dəhnə, Qalaxudat, Bostankeş, Xınalıq. Şahdağın Quba ətəyinin kəndləri sırasında Əlik, Hapud, Cek, Buduq, Söhüb, Qarxun, Rük kəndləri də vardır. Qeyd etmək yerinə düşər ki, Susaydan Qubaya gedən yolda yerləşən kəndlər də bənzərsiz və gözəldir:Gəray, Uzunmeşə, Kürkün, Alpan, Xucbala, Digah, Qırmızı qəsəbə.
Susay kəndinin təbiəti insanları bu torpağa sevgi və məhəbbət hissi ilə bağlayır, onların hər biri qurub-yaratmaq həvəsiylə çalışırlar. Təmiz qəlbləri, əməli saleh olmaları ilə fərqlənirlər.Kənd əhli bulaq suyu kimi tərtəmiz, dupdurudur. Bulaq suyu demişkən Susay kəndinə xüsusi gözəllik verən bir çay da vardır. Mənbəyini Şahdağdan başlayan və bulaq sularından qaynaqlanan bu çay yerli camaat arasında iki adla tanınır: Susayçay və Quruçay. Susayçayın səsi insanın ruhunu oxşayır, deyərdim ki, musiqi kimi ruha qidadır, məlhəmdir. Bu çayın suyu yaz fəslində çoxalır. Səbəbi isə dağlardan əriyən qarın hesabına belə olur. Qar əriyib qurtardıqdan sonra çay bulaq sularından qaynaqlanır. Susayçay bulaq sularından qaynaqlandığı üçün göz yaşı kimi dupduru və tərtəmizdir. Buz kimi sərin suyu olan bu çay kəndin sağ və sol nahiyyəsini bir-birindən ayırır.Kəndin sağ nahiyyəsindəki evlər sol nahiyyəsindəki evlərdən çoxdur. Ancaq çayın sol nahiyyəsində-güney tərəfdə tikilən yeni evlər kəndə xüsusi gözəllik verməklə yanaşı, həm də çayın ətrafında gedən quruculuq işlərini nümayiş etdirir, diqqət mərkəzinə çəkir.
Susay kəndinin adı barəsində də yerli camaat maraqlı fikirlər söyləyir. Kənd camaatının fikrinə görə, kəndin adı qədim su,şu türk tayfasının adı ilə bağlıdır. Və bu tayfa digər türk tayfaları kimi çay kənarında, su ətrafında, bulaqların başında həyat qurmağa, yaşamağa, məskunlaşmağa üstünlük vermişlər.Yerli camaatın fikrincə, Susay sözü su və say sözlərindən əmələ gəlmişdir, Su türk tayfasının adı, sayisə çay sözünün türk dillərində olan fonetik variantlarından biridir. Xalq etimologiyasına görə, Susay çay qırağında, kənarında yaşayan sutayfası deməkdir.
Tarixşünaslıqda Su tayfası barədə maraqlı və əsaslı araşdırmalar mövcuddur. Su tayfası Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri kimi tarixşünaslığın diqqət mərkəzində olmuşdur. Azərbaycan tarixşünaslığında belə bir fikir mövcuddur ki, Azərbaycan ərazisindəki ən qədim dövlət quruluşları Urmiya gölü ətrafında meydana gəlmişdir. Qonşuluqdakı Mesopotamiya sivilizasiyasının mövcud olması Urmiya gölü ətrafında ən qədim dövlət qululuşlarının meydana gəlməsi ücün ən böyük səbəblərdən biri olmuşdur. “Sonralar m.ö. 19-cu əsrdə bu ərazidə (Urmiya gölü ətrafı) Turukki və Su dövlətləri meydana gəldi.” ( bax: www. Veten. 8 k. com ). Onu da qeyd edək ki, Su tayfası digər bir sıra türk tayfaları kimi etnik baxımdan prototürk tayfası olmuşdur. Turukki və Su dövləti ilə bağlı bir məsələni də qeyd etmək lazımdır ki, bu dövlətin hər ikisi tayfa dövləti olmuşdur. Sonralar su, turukki, kuti, lullu, kassi tayfalarının ittifaqı nəticəsində Manna dövləti yaranmışdır. Deməli, tarixşünaslıqda qeyd edildiyi kimi, Mannalılar su, kuti, lullu, turukki, kassi tayfalarının varisləridir. Bu tayfalar həm qədim şərq tarixində, həm də Azərbaycan xalqının formalaşması prosesində böyük rol oynamışdır. ( bax: www. Wapedıa.Mobi ) . Bundan başqa, Sub, Subi, Sumbi variantlarında işlənən tayfanın əsasında Su tayfası durur. Hətta tarixşünas Y. B. Yusifova əsaslanaraq qeyd olunur ki, o,( yəni Y. B. Yusifov ) “ Sumbi tayfa adını Sibi sözünün əlavəsi kimi vermişdir. Bu göstərir ki, Sumbi sözü Subi tayfa adının bir tələffüz variantıdır və adının əsasında su sözü duran bu tayfa türk mənşəlidir. Mesi ( me-is-si, me-su, mes-si, mi-su ) tayfası Urmiya gölünün cənubunda, Mannanın mərkəzində, Uşkayanın şimalında, türk tayfaları əhatəsində lokallaşdırılmışdır və türk mənşəli olduğuna hec bir şübhə yoxdur.” ( bax: www.main-board. eu ). Mannada su tayfasının adı ilə bağlı dağ və cay adı da olmuşdur. “ Mannada su, sub tayfasının adından Su dağ adı, Suva ( Sua ) çay adı da olmuşdur. Qədim türk dillərində suva- çay, su mənasında işlənmişdir.” ( bax: www.main-board.eu ). Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir. Odur ki, mövcud tədqiqatlarda bu barədə belə bir fikirlə qarşılaşırıq : “ Qədim Mesopotomiya qaynaqlarında Su tayfa adı bir cox halda Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Hətta Assuriya carı 2-ci Sarqonun da yazılarında onlar barədə müəyyən məlumatlar verilir və bildirilir ki, Urartu insanları Subi ölkəsinin əhalisini Mannalı adlandırırlar. Bu isə öz növbəsində eradan əvvəl 8-ci əsrdə yaranmış Azərbaycan- Manna dövlətinin bu və ya digər mənada Su tayfası ilə müəyyən etnik bağlılıqları olduğunu göstərməkdədir.” ( www.Big.Az ).
Su tayfası barədə miladdan öncəki yazılarda da müəyyən məlumatlar vardır. Bu mənada belə bir məlumatı qeyd etmək yerinə düşər: “ Miladdan öncə 3-cü minilliyin sonunda çivli yazılarda Urmiya gölü bölgəsində “ Su adamların ölkəsi “ barədə də danışılır. Su tayfaları miladdan əvvəl 21-ci yüzilin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş 3-cü Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaçş canişini Urdunnanın Su xalqının elçisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları m.ö. 2003- cü ildə Elamlılarla birlikdə 3- cü Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sülalənin süqutunda da iştirak etmişdilər.
Su sözü türk dillərində fonetik variantları ilə də işlənmişdir. Bu sözün tu, mu, bu, pu və s. variantları da vardır. Məsələn, həmin variantların bəzilərinin izlərinə diqqət yetirək: Altayda Sayan dağlarındakı göl adını bildirən thu sözü, şumer dilində “bulaq” mənasında olan pu sözü, Altay dil ailəsinə mənsub selkub dilində “göl”mənasında olan tu sözü, Qərbi Sibirdə Altay mənşəli kamasinlərdə, koyballarda, karakaslarda “göl” mənasında olan mu, mue sözü və s.
Hər bir insan bilir ki, su həyatdır, susuz yaşamaq mümkün deyildir. Bu mənada su türk xalqlarında ən qiymətli nemətdir. Lap qədim dövrlərdən türklərin su ətrafında məskunlaşması səbəbi də bununla bağlıdır.Ona görə də türk- azərbaycan mənşəli bir qisim onomastik vahidlərin, xüsusilə toponimlərin ( yer- yurd adlarının ) yaranmasında su sözünün rolu olmuşdur.Məsələn, İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər ( Vardenis ) rayonunda Subatan kəndi, İrəvan quberniyasının Eçmiəzdin qəzasında , indiki Talin rayonunda Susuz kəndi, İrəvan şəhərində Sulu karvansarası, Yelizavetpol ( Gəncə ) quberniyasının Zəngəzur qəzasında , indiki Sisyan rayonunun Ağudi kəndində Su tökülən dağı, Yelizavetpol ( Gəncə ) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisindəSuxan kəndi və s. buna misal ola bilər. Bu misallarda Subatan sözündə su “çay” mənasını, Susuz sözündə su “çay, kiçik çay, gölməçə” mənasını, Suxan sözündə su “su” mənasını bildirir. ( bax: http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap069az-21.php ).
Novruz bayramı ərəfəsindəki dörd çərşənbədən ( od çərşənbəsi, su çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi ) birinin su çərşənbəsi olması bir daha suyun mühüm ünsür hesab edilməsi ilə bağlıdır. Azərbayçan folklorunda su ilə əlaqəli xeyli inancların olması bir daha suyun müqəddəsliyinə işarədir.Həmin inanclardan bəzilərinə diqqət yetirək:
Süfrəyə su dağılması aydınlıqdır;
Su içən adamı qəfil vurmazlar;
Su içən adamı ilan çalmaz;
Lal axan sudan keçməzlər;
Su olan yerdə dirilik olar;
Su ehsandır;
Su murdarlıq götürməz;
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz və s.
Yuxarıda qeyd etdik ki, Susay sözü su və say sözlərindən əmələ gəlmişdir. Susay sözündəki su hissəsinin izahına xeyli yer ayırdıq. İndi isə say hissəsinin izahına diqqət yetirək. Türk dillərində bu söz say, çay şəklində işlənir.Say, çay sözləri qədim türkcədə “vulkan mənşəli daşlıq yer” mənasını bildirmişdir. Azərbaycan dilində say sözünün “dayaz yer” mənası vardır: gəmi saya oturdu. ( bax: htpp://www6.600min.az/index.php?showtopic=18908 , s. 3 ). Say komponentli yer adları türk toponimik sistemində tarixən mövcud oimuşdur. Məsələn, Yelizavetopol ( Gəncə ) quberniyasının Zəngəzur qəzasında Sisyan rayonu ərazisində Saybalı toponimindəki saysözü qədim türk dilindəki “vulkan mənşəli daşlıq”, “düzənlik, düzəngah, səhra” mənasındadır. (bax: htpp://karabakh-doc.azerall.info/ru/azerpeople/ap069az-21.php ).
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor