Modern.az saytı SSRİ dövründə fəaliyyət göstərən Kreml mətbəxi haqqında yazını təqdim edir.
Kreml mətbəxində işə götürülənlər uzun müddət yoxlamalardan keçirilib, ən kiçik detallar belə nəzərə alınıb və işə qəbul olunduqdan sonra xəbərdarlıq edilib ki, ailə üzvlərindən başqa işlədikləri yer haqqında heç kimə məlumat verməməlidirlər.
Xüsusi mətbəxin əməkdaşları adları ilə çağırılmayıb. Hər bir əməkdaşın öz nömrəsi olub. 01, 02, 03, 04 və sairə. Əməkdaşlar öz aralarında hansı rəqəmin kim olduğunu əzbər biliblər.
Siyasi Büronun hər bir üzvünə üç, büro üzvlüyünə namizədlərin hər birinə isə iki aşpaz xidmət göstərib. Aşpazlar gərgin iş rejimində çalışıblar. Bir çox vaxtlar iş günü səhər tezdən başlayaraq gecə yarıya qədər davam edib. Bundan əlavə Kreml mətbəxinin işçiləri müntəzəm olaraq ezamiyyətlərdə də xidmət etdikləri məmurlarının istirahət edəcəkləri məkanlarda, bağ evlərində, hətta qatarda, gəmidə belə xidmətlərini davam etdiriblər.
Dövlət büdcəsindən büro üzvlərinin aylıq qidalanmasına 400 rubl, büro üzvlüyünə namizədlərə isə 200 rubl vəsait ayrılıb. Nəzərə alsaq ki, həmin dövrdə Mərkəzi Komitə rəhbərlərinin ən çox sevdiyi nərə balığının bir kiloqramı 5 rubl olub, bu məbləğlər heç də o vaxt üçün az deyildi. Əgər məmurların aylıq yeməklərinin qiyməti bu məbləği keçibsə, aradakı pul fərqini öz ciblərindən ödəyiblər. Bu məsələ Kremldə ciddi nəzarətdə saxlanılıb.
Hazırlanan qidaların keyfiyyətinə xüsusi nəzarət olunub. Həmin təamların dadına ilk olaraq həkimlər baxıblar. Elə bu ciddi nəzarətin nəticəsidir ki, Kreml mətbəxindən qidalananlar arasında bu günə kimi zəhərlənmə halı baş verməyib.
Xüsusi mətbəxin aşpazlarından keyfiyyətli və dadlı təamların hazırlanması ilə yanaşı, onları arzulanan formada və yüksək səviyyədə təqdim edilməsi də tələb olunub. Yuri Qaqarinin şərəfinə Kremldə ziyafət təşkil olunanda ətdən hazırlanmış kotletlər raket formasında süfrəyə verilib. Yaxud tortların üzərində Kremlin əksi və ya SSRİ-nin xəritəsi çəkilib.
Rəhbərlər onlar üçün hazırlanan qidalara tələbkarlıqla yanaşıblar. Xüsusilə də baş katiblər.
Kreml mətbəxinin dörd aşpazı həftə ərzində növbə ilə Stalinin bağında çalışıblar. Tez-tez baş tutan gecə ziyafətlərində aşpazlar kababı böyük zaldakı daş sobada bişiriblər. Təbii ki, bağ sahibinin göstərişi ilə. Stalin hər dəfə bu prosesi diqqətlə isləyib və “kababı belə bişirməzlər”-deyə iradını bildirib.
Nikita Xruşov da aşpazları tez-tez danlayıb. O, hər gün aşpazlardan borş hazırlanmasını tələb edib. Ən çox işlətdiyi ifadə isə “Nina Petrovna sizdən yaxşı hazırlayır” ifadəsi olub. Həyat yoldaşını nəzərdə tutub.
Leonid İliç Brejnev aşpazlara qarşı daha nəzakətli davranıb. Həkimin göstərişi ilə Brejnevə günorta yeməyində müxtəlif tərəvəzlərdən şorbalar hazırlanıb. O, bu şorbalardan etika naminə imtina etməyib. Ancaq mühafizəçilərin birinin söylədiyinə görə Baş katib kabinetinin arxasındakı istirahət otağında nahar edəndə həmin şorbalardan bir-iki qaşıq yedikdən sonra tualetə boşaldıb. Brejnevin daha çox sevdiyi yemək soyuq kotlet olub. Buna görə də kotlet bişirildikdən sonra soyuducunun yuxarı gözündə saxlanılıb. Ümumiyyətlə, Leonid İliçin çənə və protez problemini bilən aşpazlar adətən Baş katibin rahatlığı üçün yumşaq yeməklər hazırlayıblar.
Kreml mətbəxinin gərgin iş qrafiki bayram günləri və xarici ölkələrin nümayəndə heyətlərinin SSRİ-yə səfərləri zamanı olub. Böyük ziyafətlər mətbəx işçilərindən gərgin zəhmət tələb edib. Məhz belə günlərdə maraqlı məqamlar da baş verib.
Bolqarıstan nümayəndələrinin rəsmi səfəri zamanı ziyafət verilərkən kiçik fasilələrlə süfrəyə müxtəlif yeməklər verilib. 7-8 kiloqramlıq bütöv qızardılmış donuz balasını xidmətçi süfrəyə gətirəndə Leonid İliç tost deməyə başlayıb. Baş katibin süfrə arxasındakı nitqi qırx dəqiqədən artıq çəkib. Bu müddət ərzində xidmətçi siniyə qoyulmuş donuz balasını bir əli ilə saxlamağa məcbur olub.
Amerika Birləşmiş Ştatlarının prezidenti Nikson səfəri zamanı öz aşpazı ilə gəlsə də Kreml mətbəxində hazırlanan yeməklərlə qidalanıb. O tez-tez mətbəxə keçməyi xoşlayıb. Buna görə də amerikalı mühafizəçilərin tez-tez mətbəxdə peyda olması yerli aşpazlarda narahatlıq yaradıb. Bununla yanaşı Niksonun klassik musiqi həvəskarı olması ucbatından səfər ərəfəsində hər gün bu janrda olan musiqiyə qulaq asmaq Kreml aşpazlarını bezdirib.
Hindistanın baş naziri Moskvada səfərdə olarkən öz istəyi ilə səhər yeməyini tək yeyib. Kreml mətbəxi ona yüksək səviyyədə xidmət göstərib. Hindistanlı siyasətçi xanım səhər, günorta və axşam yeməklərində menyudan asılı olmayaraq süfrədə qara kürünün olmasını xahiş edib.
Adi iş günlərində xüsusi mətbəxdə 20 növdən artıq şorbalar və xörəklər bişirilib. Həkimlərin göstərişi ilə bu yeməklərin hər birinin öz sahibi olub. Bu qidalar məmurların sağlamlıq durumuna uyğun hazırlanıb.
Kreml mətbəxi öz fəaliyyətini bu gün də davam etdirir. Ancaq dağılmış SSRİ rəhbərləri üçün yox, Rusiyanın yeni siyasi liderləri üçün. İlham Cəmiloğlu