“Stalin tualetə gedəndə də mühafizəçilərdən yanında olmağı tələb edirdi”

0
644
Deyirlər ehtiyat igidin yaraşığıdır. Ehtiyat elə siyasətçinin də yaraşığıdır. Amma ehtiyat heç də ətrafında olan insanlara inamsızlıq demək deyil. Əgər insanın həmişə etibar etdiyi adamlara inamsızlığı başlayırsa, çox yəqin ki, bu artıq onun özündə olan problemlərdən yaranır. Bəlkə də bu, nə vaxtsa atılmış səhv addımın nəticəsidir. Bir sözlə bu məsələ də bəlkələrin sayı çox ola bilər…

Ömrünün son illərində İosif Stalinin də ən yaxın ətrafına qarşı inamsızlığı haqqında onunla çox sıx əlaqədə olan ayrı-ayrı insanların xatirələrində yazılar xüsusi yer alıb. Bəziləri bunu onun psixoloji durumunda problemlərin olması, bəziləri isə sadəcə insanlara etibarının azalması kimi qiymətləndiriblər. Rəhbər son illərdə hətta mühafizəçilərinə də inanmayıb.

Modern.az saytı İosif Stalinlə bağlı növbəti yazını təqdim edir.

Nikita Xruşov öz xatirələrində Stalinin ən yaxın ətrafına qarşı inamsızlığı haqqında qeyd edib:

“Stalin tualetə gedəndə də mühafizəçilərdən yanında olmağı tələb edirdi. Mən şəxsən Stalinin bağında belə bir hadisənin şahidi olmuşam. Stalin tualetə gedəndə hər an onun bir addımlığında dayanan mühafizəçi yerindən tərpənmədi. O tualetdən çıxdıqdan sonra hamımızın yanında səsinin tonunu qaldırıb mühafizəçini sərt şəkildə danlamağa başladı:

 

– Niyə siz öz vəzifələrinizi yerinə yetirmirsiniz? Əgər siz məni qoruyursunuzsa, kürsülərdə əyləşib mürgüləməyin, işinizi layiqincə görün.

 

Mühafizəçi bu yersiz danlaqdan pərt olsa da, özünü doğrultmağa cəsarət tapdı:

 

– Yoldaş Stalin, biz bilirik ki, tualetin qapısı yoxdur. Ümumi qapının arxasında isə mühafizəçilər öz yerlərindədirlər.

 

– Siz hər yerdə mənim yanımda olmalısınız!

 

Təbii ki, Stalinin bu iradı yersiz idi. Harda görünüb ki, mühafizəçi qoruduğu adamla birgə tualetə girsin. Bu artıq o demək idi ki, Stalinin tualetə də tək getməyə qorxurdu. Əlbəttə bu onun beyninin xəstə olmağının nəticəsi idi. Ümumiyyətlə, Stalin ömrünün son illərini belə qorxu içərisində keçirirdi. Hələ bu harasıdır. Süfrə arxasında Stalin hazırlanmış xörəklərə ən sonda əl uzadırdı. O vaxta qədər gözləyərdi ki, əyləşənlərdən kimsə süfrədəkilərin dadına baxsın. O, heç kimə etibar etmirdi. Hətta uzun illər ona sədaqətlə xidmət etmiş insanlara belə…”

Nikita Xruşovun Stalin haqqında bu qeydlərini qərəzli də qiymətləndirmək olar. Amma mühafizəçilərdən bir neçəsinin Stalininin haqqındakı xatirələri hec də Xruşovun yazdıqlarını qeyri-səmimi qəbul etməyə əsas vermir.

 

Araşdırmaçıların qənaətinə görə, SSRİ rəhbərlərinin mahafizəsi dünya ölkələri arasında ən güclü mühafizə sistemlərindən biri olub. 1927-ci ildən başlayaraq SSRİ-də ölkə rəhbərliyinin mühafizə sistemi zaman-zaman təkmilləşməyə başlayıb. Stalinin hakimiyyəti illərində isə onun təhlükəsizliyi daha ciddi şəkildə təmin olunub. Buna baxmayaraq, rəhbər ona sadiq olan mühafizəçilərinə çox da hörmətlə, qayğıkeşliklə yanaşmayıb, onlara tam etibar etməyib. Bəzi tarixçilər bunu Kreml məmurlarının arasındakı gizli qruplaşmaların, qapalı ziddiyyətlərin olması ilə əlaqələndirib. Və belə ehtimal olunub ki, Stalin sağ qalsaydı, qısa bir zamanda daha bir neçə məmur sürgünə göndəriləcəkdi. O məmurlar ki, məhz mühafizəçilərin vasitəsi ilə Stalinin həyatına son qoymaq arzusunda olublar. Bu məmurlar arasında çox ciddi siyasi fiqur sayılan, müəmmalı Lavrenti Beriyanın adı da hallanıb.

Uzun illər Stalinin şəxsi mühafizəsində çalışmış Vladimir Vasilyev də öz xatirələrində rəhbərin mühafizəçilərə qarşı münasibətində bəzi məqamlara toxunub:

“Stalin onu qoruyan insanları, lazım gələndə onun yolunda canını qurban verməyə hazır olan mühafizəçiləri adam yerinə qoymurdu. Hər dəfə üz-üzə gələndə şübhəli və sərt baxışları ilə sanki bütün daxilimizi görmək istəyirdi. Bizə onunla danışmaq qadağan edilmişdi. Xidmətə daxil olanda Stalinə şəxsi məsələ ilə bağlı heç bir müraciət etməyəcəyimizlə bağlı yazılı öhdəliyə də imza atmışdıq. Hansı ki, bizim həll olunmayan bir çox məişət problemlərimiz var idi, ailələrimiz ağır şəraitdə yaşayırdılar. Harda işləməyimiz haqqında kiməsə məlumat vermək qəti qadağan olunmuşdu. Çox gərgin iş rejimində fəaliyyət göstərirdik. Belə rejimlə yanaşı, müntəzəm yoxlamalar və guya ki, təlimlər bizi yorurdu. Tez-tez bizi məlumatlandırırdılar ki, guya hansısa diversiya qrupu Stalinə qarşı xüsusi plan hazırlayıb. Əslində isə bütün bunlar bizi daim gərgin vəziyyətdə saxlamaq məqsədi güdürdü. Bu cür oyunbazlığın müəllifi isə əsasən Beriya olurdu. Rəsmi qəbullarda, tədbirlərdə isə Stalinin təhlükəsizliyi, mühafizəsi birə beş gücləndirilirdi. Böyük Teatrda keçirilən yığıncaqlarda mühafizəçilərlə yanaşı, hər addımda, girişdə, çıxışda, səhnə arxasında, teatrın əhatəsində, bir sözlə hər yerdə təhlükəsizlik orqanlarının əməkdaşları keşik çəkirdilər. Belə bir qayda qoyulmuşdu, üç nəfər dəvət olunmuşa bir agent nəzarət etməlidir. Rəsmi ziyafətlərdə də eyni qaydalar hökm sürüdü. Belə ziyafətlərdə əksər vaxtlarda biz gah qonaq, gah da xidmətçi qismində iştirak edirdik. Belə vəziyyətlərdə xoşagəlməz, ancaq maraqlı və Stalin tərəfindən bağışlanan hadisələr də baş verirdi.
Yaxşı xatırlayıram, Stalinin 70 illik yubileyi şərəfinə Kremldə ziyafət verilərkən həmkarım mayor Mişa Klopov masa xidmətçisi qismində çalışırdı. O, şampan şərabını açanda rabitə nazirinin həyat yoldaşını başdan ayağa şərabla batırdı. Belə şeylərə çox da diqqət yetirilmirdi. Çünki ziyafət başlanandan bir saat sonra qonaqların çoxusu sərxoş olurdu. Stalin özü içdiyinin həddini bilsə də,  qonaqları içirdib kefləndirməyi xoşlayırdı. Daha doğrusu o, bundan xüsusi zövq alırdı. Elə ziyafətlər olub ki, ən yüksək çinli məmurları belə, ziyafət zalından əllərimizin üstündə çıxarıb yola salmışıq…”.

 

Həmin dövrün siyasi atmosferinə nəzər salsaq, Stalinin tərəddüdlərinə bəlkə də haqq qazandırmaq olar. Təbii ki, tualet məsələsi istisna olmaqla. Stalinin müəmmalı ölümü də onu sübut edir ki, Stalin hakimiyyətinin sona çatmasını istəyənlər elə onun ən yaxın ətrafında olan insanlar olub.

BIR CAVAB BURAXIN