SSRİ-də kosmosa göndərilən Laykanın sirləri

0
878

 

Ötən əsrin 50-ci illərindən başlayaraq SSRİ ilə ABŞ arasında davam edən kosmos uğrunda mübarizə o dövrdə Yerətrafı orbitə hər iki tərəfdən çoxsaylı canlıların göndərilməsi ilə müşahidə edilirdi. Bu baxımdan həmin dövrdə ABŞ Yerətrafı orbitə göndərilən kosmik gəmilərdə meymunlardan, SSRİ isə itlərdən istifadə etməkdə idi. Nə qədər qəribə olsa da, SSRİ-də ötən əsrin 50-ci illərinin sonlarında bir Layka heyranlığı vardı. Hətta kosmosa göndərilən ilk canlı olan Laykanın şərəfinə belə şeirlər qoşulurdu. Belə şeirlərdən birində hətta deyilirdi:

“Layka edir ham-ham,

Biz ondan alırıq ilham”

Amma o vaxt çoxlarının kosmosa göndərilən Laykanın başına gələnlərdən xəbəri yox idi.

Küçə iti

1957-ci ildə SSRİ tərəfində Yerətrafı orbitə ilk peykin çıxarılması elmi-texniki tərrəqqinin qarşısında yeni inkişaf perspektivləri açdı. Yerətrafı orbitə ilk kosmik peykin göndərilməsindən sonra təbii ki, gündəmə gələn vacib məsələ canlı insanın kosmosa göndərilməsi oldu. Amma bu işdə insan həyatının vacibliyini nəzərə alaraq kosmosa ilk növbədə heyvanların göndərilməsi və çəkisizlik şəraitinin onların səhhətinə necə təsir edəcəyi öyrənilməsinə başlanıldı. Nə qədər qəribə olsa da, SSRİ-də həmin dövrdə Yerətrafı orbitə göndəriləcək ilk canlı kmi məhz itləri seçdilər. Amma itlərin Yerətrafı orbitə göndərilməsi ideyası o dövrdə ilk dəfə kimin ağlına gəlmişdi, bu günə kimi məlum deyil. Təbii ki, kosmosa göndəriləcək itlər olduqca dözümlü olmalı idi. Belə dözümlü itləri isə ancaq həyət itləri arasından tapmaq olardı. Çünki həyət itləri adətən daha dözümlü olurdular. Alimlər uçuş üçün məhz həyət itləri axtarırdılar. Ona görə də bir müddət xüsusi dəstə ən güclü və dözümlü həyət itlərini axtarmaqla məşğul oldu. Sonda onlar Layka adlı bir itin üzərində dayandılar. Burada bir haşiyə çıxaraq qeyd edək ki, əslində Laykadan əvvəl kosmosa Albina adlı bir it göndərilmiş və orbitdə yarım dövrə vurduqdan sonr sağ-salamat geri dönmüşdü. Bu baxımdan Layka da Albinanın uğurunu daha yüksək səviyyədə təkrar etməli və bu eksperiment insanın kosmosa göndərilməsi yolunda sonuncu məşq olmalı idi.

Günahkar Xruşşov oldu

İlkin mərhələdə Laykanın kosmosdan sağ-salamat geri qaytarılması nəzərdə tutulsa da sonra bundan imtina edildi. Həmin dövrdə SSRİ-ni idarə edən Nikita Xruşşov Yerətrafı orbitə canlı göndərilməsini tezləşdirməyi və bu işi qısa müddətdə, inqilabın 40-cı ildönümünə kimi hayata keçirməyi tapşırmışdı. Məqsəd bununla da bayram ərəfəsində SSRİ-nin Qərbdən üstün olduğunu dünyada təbliğ etmək idi. Nəticədə Laykanın sağ-salamat geri göndərilməsi üçün lazımi avadanlıqların hazırlanması və peykə quraşdırılmasını ixtisara salmalı oldular. Çünki bunun üçün vaxt yox idi. Layka kosmosa göndərilməsi üçün vacib olan bütün sınaqlardan uğurla çıxmışdı və Albinadan daha dözümlü nəzərə çarpırdı. Həmin dövrdə kosmosa göndərilən “Sputnik-2” peyki təxminən paltaryuyan maşın böyüklüyündə idi. Layka belə vəziyyətdə yalnız otura və uzana bilərdi. Kosmosa göndərilməzdən əvvəl Layka ilə bağlı keçirilən bütün sınaqlarda iştirak edən tibb elmləri doktoru Vladimir Yazdovski iti evlərinə aparmış və ona xüsusi qayğı göstərmişdi. O sonralar etiraf etmişdi ki, sınaq müddətində Laykaya çox bağlanmışdı və onun kosmosda ölməsini arzulamırdı. 1957-ciil noyabr ayının 3-də “Sputnik-2” Yerətrafı orbitə çıxarıldı. Kosmosa göndərilməzdən əvəl Layka sanki bir daha geri qaytmayacağını hiss etmiş və ətrafındakılara münasibətdə çılğınlıq göstərməyə, əmrləri yerinə yetirməməyə başlamışdı. Onun bir daha geri dönməyəcəyini və əzablı ölümlə ölməsini arzulamadıqları üçün yeməyinin içinə zəhər qatmışdılar. Layka uğurla Yerətrafı orbitdə sağ-salamat dövrə vurdu. Belə demək mümkünsə Qaqarindən öncə ona Yerətrafı orbitdə bir neçə dəfə dövrə vurmaq nəsib oldu. Sonralar 2002-ci ildə Laykanın Yerətrafı orbitə göndərilməsində iştirak edən alimlərdən biri Dmitri Malaşenkov demişdi ki, Yerərtafı orbitə çıxarılandan 168 saatdan sonra, dördünci dövrədə Layka yediyi zəhərli yeməkdən sonra dəhşətli ağrılar içində öldü. 5 ay ərzində Yerətrafı orbitdə 2570 dəfə dövrə vurn “Sputnik-2” peyki sonra atmosferin alt qatlarına daxil olaraq yandı. Laykanın ölümü o dövrdə xaricdə böyük səs-küyə səbəb olmuşdu. Xaricdəki heyvanları müdafiə cəmiyyətləri bununla bağlı SSRİ-yə qarşı etiraz aksiyaları keçirmiş və bunu vəhşilik adlandırmışdılar. Həmin dövrdə “Deyli Mirror” qəzeti isə yazmışdı: “İt kosmosda ölür, biz isə onu xilas edə bilmirik”. SSRİ də isə xaricdə Laykanın müdafiəsinə qalxanları anlaya bilmirdilər və bunu sosializm sisteminin uğurlarına paxıllıq kimi dəyərləndirirdilər. Bununla belə Laykanın ölümü Yuri Qaqarinin kosmosa çıxması yönündə önəmli təcrübə oldu. Bundan sonra artıq kosmosun belə demək mümkünsə fəthi başladı…

Əziz Mustafa

BIR CAVAB BURAXIN