Onun haqqında uzun illər qorxa-qorxa danışırdılar. Bu da əsassız deyildi. O hər gün “of” belə demədən onlarla adamı gedər-gəlməzə göndərirdi. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuşdu. Söhbət SSRİ cəlladlarından biri olan Lavrenti Beriyadan gedir. Birinci dünya müharibəsinin sonlarında onu xüsusi tapşırıqla Bakıya göndərmişdilər. Bir müddət Bakı sovetində katib kimi işlədi. Sonra o gizli fəaliyyətə keçdi və 1918-1920-ci illərdə bolşevik kimi milli hökumətə qarşı çalışdı. Onun elə həmin illərdə də Azərbaycan kəşfiyyatı tərəfindən ələ alındığı ehtimal edilir. Amma sonralar o agent olduğunu sübut edən sənədləri məhv edə bildi. Bununla belə 1933-cü ildə Beriya Orconkidzeyə yazdığı məktubunda Azərbaycan kəşfiyyatı ilə əlaqələri partiyanın tapşırığı ilə qurduğunu bildirmişdi. Azərbaycan qırımızı ordu tərəfindən işğal ediləndən sonra o, Gürcüstana gizli fəaliyyətə göndərildi. Yenidən Azərbaycana qayıdanda onu Fövqəladə Komissiyada işə qəbul etdilər. Həmin dövrdə sənədləri saxtalaşdırdığına görə Beriyanı həbs etmişdilər. Onu güllələnmədən yalnız həmin dövrdə Fövqəladə Komissiyasının sədri işləyən Mircəfərov Bağırov xilas edə bildi. Bundan sonra bir müddət Azərbaycanda işləyən Beriyanı Gürcüstana göndərdilər. Stalinlə tanışlığından sonra isə vəzifə kürsüsündə yüksəlməyə başladı. Qeyd edək ki, onun bu vəzifəyə qalxmasında və keçmişini məharətlə gizlətməsində Stalinlə dostluğu mühüm rol oynayır. 31-ci ildə Zaqafqaziya Vilayət Partiya Komitəsinin ikinci katibi işləyir və həmin ildən başlayaraq, Stalindən bütün gizli sənədlərin məhvi tapşırığını alır. Və o, tapşırıqları məharətlə yerinə yetirir. İş orasındadır ki, o vaxtı nəinki Beriyanın Azərbaycanın və ingilislərin kəşfiyyatçısı olduğu, həm də Stalinin müəyyən şərtlər daxilində alman və ingilis kəşfiyyatına işlədiyi barədəki sənədlər Bakıda və Tiflisdə saxlanılırdı. Bu sənədlərin məhvi isə Stalinə hava və su kimi lazım idi. Həqiqətən də, sonradan məlum oldu ki, Beriya 500-ə yaxın gizli sənədi məhv edə bilib. Bu da onun mühakiməsi zamanı daha tutarlı faktlardan istifadə olunmasına imkan vermədi. Beriya olduqca qəddarcasına hərəkət edirdi. 30-cu illərdə Zaqafqaziyada minlərlə insanı sürgünlərə göndərdi, hətta bir çox məşhur partiya və dövlət xadimlərinin döyülməsində şəxsən iştirak edirdi. Məsələn, o, Gürcüstanın məşhur bəstəkarı və dirijoru E.S.Mikeladzeni şəxsən döyə-döyə qabırğalarını və burnunu sındırmışdı. Yeri gəlmişkən, qeyd edək ki, Beriya Azərbaycanda cəllad kimi ad çıxarmış Mircəfər Bağırovla yaxın dost idi. Mircəfər Bağırovun da o vaxt Beriya kimi, Azərbaycan milli hökumətinin kəşfiyyatına işlədiyi ehtimal edilir. Bakıda Beriyanın bir çox yüksək vəzifələrə irəli çəkilməsində və keçmişinin gizlədilməsində şəxsən Mircəfər Bağırov böyük rol oynayıb. Sonralar Beriya Bağırova onun əvəzini artıqlaması ilə verdi. 20-ci illərin sonunda Bağırovun həbs edilməsi məsələsi ortaya çıxmışdı. Bundan xəbər tutan kimi Beriya Bakıya zəng edərək, Bağırovu həbsdən qurtardı. Və sonradan yenə də Beriyanın köməkliyi ilə Bağırov Azərbaycan ÇK-sının sədri seçildi. 1938-ci ildə Beriyanın vəzifəsini böyüdürlər- o, SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsinə və eyni zamanda, dövlət təhlükəsizlik orqanında baş idarənin rəhbəri vəzifəsinə seçilir.
Az sonra o, Stalinin əmri ilə SSRİ daxili işlər naziri vəzifəsinə təyin edilir. Bu dövrdən başlayaraq, o, ölkədə əsl diktatura rejimi yaradır. Əvvəlcə, Yejovu vəzifədən götürtdürür, sonra Xalq Komissarları Sovetində təmizləmə əməliyyatlarına başlayır. Nəticədə, 7 min adam işdən azad edilir. Onların çoxu sürgünə göndərilir. Beriya hər yerdə öz adamlarını qoymuşdu. Qafqazda Merkulov, Dekanazov, Kobulov, Sanav, Mamulov və digərləri Beriyanın göstərişi ilə regionlarda amansız bir terror rejimi qurmuşdular. 1939-40-cı illərdə Beriyanın təşəbbüsü ilə Belarusiyadan, Ukraynadan və Pribaltikadan yüzlərlə insan Sibirə sürgün edildi. Guya bu insanlar SSRİ üçün təhlükə mənbəyi idilər. Bundan əlavə, SSRİ-nin mərhəmətinə inanaraq könüllü şəkildə əsir düşən Polşa əsgərləri Beriyanın əmri ilə güllələndi. Özü də onların sayı nə az-nə çox, 30 mindən yuxarı idi. 1941-ci ildə o, demək olar ki, Stalindən sonra ölkənin bütün nazirliklərinə nəzarət edirdi. Həmin dövrdə Beriyanın Azərbaycana çox gözlənilməz bir xidməti oldu. 1943-cü ildə Mikoyanın təşəbbüsü ilə Stalin azərbaycanlıların Orta Asiyaya sürgün edilməsi barədə qərar qəbul etdi. Guya Türkiyədən hücum gözlənilir və türklərlə eyni etnik kökə malik azərbaycanlılar birləşərək SSRİ-yə qarşı çıxacaqlar. Beriya dərhal bu barədə Mircəfər Bağırova məlumat verir. Təcili şəkildə Moskvaya uçan Bağırov Beriya ilə birlikdə Stalinin qəbuluna düşürlər və Bağırov burada Beriyanın yardımı ilə Stalini məlum qərarından əl çəkməyə məcbur edə bilir. 1943-44-cü illərdə Beriya Qaraçay balkarların, Krım tatarlaının, Ahıska türklərinin və çeçenlərin Orta Asiyaya və Qazaxıstana sürgünlük əməliyyatlarına rəhbərlik edir. Müharibədən sonra isə Beriya Stalinin xəstə olduğunu nəzərə alaraq, özünü onun yerinə hazırlayır. Bəzi məlumatlara görə, Beriya Stalinin ölüm xəbərini alandan sonra özünə sadiq qüvvələrlə dövlət çevrilişi etməli idi. Amma Xruşşovun və onun tərəfdarlarının işə qarışması ilə bunun qarşısı alınır. Beriya təhlükənin haradan gəldiyiniartıq hiss edirdi, qısa müddətdə Xruşşov və onun komandasını aradan götürmək üçün xüsusi plan da hazırlamışdı. Lakin Xruşşovun SSRİ Təhlükəsizlik Komitəsinin sədrini ələ alması nəticəsində Beriya niyyətini həyata keçirə bilmir və o özü həbs edilir. Məhkəmə zamanı Beriya heç nəyi boynuna almır. Bildirir ki, düşmən deyil və onun bütün fəaliyyəti partiya və dövlətin xeyrinə olub. 1953-cü ildə marşal Konevin sədrliyi altında Ali Məhkəmə Beriyanın güllələnməsi barədə hökm çıxarır. Və ertəsi gün o güllələnir.
Əziz Mustafa