SSRİ cəlladları: Henrix Yaqoda

0
1532

 

Üstündən 90 ilə yaxın vaxt keçməsinə baxmayaraq onun adı indinin özündə yaşlı nəslin nümayəndələri tərəfindən qorxu ilə xatırlanır. O, ötən ilin 30-cu illərində Stalinin əmri ilə ölkədə siyasi qətllərin, repressiyaların əsasını qoyan qəddar şəxslərdən biri idi. Bolşeviklər hakimiyyəti zorla ələ keçirəndən sonra uzun müddət dövlət təhlükəsizliyi orqanlarında işləmiş, o cümlədən 1934-1936-cı illərdə SSRİ Xalq daxili İşlər Komissarı vəzifəsində çalışmış, qırmızı imperiyanın tarixində ilk dövlət təhlükəsizliyi generalı olmuşdu.

Milliyətcə yəhudi olan və sonralar cəllad kimi ad çıxaran Henrix Yaqoda 1891-ci ildə Rıbinskdə anadan olmuşdu. Yaqodanın atası bolşevik rəhbərlərdən olan Sverdlovla yaxın tanış idi. Gənc yaşlarından inqilabi hərəkatda iştirak edən Yaqoda bolşeviklərə yaxından kömək edirdi. 1912-ci ildə saxta pasportla Moskvada yaşadığına görə Yaqodanı həbs etmiş və onu 2 il müddətinə azadlıqdan məhrum etmişdilər. Həbs müddətii başa çatandan sonra Yaqoda gizli fəailiyyətini davam etdirdi. 1915-ci ildə o orduya səfərbər edildi. Döyüşdə yaralandığından hərbi xidmətdən azad edildi. Bolşeviklər dövlət çevrilişi edərək hakimiyyəti ələ alandan sonra Yaqoda Sverdlovun köməyi ilə yüksək vəzifələrə irəli çəkildi. 1918-ci ildən Fövqqalədə Komissiyada (CK) işləməyə başladı. Onun cəlladlığa gedən yolu da buradan başladı. Həmin dövrdə o inqilab düşmənləri adı altında minlərlə günahsız insanın ölümə göndərilməsində iştirak etdi. Sonra xüsusi şöbədə Dzerjinskinin ikinci müavini vəzifəsinə təyin edildi. Dzerjinskinin ölümündən sonra onun yerinə təyin edilən Menjinski xəstəliyi səbəbi ilə 1927-ci ildə vəzifəsindən götürüldü. Bundan sonra faktiki olaraq SSRİ-də dəhşət doğuran ÇK-ya Yaqoda rəhbərlik etməyə başladı. Bu vəzifədə Stalinin düşmənlərilə mübarizə pərdəsi altında Yaqoda yüzlərlə günahsız insanı sürgünlərə göndərdi. 1933-cü ildə Yaqoda Yaponiyanın xeyrinə işləyən təxribatşı casus “şəbəkəsini” ifşa etdiyini bildirərək SSRİ topraq nazirliyinin yüksək vəzifəli 100-dən artıq əməkdaşını həbs etdirdi. Onların boyunlarına günahları zorla qoyuldu. Həbs edilənlərdən 23 nəfəri dövlətə xəyanət üstündə Yaqodanın göstərişi ilə güllələndi.

1934- cü il iyul ayının 10-da SSRİ MİK-si “Ümumittifaq Xalq Daxili İşlər Komissarlığının yaradılması haqqında” qərar qəbul etdi. SSRİ- də yeni həbs düşərgələrinin yaradılmasında və onların idarə olunmasında böyük təcrübəyə malik Henrix Yaqoda Xalq Daxili İşlər Komissarı təyin olundu. Bu ona daha çox insanı həbs düşərgələrinə göndərməyə imkan verdi. Həmin dövrdə Yaqodanın rəhbərliyi altında adı gələndə insanları dəhşətə gətirən QULAQ həbs düşərgəsi fəaliyyətə başladı. Belomor- Baltika kanalı məhz Yaqodanın əmri ilə sürgünə göndərilən günahsız insanların- həbs düşərgəsində olanların əməyi ilə çəkildi.

Yaqoda məşhur yazıçı Maksim Qorkinin öldürülməsində şəxsən iştirak etdi. Yaqodanın əmri ilə ata-oğul Qorkilərin öldürülməsində şəxsən iştirak edən yazıçının keçmiş katibi Kryuçkov isə sonralar istintaqa verdiyi ifadəsində belə deyib: “Mən Qorkini və onun oğlunun xaincəsinə öldürülməsində iştirak etdim. Bu barədə tapşırığı mənə Yaqoda vermişdi. O mənə Qorkinin hansısa çevriliş hazırladığını və bunun qabağını almaqda kömək göstərməyi təklif etmişdi. Mən həm də bu işi öz şəxsi məqsədim naminə etdim. Belə ki, Qorkinin oğlu öləndən sonra onun çoxlu pulları mənim əlimə keçəcəkdi. Bundan əlavə, oğlu öləndən sonra onun inandığı yeganə adam mən olacaqdım”.

Daha sonra Kryuçkov Yaqodanın hazırladığı plana əsasən Qorkini necə aldadaraq tələyə saldıqlarını və qriplə xəstələnməsindən istifadə edərək, ona diqalen adlı dərman verdiklərini və nəticədə yazıçının dünyasını dəyişməsinə nail olduqlarını söyləyib. Sonralar Yaqoda məhkəməyə verdiyi ifadəsində Qorkini Kremldə aparıcı fiqurladan biri olan A. Yenukidzenin tapşırığı ilə aradan götürdüyünü bildirib. Onun sözlərinə görə, trotskiçi rejim guya ölkədə Stalinə qarşı çevriliş hazırlayırmış. Onların bütün səylərinə baxmayaraq, Qorkini Stalinin əleyhinə qaldırmaq mümkün olmayıb. Onlar çevriliş zamanı Qorkinin öz nüfuzundan istifadə edərək, xalqı Stalinin müdafiəsinə qaldıracağından ehtiyat ediblər. Ona görə də trotskiçilər Yenukidze və Yaqodanın vasitəsilə Qorkinin aradan qaldırılmasını daha məqsədəuyğun hesab ediblər.

Yaqoda həmçinin Leninqradda (indiki Sankt-Peterburq) S.M Kirovun öldürülməsi planını hazırlayaraq şəxsən onun həyata keçirilməsinə rəhbərlik etdi. Bu fəaliyyətinə görə 1935-ci ildə Yaqodaya SSRİ tarixində ilk dəfə Dövlət təhlükəsizliyi generalı rütbəsi verildi. Saxta ittihamlar əsasında Yaqoda trotskiçi qrup üzvlərinin həbsinə nail oldu. Həbs edilənlərdən M. Tomski Yaqodanın işgəncə metodlarına dözməyərək özünü öldürdü. Özünə sui-qəsd etməzdən əvvəl o, Stalinə yazdığı məktubunda trotskiçilərə qoşulmasının səbəbini həyat yoldaşından soruşulmasını xahiş etmişdi. Tomskinin arvadını bununla əlaqədar sorğu-suala tutanda o həyat yoldaşının trotskiçilərə qoşulmasının səbəbkarının Yaqoda olduğunu söylədi. Bu barədə dərhal Stalinə məlumat verdilər. Həmin dövrdə Qorkinin öldürülməsinə görə də Yaqodanı günahkar hesab edən Stalin onun vəzifəsindnə azad edilməsi və rabitə naziri təyin olunması barədə sərəncam imzaladı. Bu Yaqodanın sonu demək idi. Yeni vəzifəyə təyin ediləndən təxminən 4 ay sonra, 1937-ci ilin yanvar ayında Yaqodanı tutduğu vəzifəsindən azad edərək partiya sıralarından qovdular. Bunun ardınca isə onu həbs etdilər. Yaqodanı dövlət çevrilişinə cəhddə günahlandırırdılar. Sonra onu trotskiçi qruplarla əlaqədə Stalini devirmə cəhdlərində təqsirləndirdilər. İsitntaq zamanı onun Qorkinin oğlunun ölümünü də təşkil etdiyü üzə çıxdı. Cəllad məhkəmədə bunu Qorkinin oğlunun həyat yoldaşını sevməsi ilə əlaqələndirdi. Məhkəmədə Yaqoda özünü ancaq yuxarı dairələrdə oturanların hamısını güllələtməyə vaxt tapa bilməməsində günahlandırmışdı. 1938-ci ilin mart ayının 13-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən Yaqoda ölüm çəzasına məhkum edildi. Yaqoda bundan sonra SSRİ İcraiyyə Komitəsinə məktubla müraciət edərək günahlarını etiraf etmiş və əfv edilməsi üçün yalvarmışdı. Lakin SSRİ İcraiyyə Komitəsi onun xahişini rədd etdi. Nəticədə 1938-ci il mart ayının 15-də SSRİ-nin ən dəhşətli cəlladlarından biri hesab edilən Henrix Yaqoda güllələndi. Bununla da QULAQ adlı dəhşətli bir həbs düşərgəsini yaradaraq on minlərlə insanı orada aclıqdan, xəstəlikdən, soyuqdan məhv etməyə məhkum edən cəllad Yaqoda layiq olduğu cəzasını aldı. Lakin onun qoyduğu cəlladlıq yolunu özündən sonra bu vəzifəyə təyin edilən yeni qaniçən cəllad Yejov davam etdirdi…

Əziz Mustafa

BIR CAVAB BURAXIN