Şövkət xanımı Natellanın dərdi öldürdü

0
646


 

Onun ailə həyatı çox ağır olub. İki dəfə ailə qurub. Birinci yoldaşından qızı var idi – Natella. Yoldaşı çox cavan rəhmətə getdi.

İkinci ailəsindən oğlu Bəşirdir. Bir rejissor var idi, onunla ailə həyatı qurdu, Bəşir dünyaya gəldi. Bir neçə il sonra ikinci həyat yoldaşı da rəhmətə getdi. Ona görə, o, Bəşirin üstündə çox böyük əziyyət çəkdi.

Kult.az xəbər verir ki, bu sözləri müharibə veteranı Fatma Səttarova ATV-də yayımlanan “Nanəli” verilişində Şövkət Ələkbərova haqqında danışarkən deyib. O, Şövkətin övlad acısından bəhs edib:

“Onun qardaşı mənimlə müharibədə olub 1941-45-ci illərdə. Müharibədə həlak oldu. Onun qızı qalmışdı, Şövkət Ələkbərova o qıza da analıq etdi. Çünki Şövkət xanımın qardaşı həlak olandan sonra qızın anası uşağı qoyub getmişdi.

Natelladan sonra Şövkət xanım 3 ilə yaxın yaşadı. O müddətdə kim görsəydi onu, tanımazdı. Saçları, kiprikləri ağarmışdı. Onun o vaxtı yadıma düşəndə indi də kövrəlirəm. Şövkət bəlkə də belə tez ölməzdi, Natellanın dərdi onu öldürdü”.

Onun sözlərinə görə, Şövkət Ələkbərova qızının vaxtsız vəfatından sonra bir daha oxumayıb:

“Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı”.

Qeyd edək ki, müharibə veteranı Fatma Səttarova Şövkət Ələkbərovanın yaxın rəfiqəsi olub.

 

BIR CAVAB BURAXIN