Şəkildə gördüyünüz qadını yalnız rəssamların yaşlı və orta nəsli xatırlayır. Belə ki, uzun müddət ərzində Rəssamlar İttifaqında işləyən bu qadının adı da, özü də 1987-ci ildə Rəssamlar İttifaqının Kremli sənət qibləsi sayan rəhbərliyinin qanuni yolla devrilməsindən sonra zamanın arxivinə gömülüb. Bu gün mənim onu xatırlatmağım da olub-keçənlərə “güzgü” tumaq istəyindən qayaqlanıb. Hər halda bu bizim tariximizdr..
Zinaida Semyonovna deyə müraciət olunan bu qadının soy adı Yudina idi. Rəssamlıqla birbaşa əlaqəsi olmasa da, Rəssamlar İttifaqında ümumi şöbəyə rəhbərlik edirdi. İttifaqda da hörməti sədrdən heç də az deyildi. O, heç kimin gücü çatmadığı məsələləri belə həll edə bilirdi.
Milli ruhlu adamlardan zəhləsi gedirdi və bunu ən müxtəlif formalarda ifadə edirdi. Xüsusilə də İttifaqa üzv qəbul olunmaq məsələsində. O vaxtlar üzvlük məsələsini təkcə Bakı yox, həm də Moskva həll edirdi. Sovet dönəmində İttifaqa üzv olmaq indikindən fərqli olaraq rəssamlara müəyyən imtiyazlar verirdi. Ona görə də ali məktəbi bitirən hər kəs tez İttifaqa üzv olmağa tələsirdi. Bu qadın da xoşu gəlmədiyi adamların sənədlərini müxtəlif bəhanələrlə gecikdirər, bəzən qaytarar və hətta itirərdi də…Ondan adi bir arayışı almaq çox müşkül məsələ idi… Arvadları başqa millətdən olan rəssamlara rəğbəti vardı, çox vaxt bunu onların adlarının müxtəlif təqdir siyahılarına salınması ilə təzahür etdirərdi…
Gördüyünüz şarjı 1962-ci ildə tanınmış fırça ustası Həsən Haqverdiyev çəkib. Sir-sifətindən zəhirmar yağan bu adamın “Məşədi İbad” filmində deyildiyi kimi nəyi rəssamı özünə çəkdiyini deməkdə bir az çətinlik çəkirəm. Amma rəssamın obrazlar qalereyasında ən müxtəlif xasiyyətli adaların şarjlarına rast gəlindiyindən, yəqin ki, rəssam yaradıcılığında pislər və yaxşılar arasında balans yaratmaq üçün tez-tez rastlaşdığı şöbə müdirini tarixə qovuşdurub. İndi necə deyərlər, özü yaşamasa da, şəkli qalmaqdadır. Qalanlara kimliyini xatırlatmaq üçün…