Sosializmin sonuncu mogikanı: Fidel Kastro

0
657

11

Dünən uzun illər boyu ABŞ-la çəkinmədən mübarizə aparan və kapitalizm sisteminə həyatının sonuna kimi meydan oxuyan Kuba inqilabının rəhbəri, Amerika qitəsində ilk sosialist dövlətini quran əfsanəvi komendante Fidel Kastro Rus 90 yaşında dünyasını dəyişdi. Düzü ötən əsrin 60-80-ci illərində yaşayan sovet adamları üçün Kastro sözün əsl mənasında azadlıq mücahidi, sosializm sisteminin ən çox sevilən görkəmli nümayəndələrindən biri idi. Hətta o dövrdə daim saqqal saxlayan Fidel Kastronu SSRİ-nin qeyri-rus respublikalarının əhalisi öz adamları hesab edirdilər. Özbək onun özbək, türkmən əslən türkmən, qazax əslən qazax, qırğız əslən qırğız, çeçen əslən çeçen, azərbaycanlı əslən azərbaycanlı, gürcülər isə əslən gürcü olduğunu deyridi və bu da Kastronun ətrafında çoxlu sayda əfsanələrin yaranmasına gətirib çıxarmışdı. Belə biri fikir vurğulanırdı ki, Kastro əslində SSRİ respublikalarından birinin vətəndaşıdır və vaxtı ilə əsl Kastronu DTK onun oxşarı ilə əvəz edib… Bu əfsanələrin nə qədər doğru olub-olmadığını söyləməkdən uzağıq. Ancaq ortada bütün dünyada Kastroya böyük şöhrət gətirən bir qəhrəmanlıq nümunəsi var. Bu da ömrünün sonuna kimi Kastronun ABŞ qarşısında geri çəkilməməsi və hətta sosializm sistemi dağılandan sonra belə onun sona kimi onlara qarşı mübarizə aparması ilə bağlıdır. O bir sözlə imperializm sistemi ilə döyüşən və bu mübarizədə məğlubiyyət nə olduğunu bilməyən əsl qəhrəman idi.

Varlı ailədən olan inqilabçı

Fidel Kastronun həyat yolu da özünəməxsus olub və qeyri-adiliyi ilə seçilib. Gələcəyin əfsanəsi olacaq Fidel Kastro 1926-cu ildə ispan immiqrant, Kubada böyük torpaq sahibi olan Angel Kastronun aşbaz Lina Ruzla qeyri-qanuni əlaqələri nəticəsində Oriente bölgəsində, Mayarfda dünyaya gəlib. Amma atası onu digər övladlarından fərqləndirməyib və daim ona qayğı göstərib. O məhz atasının yardımı ilə təhsilini Havana Universitetində alıb və hüquq doktoru olaraq məzun olub. Lakin Kastro varlı ailədən olmasına baxmayaraq gənc yaşlarından inqilabi hərəkata böyük rəğbət bəsləyirdi və ona görə də ABŞ-ın nökəri kimi çıxış edən yerli rejimə qarşı siyasi mübarizəni özünün əsl hədəfinə çevirdi.

1950-52-ci illər arasında vəkillik edərək yoxsulların haqqlarını müdafiə etməyə başladı. 1952-ci ildə general Fulqencio Batista bir zərbəylə Kubada rəhbərliyi ələ keçirdi. Kastro 1953-cü ildə Batista rəhbərliyini yıxmaq məqsədiylə bir təşkilat qurdu. 26 iyul 1953-cü ildə Santiaqodakı Monkadoya uğursuz bir basqın təşkil etdi. Lakin əməliyyat bu uğursuzluğa düçar oldu. Nəticədə Kastro və yoldaşlarını həbs edərək məhkəmə qarşısına çıxardılar. Məhkəmə olunması əsnasında “Tarix məni başa düşəcək” cümləsiylə bitən məşhur çıxışını etdi. Məhkəmə Kastroya 16 il həbs cəzası kəsdi. Amma iki il sonra o sərbəst buraxıldı və Meksikaya köçdü. Bundan sonra Kastro və dostları rejimə qarşı mübarizə məqsədi ilə “26 iyul Hərəkatı” təşkilatını yaratdılar.

Kastro hakimiyyəti ələ keçirir

“26 iyul Hərəkətı” üzvləri 1956-cı ildə “Qranma” adlı yaxta ilə Kubaya çıxdılar. Ancaq yenə müvəffəqiyyətsizliyə uğradılar. Yalnız, aralarında argentinalı məşhur inqilabçı Çe Gevara və Kastronun qardaşı Raulun da olduğu 12 nəfər dağlardakı qərargaha çata bildi. Oriente bölgəsindəki bu dağlarda iki il boyunca partizan müharibəsinə baş vuran və ətrafdakı xalqdan dəstək görən Kastro tədricən gücünü artırdı. 1959-cu ildə diktator Batistanın ölkədən qaçmasının ardından Kastro Havanaya girdi və yeni qurulan hökumətdə baş nazir oldu. Sonralar Kastro demişdi: “Mən inqilabı 82 nəfərlə həyata keçirdim. Mən bir də bunu təkrarlamalı olsaydım mənə 15, hətta 10 nəfər belə bəs eləyərdi. 10 nəfər və təmiz inam. Say o qədər də vacib deyil. Əsas olan inam və konkret plandır”.

Rəhbərliyə gələndən sonra o, iqtisadi və ictimai islahatlar başlatdı. Bunlardan ən əhəmiyyətlisi köklü bir torpaq islahatının reallaşdırılması idi. Bu torpaq islahatından bəzi şirkətlərin zərər görməsi səbəbiylə ABŞ, Kubaya iqtisadi embarqo tətbiq etməyə başladı. Kastro 1 may 1961-ci ildə Kubanı “Sosialist Respublika” elan etdi. Bundan sonra ABŞ, Kuba ilə diplomatik əlaqəsini kəsdiyini açıqladı.

1961-ci ilin aprel ayında ABŞ, Kastronu devirmək üçün Kubaya qarşı “Donuzlar Körfəzi hərəkatı”nı başlatdı. Lakin MKİ tərəfindən təşkil edilən bu hərəkat müvəffəqiyyətsizliklə nəticələndi. 1962-ci ildə SSRİ gizlicə Kubada nüvə başlıqlı ballastik raketlər yerləşdirdi. Lakin ABŞ bundan xəbər tutdu və nəticədə iki ölkə arasında Karib böhranı adlanan qarşıdurma baş verdi. Bu isə faktiki olaraq iki ölkə arasında nüvə müharibəsi təhlükəsini əmələ gətirmişdi. Lakin son anda tərəflər nüvə müharibəsi təhlükəsindən xilas ola və qarşılıqlı güzəştlərə gedərək təhlükəni aradan sovuşdura bildilər. Bundan sonra da ABŞ Kastronu aradan götürmək üçün çoxsaylı planları həyata keçirməyə cəhd etdi. Lakin onların hamısı uğursuzluğa düçar oldu. Qeyd edək ki, Fidel Kastro həyatına 638 dəfə sui-qəsd olunan bir insan kimi Ginnesin rekordlar kitabına düşüb. Kastro kapitalizmin iyrənc üzünə yaxşı bələd idi. O bununla bağlı demişdi: “Kapitalizm kimi iyrənc ikinci bir quruluş yoxdur. O özündə yalnız müharibə və qəddarlığı əks etdirir. Mən marksist-leninistəm və həyatımın sonunadək bu düşüncə ilə qalacağam”.

O həyatının sonuna kimi də bu ideyasına sadiq qaldı. Fidel Kastro 31 iyul 2006-cı ildə sağlamlıq problemləri səbəbiylə müvəqqəti olaraq səlahiyyətlərini qardaşı Raul Kastroya təhvil verdi. 19 fevral 2008-ci ildə də vəzifəsindən tam şəkildə əl çəkərək istefaya çıxdı. Son illərdə o az-az mətbuat qarşıısna çıxırdı və demək olar zorla danışırdı. Nəhayət sosializmin sonuncu mogikanı ötən gün dünyasını dəyişdi.

 Amma kimlərinsə onun ölümünü istəməsindən və buna görə sevinməsindən asılı olmayaraq bütün hallarda Kastro sağlığında ikən imperializmə qarşı azadlıq mücadiləsi qəhrəmanı kimi adını nəinki Kuba, həm də dünya tarixinə qızılı hərflərlə yazdıra bilib.

 

Əziz Mustafa

BIR CAVAB BURAXIN