“Sosial mənzil” layihəsini idarə edənlərin necə idarə edəcəkləri ilə bağlı ciddi şübhələrim var”

0
604

Rasim Məmmədli

Ailələr böyüyür, yeni ailələr qurulur, əvvəlcə, hər şey çox gözəl başlayır. Ümid edilir ki, gənc ailələr yavaş-yavaş işləyib, çalışıb özlərinə ev alacaqlar. Amma bu çox az hallarda həyata keçir. Həyat şəraiti günü-gündən çətinləşən dövrümüzdə evsizlik problemi insanı daha çox sıxan amillərdən biridir. İnsanın geyinib-kecinmək, qidalanmaq ehtiyaclarından əlavə, əsas ehtiyaclarından biri də daimi yaşayış yerinin olmasıdır. Bunun üçün nə eləmək lazımdır? Bu sualın cavabını ölkədə olan bütün gənclər çox dərindən fikirləşirlər. Amma cavab tapmaq üçün bir insan ömrü lazımdır.

Bu ərəfələrdə “sosial mənzil”lər haqda söz-söhbət gəzir. İllərdir ipoteka kreditinin sadələşdiriləcəyini gözləyən insanlar “sosial mənzil”lərin hazırlanmasına və vətəndaşlara rahat veriləcəyinə nə qədər inanırlar? Bu da ayrı mövzudur, bunu vətəndaşlarla sorğularımızın birində işləyəcəyik.

Xatırlayırsınızsa, dövlət başçısı İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalamışdı. MİDA MMC-nin sərəncamına veriləcək torpaq sahələrində inşa ediləcək çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində dövlət başçısına təqdim etmək tapşırılmışdı. Artıq üç aydan çox vaxt keçib. Dəqi məlumat yoxdur, yəqin ki, bu təkliflər hazırlanıb ölkə başçısına təqdim olunub.

Bəs “sosial mənzilləri” hansı vətəndaşlar ala bilərlər? Bura hansı güzəştlər daxil edilməlidir? Eks-millət vəkili, iqtisadçı Nazim Məmmədov “Zaman-Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, bazar iqtisadiyyatı dövründə dövlətin insanların hamısını evlə təmin eləmək öhdəliyi yoxdur: “Ancaq bunun üçün şərait yaradılmalıdır. 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsində bu məsələ öz əksini tapmışdır. Orada qeyd edilirdi ki, dövlət və yaxud bələdiyyə qurumları sosial mənzillər tikə və kirayə verə bilərlər. Dünya təcrübəsində də bu belədir. Bu həm təhlükəsizlik, həm də davamlı gəlir gəlməsi baxımından aztəminatlı insanlar üçün çox əlverişlidir. Nəticə etibarilə Bakı şəhərində 300 mindən çox ailə kirayədə yaşayır. Bu layihənin cəlbediciliyinə mənim şübhəm yoxdur, ancaq onu idarə edənlərin necə idarə edəcəkləri ilə bağlı ciddi şübhələrim var. Çünki təcrübə onu göstərir ki, ucuz maliyyə resursları olmasa, belə layihələri həyata keçirmək mümkün deyil. Bu resurslar da o vaxt olur ki, pul daha çox olur. Bankların imkanları daha geniş olur. Gələk hansı insanlara verilməsi məsələsinə, mənim fikrimcə, vətəndaşları hansısa kateqoriyalara bölmək doğru deyil. Burada daha çox ev almaq istəyənlər gənc ailələr olacaq. Hansı ki, ipoteka krediti üçün ilkin ödənişi toplaya bilməyiblər, bu onlar üçün keçid mərhələsi ola bilər. Sosial mənzillərdə yaşayaraq ipotekanın ilkin ödənişini toplaya, sonra da ipoteka ilə ev ala bilərlər. Bundan əlavə, sosial evlərdən yaşlı nəsil istifadə edə bilər. Burada insanları kateqoriyalara bölmək doğru deyil”.

BIR CAVAB BURAXIN