Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur

0
667

Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur.

Arazinfo.com-un verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında deyib ki, hay tarixçilərinin ortaya atdığı “Qədim Ermənistan”, yaxud “Böyük Ermənistan” məsələsi həqiqətə söykənmir və bu bir cəfəngiyyatdır. “Hay tarixçiləri özlərinə qondarma tarix və dövlət yaratmaqla və bu məsələni də müxtəlif dillərdə internet resurslarında yerləşdirməklə növbəti saxtakarlığa imza atırlar. Ümumiyyətlə, tarixdə Ərməniyyə adlı bir ərazi, vilayət olub. Həmin Ərməniyyənin isə haylara və indiki Ermənistan dövlətinə heç bir aidiyyəti və dəxli yoxdur. Sözügedən Ərməniyyə vilayəti Parfiyanın nəzarəti altında idi. Ermənilər həmin Ərməniyyəni nəzərdə tuturlar. Ərməniyyəni idarə edənlər, idarəçiliyin başında duranlar türk mənşəli arşakilər idlər. Arşakilər sonrakı dönəmlərdə xristianlığı qəbul etdilər. Eyni zamanda, Ərməniyyə adlandırılan arşakilər sülaləsi ərsaklar idi. Yəni Sak türkləri. Onlar qıpçaq türkləri idilər. Bildiyimiz kimi, albanlar da, ərsaklar (qıpçaqlar) da xristianlığı qəbul etdilər. Ermənilərin isə nə Ərməniyyəyə, nə də o sülaləni idarə edən ərsaklara heç bir aidiyyəti yoxdur. Çünki bildiyimiz haylar özlərini hind-Avropa mənşəli hesab edirlər. Amma ərsaklar isə türk mənşəli idilər. Ona görə də ermənilərin Ərməniyyəni “Ermənistan” adlandırması və bunu kitablarda, internet resurslarında yerləşdirməsi tamamilə cəfəngiyyat və bir erməni uydurmasıdır. Onlar bununla tarixlərini qədimləşdirmək istəyirlər. Buna görə də istər Parfiya, istərsə də Midiya dönəmində olan türk mənşəli dövlətləri, sülalələri, Midiyaya bağlı ayrı-ayrı vilayətləri özlərinə aid edirlər. Bu cür cəfəngiyyatlar hay tarixçiləri tərəfindən 18-ci, 19-cu əsrlərdən formalaşdırılmağa başlayıb, bu gün də davam etdirilir”.

F.Ələkərli qeyd etdi ki, bəzi tarixçilər səhvən Albaniyanın, indiki Azərbaycanın qonşuluğunda “Ermənistan”ın olduğunu uydururlar. Onun sözlərinə görə, o dövrdə tarixdə Ermənistan yox, ermənilərə aidiyyəti olmayan Ərməniyyə dövləti mövcud idi. “Sonrakı dövrlərdə, xüsusən də Çar Rusiyası işğalından sonra bizim ölkəyə, ümumiyyətlə, Cənubi Qafqaza köçürülən ermənilər qıpçaq türklərinin tarixinə, mədəniyyətinə qarşı iddia irəli sürməyə və ona sahib çıxmağa başladılar. Ermənilərin internet üzrərindən həyata keçirdikləri saxtakarlıq, cəfəngiyyat dolu təbliğatı məhvə məhkumdur və bu öz nəticəsini verməyəcək. Onların məqsədi “Ermənistan dövləti”ni qədimləşdirmək cəhdləri ilə bağlıdır, halbuki, nə Cənubi Qafqazda, nə də başqa yerdə Ermənistan adlı dövlət olmayıb” – deyə F.Ələkbərli qeyd etdi.